Bir vaxtlar dost idilər, indi ona “dəli” deyir

Bir vaxtlar onun tərəfdarı idi, amma indi prezidentlik uğrunda mübarizədə əsas rəqiblər olacaqlar. Söhbət Donald Tramp və ABŞ prezident seçkilərində demokratları təmsil etmək niyyətində olduğunu artıq açıq şəkildə bildirən Kamala Harrisdən gedir.

Yenisabah.az xəbər verir ki, bu barədə “Newsweek” nəşri yazıb.

Amerika KİV-i qeyd edib ki, Tramp keçmişdə 2 dəfə Harrisin kampaniyasını maliyyə ianələri ilə dəstəkləyib.  2011-ci il sentyabrın 26-da Tramp ona 5 min dollar, 2013-cü il fevralın 20-də isə daha min dollar köçürüb. Həmin vaxt Kamala Harris Kaliforniya Baş prokuroru vəzifəsinə namizədliyini irəli sürürdü.

Tramp indi əvvəlki simpatiyalarını unudub. Miçiqan ştatında keçirilən seçki kampaniyası zamanı o, Harrisi gülüş tərzinə görə "dəli" adlandırıb.

Harrisin seçki kampaniyasına təkcə Trampın özü deyil, qızı İvanka Tramp da pul bağışlayıb. Bu, 2014-cü ildə baş verib, İvanka Tramp Harrisi dəstəkləmək üçün 2 min dollar köçürüb.

Eyni zamanda, Harrisin nümayəndələri nəşri əmin ediblər ki, onlar Trampdan və ya onun qohumlarından ianə istəməyiblər.

Əvvəllər Tramp tez-tez demokratları dəstəkləmək üçün pul bağışlayırdı. Belə ki, o, 2001-ci ildə o vaxtkı senator Co Baydenin kampaniyasına min dollar ayırıb.






Fikirlər