Qubad İbadoğlu AZƏRBAYCANA qayıdır
“ABŞ-dan vətənə həm gerçək, həm də məcazi mənada Azadlığın bitdiyi və başladığı yeri ziyarət edib qayıdıram”. “Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri, ABŞ-ın Duke Universitetinin professoru Qubad İbadoğlu bunu Nyu-York şəhərindəki Azadlıq heykəlini ziyarət edəndən sonra "feysbuk"dakı şəxsi səhifəsində yazıb. Qeyd edək ki, yanvar ayında Bakıya qısamüddətli gəlişi zamanı Q.İbadoğlu mediaya müsahibəsində yaz aylarında Azərbaycana dönəcəyini demişdi. Qubad İbadoğlu musavat.com-a bildirib ki, hazırda Nyu-Yorkdadır və Bakıya uçmağa hazırlaşır: “Mən artıq 1 ildir ki, ABŞ-dayam. Buradakı səfər proqramım iki hissədən ibarət oldu. Birinci proqram çərçivəsində Vaşinqton şəhərində oldum. Oradakı proqramım demokratiya dəstək olan yerli və beynəlxalq təşkilatlarla əlaqələrin qurulması və bu sahədə həm analitiklərlə, həm də qərar qəbul edənlərlə müzakirələrin aparılmasına həsr olunmuşdu. İkinci proqramın ABŞ-ın nüfuzlu Duke Universitetində idi. Həmin Universitetin İqtisadiyyat departamentinin professoru olaraq ötən 6 ay ərzində həm pedaqoji və həm də tədqiqat fəaliyyəti ilə məşğul oldum”. Q.İbadoğlu əlavə edib ki, ona ABŞ-da qalmaq təklifi olsa da, imtina edib: “Proqramımın ən azı bir tədris ili müddətinə uzadılması təklif olunsa da, Azərbaycana qayıtmağa və Vətəndəki fəaliyyətimi davam etdirməyə üztünlük verdim. Odur ki, martın sonunda Bakıya qayıdıb, aprelin 1-dən başlayaraq əvvəlki fəaliyyyətimi davam etdirəcəm”. Q.İbadoğlu Azərbaycanda yenə də ictimai və pedaqoji sektorlardakı işlərini davam etdirəcək: “Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşkilatlanması, şəffaflıq və hesabatlıq sahəsində mövcud təşəbbüslərin yerli, regional və beynəlxalq səviyyədə dəstəklənməsi, eləcə də elmi-pedaqoji və analitik mərkəzlərlə əməşdaşlıq sahəsində işlərimi davam etdirəcəyəm”.