MÜHARİBƏ anonsu:üç ölkədə “Çemberlen xofu” yaşanır – Rusiya hücuma keçir?

WhatsApp Image 2025 03 03 at 12.36.32

Fransa Prezidenti Emmanuel Makronun son açıqlaması birmənalı qarşılanmayıb. Belə ki, o, Rusiyanın tezliklə dayandırılmalı olduğunu, əks halda Ukraynadan sonra Moldova və Rumıniyanı hədəf seçəcəyini bildirib. Kremlin NATO ölkələrinə hücum edib-etməyəcəyi isə sual doğurur.

Bu ehtimal realdırmı? Qərbin buna reaksiyası necə olar?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, Rusiyanın Ukrayna müharibəsi bitəndən sonra ehtimal olunan növbəti hədəfləri Avropada narahatlıq yaradır:

“Şərqi Avropa ölkələri, Moldova, Polşa və Rumıniyaya hücumdan ehtiyat edirlər. Onlarda “Çemberlen xofu” var. Bunun mahiyyəti nədir? 1938-ci ildə Münhen razılaşması oldu. Burada Böyük Britaniyanın Baş naziri Nevill Çemberlen, Fransa (Eduard Daladye), İtaliya (Benito Mussolini) və Almaniya (Adolf Hitler) liderləri iştirak edirdi. Hitler o vaxt bildirdi ki, Çexoslovakiyanın Sudet əyaləti Almaniyaya verilərsə, hücumları Avropaya doğru genişləndirməyəcək. Britaniya və Fransada arxayınlıq yaransa da, bu, baş vermədi. Əksinə, Sudet verildikdən sonra Nasist Almaniyasının iştahı daha da artdı. Nəticədə İkinci Dünya müharibəsi başladı və Almaniya xeyli Avropa ölkəsini işğal etdi. İndi də qorxurlar ki, Ukrayna əraziləri Rusiyaya güzəştə gedilsə, Kreml daha çox şey istəyə bilər”.

Sultan Zahidov

Sultan Zahidov

Politoloq qeyd edib ki, buna görə Avropa hərbi imkanlarını artırmağa çalışır:

“Rusiya 3 ildir müharibə aparır, iqtisadiyyatında müəyyən problemlər var, hərbi cəhətdən zəifləyib. İndiki halda Ukraynadan sonra Şərqi Avropaya hücum etməsi inandırıcı görünmür. Rusiyanın indiki hərbi imkanları ilə o vaxtkı Almaniyanın hərbi imkanları eyni səviyyədə deyil. Moldova istisna olmaqla Şərqi Avropa ölkələrinin, demək olar, hamısı NATO ölkəsidir. Sözügedən ehtimal Alyansın bütün üzvlərinə hücum deməkdir. Rusiya belə riskə girərsə, bütün NATO üzvləri, eləcə də ABŞ əks hücuma keçə bilər. Rəsmi Moskvadan belə addım gözləmirəm”.






Fikirlər