Rəsul Quliyevin adı İnterpolun axtarışda olanlar SİYAHISINDAN çıxarılıb?
Milli Məclisin sabiq sədri Rəsul Quliyevin adının İnterpolun axtarışda olanlar siyahısından çıxarıldığı barədə xəbər yayılıb. Adının İnterpolun axtarış sistemindən çıxarılması 1998-ci ildən barəsində axtarış elan olunan Rəsul Quliyevin ölkəyə dönüşü üçün siyasi hakimiyyətin razılığı kimi qiymətləndirilir. Məsələni dəqiqləşdirmək üçün İnterpolun Milli Mərkəzi Bürosu (Azərbaycan) ilə əlaqə saxladıq. İnterpolun Milli Bürosundan Ölkə.Az-a bildirdilər ki, fiziki şəxslərə məlumat verilmir. Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat almaq olar. Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq üçün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova zəng etdik. Ehsan Zahidov bildirdi ki, mətbuatla bağlı sualları Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadəyə ünvanlayın. Zəngimizə cavab verən Orxan Mənsurzadə isə sualımızı dinlədikdən sonra tədbirdə olduğunu bu suala cavab verə bilməyəcəyini bildirdi. Məsələ ilə bağlı Rəsul Quliyevlə uzun siyasi yol qət etmiş Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğluya zəng etdik. Sərdar bəy isə Ölkə.Az-ın bununla bağlı sualını belə cavablandırdı: "Rəsul Quliyevlə bağlı məlumatları izləmədiyimə görə dediyiniz məlumatın doğru olması haqqında heç bir fikrim yoxdur. Azərbaycanda Cinayət-prosesual məcəlləsində vaxtın keçməsi deyilən bir anlayış var. Müəyyən cinayət əməlləri var ki, o zamanla cinayət əməli kimi dəyərləndirilə bilər. Zaman keçəndən sonra həmin əməllərlə bağlı istintaq dayandırılır. Rəsul Quliyevə ittihamı sürülən əməllərin hamısının vaxtı keçib. Bu baxımdan cinayət prosesual məcəlləsinə görə Rəsul Quliyevə hər hansısa bir cinayət işi qaldırmaq olmaz. İnterpol tərəfindən Rəsul Quliyevin axtarışının dayandırılması isə Rəsul Quliyevin Azərbaycana qayıtması üçün bir şərt deyil. Şərt odur ki, Azərbaycan hökuməti Rəsul Quliyevə qarşı hər hansı istintaq hərəkəti aparmayacağı ilə bağlı öhdəlik götürə bilər. Yalnız bundan sonra Rəsul Quliyev Azərbaycana gələ bilər".