7 FEVRAL: Sabahdan Azərbaycanda nə dəyişəcək?

7 fevral: Sabahdan Azərbaycanda nə dəyişəcək?

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Ölkənin müxtəlif yerlərində seçicilər seçki məntəqələrində səs verirlər. Budəfəki seçkilər Azərbaycanın müstəqillik tarixində ilk dəfə ölkənin bütün ərazilərində baş tutur və bu baxımdan əvvəlki seçkilərə nisbətən daha çox önəm daşıyır. 

Seçkilərdən sonra ölkənin siyasi, sosial və mədəni həyatında müxtəlif yeniliklər və dəyişikliklər proqnozlaşdırılır. 

Azərbaycanın keçmiş xarici işlər naziri, 2005-2010-cu illərdə Latviyada, 2007-2015-ci illərdə Estoniyada fövqəladə və səlahiyyətli səfiri olan Tofiq Zülfüqarov seçki sonrası gözləntilərini Yenisabah.az-la bölüşüb. O, istər daxili, istərsə də xarici siyasətdə bir sıra yeniliklərin olacağını bildirib: 

“İdarəetmə üsullarının daha da təkmilləşdirilməsi, dövlət və vətəndaşlar arasında lazım olmayan, hansısa maneələr törədən strukturların neytralizasiyası və hansısa optimal variantların icrası gözləntilər arasındadır. Bu baxımdan hesab edirəm ki, görüləsi işlər çoxdur. Xarici siyasətdə istiqamətlər artıq bəllidir. Onların praktik şəkildə icrası Azərbaycan üçün aktualdır və siyasi iradə olduğu halda icra etmək mümkün olacaq”. 

Tofiq Zülfüqarov əhalinin işğaldan azad edilmiş ərazilərə köçürülməsinin başlıca məsələlərdən biri olduğunu qeyd edib: 

“İlk növbədə Ermənistan və Azərbaycan arasında post-konflikt vəziyyəti nəzərdə tuturam. 30 il işğal altında olmuş ərazilərin Azərbaycan qayıtması və əhalinin tez bir şəkildə həmin ərazilərə köçürülməsi ən aktual məsələlərdən biridir. Hətta deyərdim ki, bu, bir növ milli ideya kimi qəbul oluna bilər. Ən əsas odur ki, bunun nəticəsində Azərbaycanda insanların ideologiyası, təffəkürü müsbət dəyişikliklərlə müşayiət oluna bilər. Məsələn, müharibədən sonra sosial və siyasi pessimizm yavaş-yavaş qalib millət ideologiyası ilə əvəzlənir. Daha çox müxtəlif təbəqələrin birləşməsi müşahidə olunur. Hesab edirəm ki, bu çox yaxşı haldır. Bu bizə gələcəkdə müəyyən edilmiş hədəflərə çatmaqda şərait yaradacaq”. 






Fikirlər