QƏRB ÜÇÜN HƏR ŞEY PLAN ÜZRƏ GEDİR... – Harris-Tramp debatı Ukrayna üçün nəyisə dəyişdimi?

ABŞ-də prezident seçkiləri öncəsi namizədlər arasında keçirilən ilk debatda kimin qalib gəlməsi barədə mətbuatın çıxardığı rəy real həqiqəti əks etdirməyə bilər. Çünki ABŞ-dəki KİV-lərin böyük əksəriyyəti Demokratlar Partiyasının tərəfini tutur.

Heç şübhə yoxdur ki, obyektiv səbəblər üzündən bu debata Amerika seçicilərinin bəlkə də gözləniləndən daha az hissəsi baxıb. Müasir dünyada KİV-lərin beyinlərə təsiri insanların özlərinin düzgün qərar verməsini əngəlləyir. İndi yazırlar ki, Kamala Harris böyük üstünlüklə qələbə qazandı. Sanki söhbət hansısa idman yarışından gedir. Axı, bunu necə hesablayıblar?

Məsələn, ”CNN”-in qiymətləndirməsinə görə, seçicilərin 63%-i Harrisin, 37%-i isə Trampın üstün olduğu fikrindədir. Demokratların ən böyük ruporlarından biri olan “The New York Times” qəzeti 14 tanınmış politoloq arasında sorğu keçirib və onların yalnız biri Trampın debatda qalib gəldiyini deyib, qalanları isə Kamala Harrisi üstün göstəriblər. Bəllidir ki, yuxarıda adı çəkilən hər iki KİV orqanı daim demokratları dəstəkləyib və bu kimi manipulyatıv təsir üsulları obyektiv nəticəni ortaya qoymur. Buradakı başlıca niyyət isə qərarsız və öz fikri olmayanları müxtəlif sosial-psixoloji fəndlərlə təsir altına salmaqdan ibarətdir. Bu debatın mahiyyətini anlamaq üçün ABŞ-nin siyasi, iqtisadi və sosial həyatı barədə müəyyən səhih məlumatlara malik olmaq vacib şərtdir. Debatın təşkili və qaydaları primitiv əsaslara dayanır. Fundamental məsələlər üçün iki dəqiqə vaxt ayrılması ondan xəbər verir ki, debatlardakı namizədlərin başlıca məqsədi hansısa problemin kökünə getmək yox, rəqibə qarşı daha fəndgir üsullardan istifadə yoluyla seçicilərin rəğbətini öz tərəfinə çəkməkdir. Ona görə də bu debat hər iki namizədin populist olmasını aydın şəkildə göstərməklə yanaşı, “döyüş”ün heç-heçə bitməsi kimi dəyərləndirilə bilər.

Beynəlxalq analitikləri ABŞ-də cərəyan edən hadislərə münasibətlə bərabər, bu debatda namizədlərin Ukrayna ilə əlaqədar hansı plana malik olmaları da maraqlandırırdı. Moderatorun “Siz müharibədə Ukraynanın qalib gəlməsini istəyirsinizmi” sualına Trampın verdiyi cavab ağıllarda “Tramp Putini dəstəkləyir” fikrini oyandırır. Ancaq Trampı nə Rusiya, nə də Ukrayna maraqlandırır. O, seçkidə qalib gəlmək istəyir və düşünür ki, ən yaxşısı ABŞ seçicilərini nüvə müharibəsi təhlükəsi ilə qorxutsun. ABŞ seçicisini Rusiya - Ukrayna müharibəsindən daha çox ölkənin daxili problemləri maraqlandırır. Ona görə də Ukrayna barəsində söylənilənlər onun reytinqinə ciddi təsir etməyəcək. Amma Tramp Ukraynanın qalib gəlməsi ilə bağlı sualdan konkret olaraq yayındı və amerikalıları üçüncü dünya müharibəsi təhlükəsi ilə qorxutdu.

Tramp göstərmək istəyir ki, baxın, nüvə silahına malik bir ölkə ilə gərginlik yaratmaq bizim xeyrimizə olmaya bilər və bu müharibəni yalnız mən durdura bilərəm. Dolayı yolla bildirmək istəyir ki, əgər mənə səs versəniz, sizləri real təhlükədən xilas edərəm. Əlbəttə, bu bir siyasi gedişdir. Lakin Trampın söylədiyi fikirlər çox bayağı səslənirdi. Həm də onun ABŞ-nin Ukraynaya indiyədək guya 250-270 milyard dollarlıq yardım göstərməsi ilə bağlı səsləndirdiyi sözlər qətiyyən reallığı əks etdirmir. O, öz növbəsində Ukraynaya lazımi səviyyədə kömək etmədiyi üçün Avropanı ittiham etdi. Halbuki, Amerika ilə müqayisədə Avropa Ukraynaya daha çox yardım göstərib.

Öz növbəsində Kamala Harris Trampın bu barədə səhv məlumat verdiyini demədi, çünki bu, Bayden administrasiyasının işinə xələl gətirərdi. Əsl həqiqətdə ABŞ Ukraynaya heç 100 milyard dollar dəyərində də yardım etməyib.

Debat zamanı çoxsaylı məsələlərə toxunuldu. Ancaq hər iki namizəd çıxışlarını səs uğrunda mübarizə platforması üzərində qurmuşdu və bu da təbiidir.

Əslində, həm Tramp, həm də Harris Ukraynanın müharibədə qələbəsinin təminatçısı ola bilməzlər. Bu gün Ukrayna ilə Rusiya arasındakı müharibədə ABŞ dövlətinin böyük geostrateji məqsədi öndə dayanır. Bu məqsəd respublikaçıların və demokratların siyasi iradəsinin üzərindədir. Baydenin Rusiyaya münasibətdə apardığı siyasəti Trampın köklü surətdə dəyişəcəyi inandırıcı görünmür. Əgər ABŞ “dərin dövləti” istəsəydi, bu müharibə hələ 2022-ci ildə Ukraynanın xeyrinə bitərdi.

Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, Ukrayna Qərbin dəstəyini mütləq almalıdır, amma bununla yanaşı, bütün ümidlərini tam olaraq onlara bağlamaqla strateji səhvə yol vermiş olar.

Hazırda Ukrayna Qərbin gözlədiyinin əksinə olaraq, Rusiyanın zəif yerlərini müəyyənləşdirə bilib və həmin yerlərə ağrılı zərbələr endirir. Belə ki, Rusiyanın infrastruktur obyektlərinə vurulan dron zərbələri öz bəhrəsini verməyə başlayıb. ABŞ-nin “The Washinqton Post” qəzetində verilən məlumata görə, infrastruktur obyektlərinə qarşılıqlı hücumların dayandırılması ilə bağlı Rusiyanın danışıqlara getməsi və Sergey Şoyqunun da bunu təsdiqləməsi çox mətləblərdən xəbər verir. Rusiya müxtəlif tip raketlər və “Şahed” dronları ilə Ukraynanın infrastruktur obyektlərini sıradan çıxardığı və Kiyev şəhərinin elektriksiz qaldığı vaxtlarda Ukrayna hələ bu cür dronlar istehsal edə bilmirdi. Moskva şəhəri başda olmaqla Rusiyanın mühüm hərbi və mülki obyektləri dron zərbələrinə məruz qalandan sonra Kreml hiyləyə əl atmağa başlayıb. İndi onlar gizli sövdələşmələrlə yanaşı, hansısa sülh danışıqlarından söhbət salırlar. Çünki yaxşı anlayırlar ki, dronların Moskvaya uçuşu intensivləşəcək və əlavə olaraq Qərb öz istehsalı olan uzaq mənzilli raketlərilə Rusiyanın dərinliklərinə zərbələr endirilməsinə razılıq verəcək. Artıq bu məsələ ətrafında müzakirələr aparılır.

Ümumiyyətllə, Ukraynaya silah verilməsi məsələsində həmişə belə olub. Əvvəl “qırmızı cizgi” barəsində səs-küy qaldırılıb və “yox” deyilib, sonra mövqe yumşaldılıb və müzakirələr başlayıb. Nəhayət, uzun süründürməçilikdən sonra razılıq verilib. Britaniyanın “The Guardian” qəzetinin məlumatına görə, Britaniya hökuməti “Storm Shadow” qanadlı raketindən Rusiyaya zərbələr endirlməsinə razılıq verib. Amma ABŞ Dövlət katibi Entoni Blinken və onun britaniyalı həmkarı Devid Lemminin Zelenski ilə görüşündən sonra bəlli olub ki, bu məsələ hələ də müzakirə mərhələsində ilişib qalıb. Eyni zamanda, Vladimir Putin zərbələrə icazə verilməsinə təhdidlə cavab verib.

Aydındır ki, bütün proses Qərbin “müharibənin uzadılması strategiyası”na uyğun şəkildə gedir və həmin paradiqmaya müvafiq davranılır.

“AzPolitika.info”

 

 






Fikirlər