AXCP də qeydiyyata alınmadı ...
Azərbaycan Xalq Cəbhəsi Partiyasının reyestrə daxil edilməsi ilə bağlı müraciətinə mənfi cavab verilib. “AzerTaym.az” qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə partiya sədri Əli Kərimli öz feysbuk hesabında məlumat yayıb. “Ədliyyə Nazirliyi neqativ cavabı bizə də göndərdi. Əvvəla, biz nazirliyə təqdim etdiyimiz reyestrdə 5315 nəfər AXCP üzvü haqqında məlumatlar təqdim etmişik. Nazirlik bizə cavabında yazır ki, bizim təqdim etdiyimiz reyestdə guya 5138 nəfər (177 nəfər az) haqda məlumatlar təqdim olunub. Sonra da nazirlik iddia edir ki, reyestrə daxil edilmiş 2497 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilmədiyindən dəqiqləşdirilməlidir. Necə dəqiqləşdirək? Haradan bilək ki, hansı partiya üzvünün məlumatı sizin tərəfdən düz kimi, hansının məlumatı “düzgün göstərilməyən” kimi qəbul olunur? Çatışmazlıq nədədir?” Ə.Kərimli əlavə edib ki, Ədliyyə Nazirliyi AXCP üzvlərinin reyestrində səhv, çatışmazlıq hesab etdiyi məlumatları dəqiq və ünvanlı göstərməlidir: “Bizim bilməyə haqqımız var ki, reyestrə daxil edilmiş partiya üzvlərindən konkret kimlər digər partiyaların üzvü hesab olunub, konkret kimlər AXCP üzvü olmadığını deyib Ədliyyə Nazirliyinə, hansı partiya üzvlərinin adı reyestdə təkrarlanıb. Təbii ki, Ədliyyə Nazirliyinə məktub göndərib, bizə detallı və əsaslandırılmış cavab verilməsini istəyəcəyik”. Qeyd edək ki, daha öncə REAL və Müsavat partiyaları da qeydiyyata alınmayıb.