ƏFLATUN AMAŞOV XƏBƏRDARLIQ etdi

“Bəzi “reket nəşr”lər və onlara yaxın adamlar Azərbaycan Mətbuat Şurasının adından sui-istifadə edərək, ayrı-ayrı vətəndaşların etimadını qazanmaq, bununla da özlərinin maddi maraqlarını gerçəkləşdirmək yolu tuturlar. Belə faktlara əvvəllər də rast gəlinib və hüquqi müstəvidə müvafiq ölçü tədbiri götürülüb”.

Bu sözləri Modern.az-a Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkələrdə "Mətbuat və Mətbuat Şurasının dostu" adlı qondarma mükafatın verildiyi barədə yayılan xəbərə münasibət bildirirkən deyib.
Ə.Amaşov deyib ki, bir müddət öncə guya Mətbuat Şurasına məxsus olduğu iddia edilən jurnalist vəsiqələrinin kimlərəsə satıldığına dair məlumat əldə ediblər.

Həmin vəsiqələr tərəfimizdən Facebook sosial şəbəkəsində yayımlandı, onların Şuraya məxsus olmadığı vurğulandı. Bununla əlaqədar müxtəlif internet media resurslarında xəbərlər yer aldı. Ardınca hüquq-mühafizə orqanları hərəkətə keçdi və Mətbuat Şurasının adından saxtakarlıq edən şəxslər saxlanıldı.

Bu gün isə Facebook-da qondarma bir mükafatın şəkli paylaşılıb. Təbii ki, Mətbuat Şurasının üzərində şəkildə gördüyünüz formada və məzmunda hər hansı mükafatı yoxdur, heç zaman da olmayıb. Belə görünür, Şuranın adından yararlanaraq özlərinin lokal maraqlarını reallaşdırmaq yolu tutan kimlərsə yenə də «fəaliyyətdədir».

Qətiyyətlə bildiririk ki, bu cür saxtakarlığa yol verən, Mətbuat Şurasının cəmiyyətdəki nüfuzuna xələl gətirməyə çalışan şəxslər qanunlarımız çərçivəsində cəzalanacaqlar. Bu öz yerində. Təəssüf ki, dələduz təfəkkürün məhsulu kimi meydana çıxdığı şübhə doğurmayan belə neqativ nümunələri Mətbuat Şurasına ünvanlanmış sətiraltı ifadələrlə, eyhamlarla bəzəyərək cəmiyyətə çatdırmaq yolu tutanlar da var. Belələrini şəkildə gördüyünüz mükafatı «dövriyyəyə buraxanlardan» müsbət mənada fərqləndirməkdə çətinlik çəkirəm. Gəlin, ədalətli olaq!”.

AzerTaym.az

 






Fikirlər