Bakıda gənclərin məşğulluğunun yeni formaları üzrə BEYNƏLXALQ KONFRANS keçirilir
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nəzdində fəaliyyət göstərən “Şıxov” sanatoriyasında gənclərin məşğulluğunun yeni formaları üzrə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Pan-Avropa Regional Şurasının ikigünlük beynəlxalq konfransı işə başlayıb. AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev konfransda müasir dövrdə gənclərin qarşılaşdığı problemlərdən danışıb, onlardan birinin də işsizlik olduğunu bildirib. Azərbaycanda gənclərin işsizlik probleminin həlli üçün görülən işlərdən söz açan AHİK sədri bu sahədə xeyli nailiyyətin əldə edildiyini diqqətə çatdırıb. S.Mehbalıyev vurğulayıb ki, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının başlıca istiqamətlərindən biri əmək ehtiyatlarından səmərəli istifadəyə şərait yaradılmaqla əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsidir. Yoxsulluğun azaldılması və davamlı inkişaf, regionların sosial-iqtisadi tərəqqisi, habelə məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət proqramları, 2004-cü ildən bəri 1,5 milyon iş yerinin yaradılması ölkədə əmək qabiliyyətli əhali arasında məşğulluq səviyyəsinin 95 faizədək yüksəlməsinə imkan verib. Hazırda respublikada işsizlik səviyyəsi beş faizdən bir qədər çox, gənclər arasında isə təqribən on faiz təşkil edir. Əldə edilən bu uğurlara görə ölkəmiz Beynəlxalq Əmək Təşkilatı tərəfindən dünyada on lider ölkə sırasına daxil edilib. Azərbaycanda 15-29 yaşlı gənclər ümumi əhalinin 29,3 faizini, məşğul əhalinin isə 24,4 faizini təşkil edir. Konfederasiya sədri bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə mövcud demoqrafik meyillər və inkişaf perspektivləri, iqtisadi prioritetlər əsasında uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması üçün Məşğulluq Konsepsiyası layihəsinin hazırlanması barədə müvafiq tapşırıq verilib. 2016-2025-ci illəri əhatə edəcək Konsepsiya layihəsinin hazırlanması üçün yaradılmış İşçi Qrupunda ümumilikdə 21 aidiyyəti dövlət orqanı və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası daxil olmaqla sosial tərəfdaşlar təmsil olunur. S. Mehbalıyev qeyd edib ki, AHİK-in müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla əlaqələri, həyata keçirilən layihələr, gənclər siyasəti ilə bağlı tədbirlərin təşkili sahəsində qazanılmış təcrübə Konfederasiyanın belə konfranslara və toplantılara yüksək səviyyədə ev sahibliyi etməsinə imkan yaradır. Gənclərin problemlərinə həsr olunan mötəbər tədbirlərdə həmkarlar ittifaqlarının gənc liderlərinin iştirakı ilbəil artır. Qonaqlar çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirib, müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini səsləndirilib, yaradılmış işçi qruplarda müzakirələr aparılıb.