Gələn il Azərbaycanla Ermənistan arasında müharibə ola bilər: Risk bu ərazilərlə bağlıdır

Gələn il Azərbaycanla Ermənistan arasında müharibə ola bilər: Risk bu ərazilərlə bağlıdır

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

 

- Azərbaycanla Ermənistan arasında sülh sazişindən öncə hansısa ilkin sənədin imzalanmasından danışılır. İlkin razılaşma sənədində hansı məsələlər əks oluna bilər?

- Kazanda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüş hər iki liderə ABŞ prezidenti Cozef Baydenin ünvanladığı məktubdan sonra baş tutdu. Amerikanın fəallığı, Rusiyanın “tərəflər ancaq iki formatda bir araya gəlməlidir” bəyanatları fonunda müxtəlif proseslər müşahidə edilir. Ermənistan və ABŞ bu ilin əvvəlindən çalışırdı ki, il ərzində Azərbaycanla sülh müqaviləsi imzalansın. Hətta bununla bağlı Bakıya ciddi təzyiqlər də edilirdi. Amma Baydenin son məktubunda qeyd edilir ki, Amerika da kompromisə hazırdır və yaxud, digər şəkildə sənədin imzalanması məqbul sayıla bilər.

- Kompromis variant kimi nəyi önə çəkirlər?

- Məhz Kazan görüşündə sülh müqaviləsi terminindən deyil, münasibətlərin normallaşdırılmasına dair ifadədən istifadə edilməsi bunu ehtiva edir. Bu fakt göstərir ki, əslində Ermənistan və ABŞ Azərbaycanın bu ilin əvvəlində təklif etdiyi məsələyə qayıdır. Bu da ondan ibarətdir ki, sülh müqaviləsinin imzalanması mümkün olmasa, münasibətlərin normallaşdırılmasına dair hər hansı paraflanmış bir sənədin imzalanması da məbul sayılır. Azərbaycanın bir müddət əvvəl təklif etdiyi tezis də bundan ibarət idi.

- Bakının təklifinə qarşı tərəfin münasibəti necə olacaq?

- Faktiki olaraq Vaşinqton və İrəvan rəsmi Bakının prinsipial mövqe tutmasını görərək, geri çəkildi. Beləliklə, hər iki tərəf Azərbaycanın təklifi ilə razılaşdı. Bununla bağlı heç bir tərəfdən rəsmi məlumat yoxdur. Belə guman edilir ki, bu ilin sonuna kimi Azərbaycanla Ermənistan arasında hansısa bir paraflanmış sənəd imzalansın.

- Bununla bütün problemlərin aradan qalxması ehtimalı nə dərəcədə realdır?

- Bu sözsüz ki, sülh müqaviləsi və yekun bir nəticə deyil. Azərbaycanla Ermənistan arasında problemlər qalmaqdadır. Bu problem ondan ibarətdir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını davam etdirir.

- İrəvana edilən davamlı hərbi yardımlar prosesə necə təsir edə bilər?

- Ermənistanın hərbiləşdirilməsi də burada əsas problemlərdən biri hesab edilir. Faktiki olaraq bu gün Ermənistan ərazisi kütləvi şəkildə hücum silahları ilə doldurulur. Hətta iki gün öncə Hindistanın açıqladığı statistikda ən çox silah satılan ölkələr arasında Ermənistan məhz ABŞ və Fransa ilə bir yerdə göstərilir. Bu isə ciddi rəqəmlərdən xəbər verir. Həmçinin Ermənistanda Fransaya məxsus hərbi texnikaların da sayında artım var.

- Bu halda sülh ehtimalı ilə yanaşı müharibə riski də real görünür...

- Əgər sülh müqaviləsinin imzalanması ehtimalı yoxdursa, müharibənin başlanması ehtimalı var. Ona görə də, vəziyyətin hansısa mənada məcradan çıxması mümkündür. Çünki bir tərəfdə real olaraq paraflanmış sülh sənədinin imzalanması ehtimalı olduğu halda, digər tərəfdə gələn ilin Azərbaycanla Ermənistan arasında şərti sərhəddə vəziyyətin gərginləşməsi ehtimalı da az deyil.

 






Fikirlər