İlkə imza atanlar Qərb Universiteti - 25

İlkə imza atanlar Qərb Universiteti - 25

Düz 25 il əvvəl Azərbaycanın   ilk özəl universitetlərindən biri  haqqında söhbət açacağımız bu təhsil ocağı yaradılanda bəlkə də çoxları təsəvvür edə bilməzdi ki, onun uğurları ölkəmizin sərhədlərini aşacaq, xaricidə yaşayan və yüksək səviyyəli təhsil almaq istəyənlərin diqqətini cəlb edəcək.   

Söhbət Azərbaycanın ilk qeyri-dövlət ali təhsil məktəblərindən biri olan, sağlam mühit və sağlam təhsil ocağı - Qərb Universitetindən gedir. Azərbaycanın müstəqilliyi ilə yaşıd olan universitet yarandığı vaxtdan beynəlxalq nüfuzunu  artırmaqdadır. Dünya elminə böyük töhfələr bəxş edən ölkəmizin ilk qeyri-dövlət universitetlərindən biri olan Qərb universitetinin də bu sırada öz payı var.

Əsası 1991-ci ildə qoyulan Qərb Universiteti 1992-ci ildən YUNESKO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1996-cı ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər Şəbəkəsinin, 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun və BMT-nin müxtəlif proqramlarının üzvüdür.
Fəaliyyət göstərdiyi müddət ərzində universitet yüksək səviyyəli mütəxəssislər hazırlayıb. Onların sırasında Heydər Əliyev Mərkəzinin və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, ADA Universitetinin Xarici Siyasət  proqramının direktoru Fariz İsmayılzadə, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, BP-nin London mərkəzi ofisinin Hyustondakı baş məsləhətçisi Səidə İbrahimova, Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev, Amerikanın Azərbaycandakı Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva, AZAL-ın Vaşinqtondakı nümayəndəliyinin direktoru Fuad Kərimov, AZAL-ın Parisdəki nümayəndəliyinin rəhbəri Kamran Kəlbəliyev, Microsoft” şirkətinin baş meneceri Fərid Cəfərov, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehovu qeyd etmək olar.
Universitetin məzunların;n 37 %-i dövlət, 47 %-i özəl, 16 %-i isə beynəlxalq müəssisələrdə çalışır.
100-dən çox yüksək səviyyəli müəllimin çalışdığı Qərb Universitetinin 5 fakültəsində 36 ixtisas üzrə əyani və qiyabi bakalavr, magistr, doktorantura, dissertantura və əlavə ali təhsil verilir. 
Qərb Universitetində müntəzəm olaraq bir sıra beynəlxalq və respublika səviyyəli tədbirlər və görüşlər keçirilir. Universitetdə Gender Araşdırmaları Mərkəzi,  Davamlı İnsan İnkişafı İnstitutu və  Qərb universitetinin fəxri professoru Tur Heyerdala həsr olunmuş Mini Sərgi Mərkəzi fəaliyyət göstərir. 
Doktorantura səviyyəsində gənc alimlərin hazırlanması məqsədilə “İlk Azərbaycan-Antarktida”, “Azərbaycan-Afrika” və “Azərbaycan-Akonkaqua” böyük elmi ekspedisiyaları təşkil olunub.
Universitetdə Tur Heyerdalın “Kon-Tiki səyahəti”,  “Ra ekspedisiyası” və “Tədqiqatlar silsiləsi I-IX Kitab” ədəbiyyatları Azərbaycan dilinə tərcümə edilib.
Qərb Universiteti Beynəlxalq Dağçılıq Federasiyasına (UIAA) qoşulub və  eyni zamanda UİAA-nın "Dağların Mühafizəsi Mükafatı" proqramına dəstək göstərir.
... Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə1994-ci ildə NK yanında Dövlət Ali Ekspert Komissiyası (DAEK) yaradıldı. Komissiyanın sədri akademik Fərəməz Maqsudov, üzvləri isə akademiklərdən Böyükişi Ağayev, Teymur Bünyadov, Telman Əliyev, Ramiz Qurbanov və professorlardan Yaşar Qarayev, Sudeyif İmamverdiyev, Əbdül Əlizadə, Şahlar Əsgərov, Akif Musayev və Əli Əlirzayev təyin edilmişdi. Bu komissiya üzvlərinin hamısını birləşdirən unikal cəhət onların eyni düşüncə sahibi olmaları və ümumi mənafeni şəxsi mənafedən çox üstün tutmaları idi. Komissiyanın qarşısında duran əsas məqsəd: ölkədə fəaliyyət göstərə 180-dan çox özəl təhsil müəsisələrinin ekspertizasını aparmaq və hökümət qarsına təkliflə çıxış etmək idi.   
O zamanlar Qərb Universitetinin və bir neçə başqa təhsil müəsisələrinin ekspertizasını aparmaq akademik Teymur Bünyadova həvalə edildi. Universitetin yaradıcısı professor Hüseyn Bağırov univeriseti yaratmaqda niyyətini belə ifadə etdi: “Ölkəmiz bir ictimai siyasi quruluşdan digər ictimai siyasi sistemə keçdiyi üçün biz universiteti iqtisadi, sosial və siyasi inkişafına dəstək verə bilən yüksək səviyyəli mütəxəssislər yetişdirmək niyyəti ilə yaratmışıq”. 
Niyyət fəaliyyətin ruhudur. Fəaliyyət niyyətə uyğun olduğuna əmin olduqdan sonra ekspertizanın nəticələri komissiyaya təqdim edildi və komissiya müsbət qərar qəbul etdi. Qərb Universiteti o zamandan qanuni fəaliyyət göstərən qabaqcıl özəl universitetlərimizdən biri oldu.  
 
Qərb Universiteti beynəlxalq səviyyədə bakalavr və magistr hazırlığının həyata keçirən yüksək elmi-pedaqoji potensiala malik bir ali təhsil ocağıdır. Bu gün bu universitetdə 180-dan çox yüksək səviyyəli alim (akademik, professor, dosent) və pedaqoqlarımız, üstəlik  25-dən çox xarici müəllim çalışır. Respublikanın bir sıra görkəmli şəxsləri, alimləri məsləhətçi və diplom rəhbəri kimi universitetlə yaxından əməkdaşlıq edirlər. 
Bu universitetdə tələbələrə keyfiyyətli təhsil vermək üçün mükəmməl təhsil mühiti yaradılmışdır. Tədrisin yüksək səviyyədə aparılmasında universitetin zəngin maddi-texniki bazası var. Müasir səviyyədə təchiz edilmiş auditoriyalar, kompüter otaqları, audio-video texnika, on minlərlə Azərbaycan, rus, ingilis, alman, fransız və ispan dillərində zəngin ədəbiyyata malik kitabxana fondu tələbələrin ixtiyarına verilmişdir.
 
Qərb Universitetidə 1000-dən artıq tələbə müxtəlif ixtisaslar üzrə əyani və qiyabi formada bakalavr və magistr təhsili alır. Universitetin tələbələri bir və ya iki xarici dilə mükəmməl yiyələnirlər. İngilis dilinə mükəmməl dərəcədə yiyələnmiş tələbələr beynəlxalq konfrans və sərgilərdə tərcüməçi-bələdçi kimi iştirak edirlər. 
 
Qərb Universiteti keçid dövründə Respublikanın maraqlarını təmin edə biləcək mütəxəssislər yetişdirərək Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafına amallarına uyğun dəstək vermişdir. Universitetdə çap olunan “Evolution - Təkamül” jurnalı görkəmli elm adamlarına və gənc alimlərə öz elmi nəticələrini çap etdirməyə imkan verir. Keçid dövrünün yaşadığı propblemlərlə bağlı mənim də  “Keçid dövrünün  fəlsəfəsinə dair”(Evolution- Təkamül”, N1-2,s.14,1998)  kimi bir neçə məqalələrim bu jurnalda çap olunub. 
Qərb Universitetinin keyfiyyətli təhsil və yüksək səviyyəli elmi tədqiqatlar aparmaqla cəmiyyətdə müsbət imicə malikdir. Universitetdə ictimai şüuru inkişaf etdirən amillərə (xor oxumaq, yallı oynamaq, basketbol, futbol oynamaq və b.k.) daha çox diqqət verilir. 
Dünyanın müxtəlif ölkələrindən bir çox tələbənin Universitetə axını onun beynəlxalq nüfuzundan xəbər verir. Qərb Universiteti bir çox sanballı beynəlxalq qurumların üzvüdür.
Qərb Universiteti bitirən yüzlərlə məzunları respublikamızın dövlət və qeyri-hökümət orqanlarında, müxtəlif kütləvi informasiya vasitələrində, xarici ölkələrin Azərbaycanda olan nümayəndəliklərində, beynəlxalq şirkətlərdə və xarici ölkələrdə çalışırlar.
Azərbaycan dünyaya neçə-neçə tanınmış şəxsiyyətlər bəxş edib. Onların sırasında dövlət xadimləri, sərkərdələr, elm adamları, siyasətçilər və digər peşə sahibləri az olmayıb. Bütün bunlar Azərbaycanın şanlı tarixidir ki, biz bununla sabahımızı inamla, keçmişimizə söykənərək qururuq. Sadaladıqlarımız peşə sahibləri arasında diplomatik sahədə uğur qazanmış, ta bu günümüzə qədər tarixin səhifələrində özünə layiqli yer tutan şəxsiyyətlər az olmayıb. Qadın diplomatlarımızdan danışanda isə ilk öncə Ağqoyunluların Xatunu Sara Xatun yada düşür. Şərq dünyasının ən böyük imperiyalarından olan Səfəvilər dövlətinin yaradıcısı Şah İsmayıl Xətainin babası Uzun Həsənin anası, Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində misilsiz xidmətlər göstərmiş Sara Xatun. Uzun Həsən bütün xarici siyasət məsələrinin onunla məsləhətləşir, ən məsul diplomatik danışıqlar üçün onu göndərdi. 
Bu günümüzdə də xanım diplomatlarımız az deyil. Onlardan biri haqqında söhbət açacağıq - Qərb Universitetinin məzunu, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova. 
 
1999-cu ildə Qərb Universitetini bitirən Nərgiz Qurbanova "II dərəcəli fövqəladə və səlahiyyətli elçi" diplomatik rütbəsi alıb. Bolqarıstanda Azərbaycan Respublikasının fövqaladə və səlahiyyətli səfiri təyin edilənə qədər Nərgiz Qurbanova Azərbaycanın ABŞ-dakı səfirliyində iqtisadi məsələlər üzrə müşavir vəzifəsində çalışıb. Son 4 ildə Xəzər regionu və Azərbaycanla bağlı olan bütün iqtisadi konfranslarının fəal iştirakçılarından olub.
Xanım səfir Böyük Britaniyanın "BP” şirkətinin Vaşinqtondakı təmsilçisi Qreq Sonders, ABŞ Dövlət Departamentinin Enerji ehtiyatları üzrə məsul əməkdaşı Daniel Ştayn, enerji, təbii sərvətlər və geosiyasət İnstitunun direktoru Ariel Koenin iştirakı ilə keçirilən tədbirlərdə qızğın müzakirələrə qoşulması ilə də tanınır. 
 
2012-ci ilin oktyabrında Amerika Universitetinin Qara dəniz və Xəzər dənizi hövzəsi üzrə Araşdırmalar Mərkəzində "Azərbaycan: təbii qazın Avropaya nəqlində artan tələbatın ödənilməsinə strateji təsiri” mövzusunda tədbirdə Nərgiz Qurbanova enerji layihələrinə ABŞ tərəfindən siyasi dəstəyin verilməsinin vacibliyini vurğulamış və bu xüsusda "Cənub dəhlizi” layihəsinə ABŞ hökumətinin dəstək verməsinin təqdirəlayiq olduğunu bildirib.
 
2013-cü ilin aprelində Vaşinqtonda ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutu tərəfindən "İstanbul Prosesi – 26 aprel, Astana görüşü: 2014-cü ildən sonrakı Əfqanıstanda aydınlığa doğru” mövzusunda keçirilən tədbirdə isə Nərgiz Qurbanova NATO qüvvələrinin Əfqanıstandan çıxarılması zamanı Azərbaycanın tranzit ölkə kimi imkanlarını tədbir iştirakçılarına bəyan edib.
 
Qərb Universitetində həmçinin Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin nümayəndələri tələbələrlə görüş keçirib. Komitənin nümayəndələri tələbələrə İslam Oyunlarının tarixi, könüllü olmağın mahiyyəti, qazanacaqları uğurlar və könüllü olmaq üçün hara müraciət etməli olduqları barədə ətraflı məlumat veriblər. Eyni zamanda nümayəndə heyəti könüllülüklə əsasən tələbələrin, gənclərin məşğul olduğunu da vurğulayıb.
Tədbirin sonunda tələbələrin könüllülüklə bağlı verdikləri suallar cavablandırılıb.
 
 Qərb Universiteti Gender Araşdırmaları Mərkəzinin və Beynəlxalq Multikultural Şəbəkənin təşkilatçılığı ilə "Azərbaycanın multikulturalizm modelinin inkişaf perspektivlərində tələbə və gənclərin rolunun artırılmasına dəstək” mövzusunda keçirilən tədbir də öz aktuallığı və önəmliliyi ilə yadda qalanlardandır. Tədbiri Qərb Universitetinin İngilis Filologiyası kafedrasının professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov açıq elan edərək multikulturalizmin Azərbaycan modelinin əhəmiyyətindən danışıb, onun "tolerantlıq, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət” adlanan üç əsas hissədən ibarət olduğunu qeyd edib. Azad Məmmədov eyni zamanda 2016-cı ilin "Multikulturalizm ili” elan olunmasını, "Azərbaycan multikulturalizmi” fənninin tədrisinin əhəmiyyətini və bu fənni keçən tələbələrin yay və qış məktəblərində iştirakını da vurğulayıb.
 Qərb Universiteti Gender Araşdırmaları Mərkəzinin İdarə heyətinin üzvü Sevdagül Əliyeva Azərbaycandakı multikultural şəraitdə qadınların rolu mövzusunda ətraflı məlumat verib.
 Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin rəhbəri Sərxanbəy Xuduyev multikulturalizmin Azərbaycan modelində gənclərin rolundan, "Azərbaycanın gənc dostları klubu”ndan söz açdı, eyni zamanda Azərbaycan modelinin 15 ölkə və 16 universitetdə təmsil olunmasını qeyd edib.
 Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəsmi nümayəndəsinin və Qərb Universiteti Tələbə Gənclər Təşkilatının sədri Eltur Qasımovun multikulturalizm haqqında ümumi məlumatından sonra, son olaraq, Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova çıxışında Azərbaycanın atdığı multikultural addımların əhəmiyyətindən, müxtəlif dövlətlərin idarəetmədə multikultural dəyərlərindən, tolerantlıq siyasətindən danışıb.
 
Qərb Universitetinin tələbələri dünya miqyaslı idman tədbirlərində də uğurla çıxış edirlər. 15-18 dekabr 2016-cı il tarixlərində Türkiyənin Antalya şəhərində Avropa Muay Tay Federasiyasının təşkilatçılığı ilə, Beynəlxalq Açıq Antalya Kuboku keçirilib. 20 ölkədən 300-dən artıq idmançının iştirak etdiyi yarışa, Türkiyə, Azərbaycan, İran, Yunanıstan, Gürcüstan, Fələstin, Rusiya və Polşa komanda şəklində, Türkmənistan, Qırğızıstan, Bosniya və Herseqovina, Litva, İraq, Qazaxıstan, Tayland, Almaniya, Haiti, Pakistan və Bolqarıstanın isə fərdi şəkildə qatılıblar.
Milli komandamız bu yarışda 17 idmançı ilə təmsil olunub.
17 idmançıdan biri olan, Qərb Universitetinin İdman Klubunun üzvü Mustafayev İlkin, İranlı və Yunan rəqibini məğlub etdikdən sonra finalda II yeri qazanmışdır.
Qərb Universiteti idman klubunun üzvü Mustafayev İlkinin də payı olduğu ümumi komanda hesabında milli komandamız 4 qızıl, 8 gümüş və 5 bürünc medalla II yeri qazanıb. 
 

Arzu edirik ki, Qərb Universitetinin uğurları qarşıdan gələn 2017-ci ildə də davam etsin!

AzerTaym.az






Fikirlər