Yüksək texnologiyaların geriyə «inkişafı» – Əli Abbasovun 300 min dollar CİBXƏRCLİYİ

eliabbasov3

Bir müddət əvvəl «MTN işi» üzrə aparılan təhqiqatların nəticələrindən biri olaraq, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar naziri, dünya şöhrətli alim, Azərbaycan elminin bel sütunu, professor Əli Abbasov tutduğu vəzifədən sakitcə kənarlaşdırıldı…

Sakitliyə nə qədər çalışsalar da, istər-istəməz, bu yolasalmanın səsi çıxdı. Məlum oldu ki, dahi alim ölkədə «yüksək texnologiyalar»ı ən yüksək zirvələrə qaldırarkən, külli miqdarda dövlət vəsaitini talayıb (müəyyən dairə ilə bölüşüb). İbrətamizdir ki, uzun sürən bu talan-qarətin fonunda dünya elminin fatehlərindən sayılan cənab Əli Abbasovun aylıq cibxərcliyi 300 min dollar imiş – özü bunu etiraf edib…

Bu gün KİV-in yaydığı bir xəbər yenə həmin «dolamalar»ı mənə xatırlatdı. Məlumatda bildirilir ki, dünyanın 189 ölkəsi arasında internetin sürətinə görə, Azərbaycan 102-ci yerdə qərar tutub – dünyanın «aparıcı» ölkələri sayılan Zimbabve, Zambiya və s. «nəhənglər»lə bir sırada…

Oxudum və oxuduqlarıma inana bilmədim – fikir məni götürdü: Ayə, qarnıaçıq gəzən Zambiya, Zimbabve, Cibuti, Toqo-Tanzaniya… hara, altı-üstü qızıl olan milyarderlər ölkəsi Azərbaycan hara? Heç bir variantda bu iki bilgi bir-birini nəinki tamamlamır, hətta bir-biri ilə diametral əkslik təşkil edir – necə ki, 102-ci pilləkanda qərartutma ilə buna cavabdehin 300 min dollarlıq cibxərcliyi arasında 180 dərəcə uyğunsuzluq var…

Xeyli fikirləşəndən sonra, qəfildən hər şey mənə aydın oldu – anladım ki, sivil dünyada bir-biri ilə düz mütanəsib olanlar, Azərbaycanda tərs mütənasiblik təşkil edir. Əli müəllimin cibxərcliyi ilə ölkəmizdə internetin sürəti arasındakı «siğə qohumluq» da bu sıradandır…

İndi fikir məni qanadlarına alıb və Toqo-Tanzaniya istiqamətinə səmt götürüb. Uçduqca dəhşətə gəlirəm! Nədən?

Məsələ xeyli qəlizdir. Yayılan son məlumatlardan məlum olur ki, böyük alim Əli Abbasov yenidən elm aləminə qayıdıb – Azərbaycanın elmi ictimaiyyəti də bundan xeyli feyziyab olub, bəziləri isə lap eyforiya həddinə çatıb. Fəqət, heç kim bu «qayıdış»ın doğura biləcəyi naqis, ictimai-təhlükələri nəticələr barədə düşünmək istəmir və ya düşynmək iqtidarında deyil. Amma nahaq…

Gəlin ötəri bir müqayisə aparaq: Yüksək texnologiyalar naziri olarkən «mürəkkəb» akademik çalışmalarının sayəsində internetin (rabitənin) sürətini 102-ci pilləyə qədər «aşağı qaldıran» bu dahi alim görün, elm deyilən məşğuliyyət sahəsini hansı «zirvələrə endirə» bilər?! Yəni ki, elmin başına hansı oyunları aça bilər?…
Həm də nəzərə almaq lazımdır ki, heç kim ondan heç bir cavab sormayacaq. Bax, bundan qorxuram…

Mirzə AĞ
AzPolitika.info






Fikirlər