Qulu Məhərrəmli Cavanşir Quliyevlə Fazil Mustafanı “BARIŞDIRIB”
“Günaz TV” internet kanalında Əməkdar jurnalist Qulu Məhərrəmlinin təqdimatında yayımlanan “Mətbuat aynasında” verilişinin ötəngünkü buraxılışı Bayraq bayramına həsr olunub. Proqramın qonağı millət vəkili Fazil Mustafa olub. Proqram bitdikdən bir neçə saat sonra Q.Məhərrəmli verilişin linkini öz “Facebook” səhifəsində paylaşıb. Türkiyədə yaşayan azərbaycanlı bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev həmin paylaşımına şərh yazaraq deputat Fazil Mustafanı tənqid edib. “Qulu, bu adam Üzeyir bəyin yaratdığı o gözəl himni sevmir və bunu açıq bəyan edir. Xəbərin varmı? Himn qəbul olunarkən (1992) orda idi (hökumətdə) və susdu”, - deyə C. Quliyev qeyd edib F.Mustafa bəstəkarın tənqidi şərhinə münasibət bildirib: “Qulu Məhərrəmli bizim bayraqla bağlı “GünazTV”-də getmiş müsahibəmizi paylaşıb. İçi bəstəkar Cavanşir Quliyev olmaqla, bir qrup geri zəkalı fikirləri dinləmədən barəmizdə önyarğılı şərhlər yazıblar. Bu adamlar uzun illər xaricdə yaşasalar da, bir arpa boyu ağıllanmayıblar”. Daha sonra C. Quliyev də F. Mustafaya cavab verib və tərəflər arasında mübahisə daha da qızışıb. Məsələ ilə bağlı Qulu Məhərrəmli Modern.az-a açıqlama verib. O bildirib ki, tanınan şəxslər polemikada çox diqqətli olmalıdırlar: "Azərbaycan cəmiyyəti əsəb gərginliyi içərisində olan cəmiyyətdir. İnsanlar sözləri nə yumşaq tərzdə deyə bilir, nə də onu bu şəkildə qəbul etmək olur. Amma mən həm Cavanşir Quliyevlə, həm də Fazil Mustafa ilə danışdım və mübahisəni dayandırmalarını xahiş etdim. Əgər himni, onun sözlərini müzakirə etmək istəyriksə, bunun başqa formatda etmək olar. Tanınan şəxslər polemikada çox diqqətli və nümunəvi olmalıdırlar. Bəzən belə mübahisələr diqqəti əsas predmetdən yayındırır. Hər kəsin öz arqumentləri, iradları var və bunu bildirirlər. Sadəcə olaraq bizdə bu cür diskussiyaları aparmaq üçün şərait yoxdur. Ona görə adamlar hər düşən fürsətdən istifadə edir, özünü göstərir, fikirlərini ifadə edir. Problem bundadır”. Q.Məhərrəmli himnlə bağlı səsləndirilən fikirlərdən də söz açıb: “Bu məsələdə hakim rolunu oynamaq çox çətindir. Mən orda da yazdım ki, biz bunu müzakirə etməkdənsə, uşaqlarımıza əllərini ürəklərinin üstünə qoyub himn oxumağı öyrədək.Cavanşir Quliyev arqumentlər irəli sürür və hesab edir ki, haqlıdır. Eləcə də Fazil Mustafa məsələyə başqa cür yanaşır. Hər ikisi ilə yaxşı münasibətim var. Cavanşirlə əlaqələrim daha qədimdir. Hesab edirəm ki, o, Azərbaycanın çox böyük bəstəkarlarından biridir. Fazil Mustafa da hazırda cəmiyyətdə ən fəal düşüncə adamıdır. Bütün hallarda insan nə qədər təmkinli olsa, o qədər üstünlüyü olur”.