“Qlobal güclərin bölgə uğrunda mübarizəsinin bizə qarşı təzyiqlər siyasətinə keçməsinə imkan vermək olmaz...”
Rəsmi maaşını İrəvandan alan Ermənistanın Xankəndindəki baş məmuru Araik Arutunyan dünən yerli televiziya ilə çıxış edib. Bir həftə əvvəldən bu çıxış üçün elə anonslar verilmişdi ki, guya Arutunyanın çox taleyüklü bir çıxışı olacaq və bu çıxışdan sonra Qarabağ ermənilərinin gələcək taleyi müəyyənləşəcək. Açığı, verilən anonslara və real vəziyyətə əsaslanıb, məntiqlə Arutunyanın çıxış yolu barədə praqmatik təkliflər irəli sürəcəyi ehtimal olunurdu. Araik çıxış elədi və.., indiyədək bütün ermənilərin dediklərini təkrar etdi. Yenə “genosid”, “etnik təmizləmə”, “humanitar fəlakət”, “2000 hamilə qadın” ( nə oldu, bunlardan heç doğub qurtaran olmadı ki, say dəyişmir) və bu qəbildən olan terminlər işlətməklə “məzlum, əzabkeş xalq” obrazı təsvir etməyə çalışıb, üstəlik, Vaqif Xaçaturyanı da unutmayıb. Çıxış yolunu isə dirənişi davam etdirməkdə gördüyünü elan edən Arutunyan əlavə şərt də irəli sürüb: “Bizə ünvanlanan istənilən təklif, ilk növbədə, ləyaqətimiz çərçivəsində olmalı, beynəlxalq humanitar norma və qaydalara uyğun olmalıdır. İstənilən həyati vacib təklif və ya qərar üçün xalqımızın hisslərini əks etdirən konsensusa malik olmalıyıq”. İrəvanın Xankəndindəki baş məmuru da, bu fikri tez-tez təkrar edən başqa erməni siyasilər və onlara havadarlıq edən Qərb və Rusiya rəsmiləri də bilməlidir ki, ləyaqət prinsipi yalnız bir qrup separatçıya aid deyil. Azərbaycan öz milli ləyaqət və dövlət qürurunu qorumaq üçün beynəlxalq hüquqla və tarixən ona aid olan torpaqlarını son qarışınadək heç kəsə güzəşt edəsi deyil. Bizim ləyaqətimiz başqalarının alçaldılmasına hesablanmayıb. Azərbaycanda yaşayan bütün etnik azlıqların hüquq və təhlükəsizliyi necə qorunursa, sayı Azərbaycanda yaşayan digər etnik azlıqlardan qat-qat az olan ermənilərin də hüquqları beynəlxalq hüquq və normalar çərçivəsində qorunacaq. Baxmayaraq ki, 1988-ci ildən başlayaraq ermənilər Azərbaycan xalqı qarşısında elə cinayətlər törədiblər ki, bəlkə də dünyanın heç bir xalqı bu cinayətləri törətmiş bir millətə qarşı bizim kimi humanist mövqedən yanaşmazdı. Bu da bizim xalqımızın “hisslərini əks etdirən konsensusdur”...
Ermənilər açıq etiraf edirlər ki, indiki vəziyyətə səbəb Laçın yolunun bağlanması deyil, Azərbaycanın birgəyaşayış təkliflərini qəbul etməməkdir. Xankəndindəki məmurcuqlar da, bütün ermənilər də Azərbaycanla bərabərhüquqlu subyekt kimi danışıqlar aparmaq istəyirlər. Baxmayaraq ki, 44 günlük müharibədən sonra havadarları da ermənilərə çatdırdılar ki, “plankanı aşağı salın”. Salmırlar...
Yaranmış situasiya ermənilərin arzuladıqları mənzərədir. Azərbaycanı qəddar obrazda təqdim edib, beynəlxalq ictimaiyyəti üzərimizə qaldırmaq... BMT-nin, NATO-nun və digər beynəlxalq qurumların hələlik “narahatlıqlarını” ifadə edən çağırışları perspektivdə maraqlarımıza uyğun olmayan duruma çevrilməməlidir. Qlobal güclərin bölgə uğrunda mübarizəsinin bizə qarşı təzyiqlər siyasətinə keçməsinə imkan vermək olmaz. “Humanitar böhran” adı altında siyasi konyukturanın böyüməsi problemin yenidən dondurulmasına gətirib çıxara bilər və bu ilk növbədə bölgəni tərk etmək istəməyən Rusiyanın maraqlarına uyğundur. Qərb isə nə qədər sülhdə maraqlı olsa belə, bu konyukturanı inkişaf etdirib ölmüş “status” məsələsini müzakirə predmetinə çevirməyə cəhd edə bilər. Hər iki xətt Azərbaycanın maraqlarına qətiyyən uyğun deyil...
Laçın yolunda tətbiq edilən məhdudiyyətlər istisna olmaqla düşmənin bu cür təxribat xarakterli təbliğatına qarşı hansı addımlar atılmalıdır ki, situativ mənzərə dəyişmiş olsun? Bəri başdan qeyd edək ki, Laçın yolu “Spayka” üçün qeyd-şərtsiz açılarsa, ermənilər bunu qələbə kimi vurğulayıb, mübarizə ilə çox hədəflərə nail olmağın mümkünlüyünü təbliğ edə bilərlər. Ağdam yolundan istifadə etmək, Ermənistandan gələn hər hansı bir yükə, o cümlədən humanitar yükə aid deyil. O yoldan istifadə şəraitini biz yaratmalıyıq. Azərbaycan Qarabağın erməni icması üçün humanitar malları real şəkildə nümayiş etdirməli və dünyaya informasiya çatdırmalıdır ki, heç kəsə humanitar fəlakət yaşatmaq niyyətində deyil. Yola beton plitələri də ermənilər özü düzüb. Bura Azərbaycanın ərazisidir və buradakı problemləri özümüz həll edə bilirik. Qarşı tərəf qəbul etmir və bunu “ləyaqət” prinsipi adı altında edirsə, deməli “ləyaqət” bəhanədir, onlar sülh istəmir və bunu heç də gizlətmirlər. Bir vacib tərəfi də qeyd etmək xüsusilə lazımdır ki, Xankəndi ermənilərinin böyük hissəsi Azərbaycanın tərkibində yaşamaq istəmir, eyni zamanda Qarabağı da tərk etmək fikrində deyillər. Separatçılar daha çox qisas və revanşist hisslərlə yaşadıqlarını gizlətmirlər. Ona görə də, “sadə ermənilər bizi gözləyir” rəyinin indiki situasiyada əsası yoxdur. Siyasətimiz reallığa hesablanmalıdır. Reallığın bir tərəfi də indiki həssas dönəmdə Qarabağın erməni icması üçün perspektiv humanitar layihələr, proqramlar barədə rəsmi çıxışlara yer verməkdir. Dünənə qədər bir-birinə güllə atan tərəflərdə inam, etibar tezliklə yaranmır və adətən məğlub tərəfin buna psixoloji ehtiyacı olur. Azərbaycan həm də böyüklüyünü, qalibliyini nümayiş etdirməlidir...
Ardınca tələblərimizi irəli sürməliyik, hər zaman təkrar etdiyimiz tələblərimizi. Amma, bu dəfə vaxt verib xəbərdar etmək şərtilə. Erməni silahlı qüvvələri çıxarılır, təhlükəsizlik şərtlərinə əməl etməklə qaçqınlarımız doğma evlərinə qayıdırlar. Amnistiya təklifi də hələlik qüvvədə qalır. Əks halda axtarışda olanları Vaqif Xaçaturyanın aqibəti gözləyir...
İlham İsmayıl