Qərb Universitetində "Səfir saatı” - FOTOLAR
Qərb Universiteti tələbələrinə diplomatlarla birbaşa ünsiyyət yaratmaq, Azərbaycanın xarici əlaqələri və s. haqqında daha ətraflı məlumatlar əldə etmək imkanı yaratmaq məqsədi ilə "Səfir saatı” layihəsi çərçivəsində Azərbaycandakı səfirliklərlə əməkdaşlıq edir. AzerTaym.az-ın verdiyi məlumata görə, bu layihə çərçivəsində 29 noyabr 2016-cı il tarixində Qərb Universitetində Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Əbdül Kərimin və Azərbaycan Respublikasında BMT-nin Rezident əlaqələndiricisi cənab Qulam İshaqzainin "29 noyabr Fələstin xalqı ilə Beynəlxalq həmrəylik günü” mövzusunda professor-müəllim və tələbə heyəti ilə görüşü təşkil olunub. Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Əbdül Kərim Fələstinin tarixi aspektlərinə nəzər saldı, dövlətinin xarici və daxili siyasətinin əsas xüsusiyyətlərindən danışdı. Beynəlxalq müstəvidə Azərbaycan və Fələstin dövlətlərinin qarşılıqlı münasibətlərindən söz açıb. Çıxışının sonunda səfir tələbələrin çoxsaylı suallarını cavablandırıb və bir sıra məsələləri şərh edib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasında BMT-nin Rezident əlaqələndiricisi cənab Qulam İshaqzai Fələstin dövlətinin prezidenti Mahmud Abbasın Fələstin xalqı ilə Beynəlxalq həmrəylik günü ilə əlaqədar bəyannaməsini tədbir iştirakçılarına çatdırıb. Və öz adından Fələstin xalqını bu bayram münasibətilə təbrik edib. Tədbirin sonunda qonaqlar Qərb Universiteti ilə yaxından tanış oldu, yeni fəaliyyətə başlayan BMT Depozitariya Kitabxanası qonaqlarda xüsusi maraq doğurub.