Qərb Universiteti PSUAD-la əməkdaşlığa başladı FOTOLAR

Qərb Universiteti PSUAD-la əməkdaşlığa başladı FOTOLAR

Bu gün Qərb Universitetində Paris-Sorbon Əbu-Dabi Universitetinin (PSUAD) fransız dili təməl mərkəzinin açılış mərasimi keçirilib.

AzerTaym.az-ın xəbərinə görə, açılış mərasimində Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Orelia Buşez, Qərb Universitetinin rektor əvəzi Zemfira  Məmmədova, Parsi-Sorbon Əbu-Dabi Universitetinin rektoru Erik Fuaş, Parsi-Sorbon Əbu-Dabi Universitetinin biznes inkişafı üzrə məsləhətçisi İmran Muxtarov və digərləri iştirak ediblər.

Açılış mərasimi ilə bağlı keçirilən tədbirdə ilk çıxış edən Qərb Universitetinin rektor əvəzi Zemfira Məmmədova bildirib ki, yarandığı gündən dünyanın aparıcı elm və təhsil mərkəzləri ilə əməkdaşlıq layihələri quran Qərb Universiteti Parsi-Sorbon Əbu-Dabi Universitetinin qapılarını Azərbaycanlı tələbələrin üzünə açır. Əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edən Z.Məmmədova söyləyib ki, bu əməkdaşlıq həm təhsil, həm də elm sahəsində daha artıq nailiyyətlər əldə etmək imkanı verəcək.

Qonaqlara Qərb Universiteti haqqında məlumat verən rektor əvəzi bildirib ki, 2016-cı ildə 25 yaşını qeyd edən ali təhsil ocağı Azərbaycanın ekologiya  və təbii sərvətlər naziri Hüseynqulu Bağırov tərəfindən yaradılıb: “25 il ərzində xüsusi fəallığı ilə seçilən ali məktəbimiz bu illər ərzində maddi-texniki bazasını da gücləndirib. Qərb Universiteti Respublikadan kənarda da özünü tanıda bilib. Müxtəlif beynəlxalq universitetlərlə əlaqələr yaranıb ki, bu əlaqələr ali məktəbə əlavə təcrübə qazanmaq imkanı yaradıb. Qərb Universitetinin tələbələri ölkəmizdə ən yüksək postlarda və dövlət qurumlarında fəaliyyət göstərirlər”.

Z.Məmmədova vurğulayıb ki, Qərb Universitetində təhsil alan tələbələrin 30-40 faizi təhsillərini xarici universitetlərdə davam etməyə üstünlük verirlər: “Bu baxımdan universitetdə açılan mərkəz gənclərə yeni yol açacaq. Buna görə Fransanın ölkəmizdəki səfirliyinə təşəkkür edirəm”.

Daha sonra çıxış edən səfir Orelia Buşez bildirib ki, Qərb Universitetində açılan mərkəz 1 illik hazılıq prosesinə həsr olunub. Onun sözlərinə görə, burada hazırlaşan tələbələr daha sonra Paris-Sorbon Əbu-Dabi Universitetində təhsil ala biləcək. Paris-Sorbon universitetinin 700 illik tarixə malik olduğunu deyən səfir Qərb Universiteti ilə əməkdaşlıqda məmnun olduğunu dilə gətirib: “Bu layihə çərçivəsində tələbələrə fransız dilini dərinləşdirmək imkanı verəcək. Artıq gələn ildən azərbaycanlı gənclər PSUAD-da təhsil almaq imkanı qazanacaqlar. Qərb Universitetində fransız dili yüksək səviyyədə tədris olunur. Bu Azərbaycan-Fransa arasındakı dostluq əlaqələrini nümayiş etdirir”.

Paris-Sorbon Əbu-Dabi Universitetinin rektoru Erik Fuaş isə çıxışında Qərb Universiteti ilə əməkdaşlığın qurulmasında şərəf hissi duyduqlarını qeyd edib: “Bizim əsas strategiyamız çoxlu sayda tələbələri Fransa və ya Əbu-Dabiyə göndərmək deyil, imkanlarımızın çoxşaxəli olmasıdır.  Əsas məqsəd tələbələrə geniş imkanlar açmaqdır. Seçim isə onlara verilir. Tələbələr istəsələr təhsillərini Qərb, Paris-Sorbon Əbu-Dabi Universitetlərində ala bilərlər”.

 Daha sonra tədbir müzakirələr əsasında davam edib.  

  






Fikirlər