“QAFQAZ” UNİVERSİTETİ RƏSMƏN BAĞLANACAQ!- Tələbələr yeni ali məktəbə köçürüləcək!
Yaxın günlərdə Azərbaycan hökuməti bu ilin 20 iyulundan etibarən Bakı Ali Neft Məktəbinin (BANM) müvəqqəti idarəçiliyinə verilmiş Qafqaz Universitetiylə bağlı son qərarını elan edəcək. Strateq.az Təhsil Nazirliyinə yaxın mənbələrinə istinadla xəbər verir ki, Qafqaz Universitetinin verildiyi SOCAR-ın nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin sentyabrın 15-dək növbətisi toplantısı keçiriləcək və həmin toplantının qərarı ilə də Qafqaz Universitetinin rəsmən bağlandığı elan ediləcək. Universitetin 5 min nəfərə çatan tələbə heyətinin isə yeni yaradılacaq başqa bir ali məktəbdə təhsillərini davam etdirəcəkləri gözlənilir. Yeni universitetin hansı ad altında fəaliyyət göstərəcəyi və rektorunun kim olacağı haqda hər hansı məlumat verməyən mənbə bildirib ki, Azərbaycan hökumətinin belə qəfil qərarına səbəb bir tərəfdən yeni tədris ili başlayanadək bu ali məktəb tələbələrini müəmmalı durumuna və valideynlərin intizarlarına son qoymaqdırsa, o biri tərəfdən də SOCAR-ın adının “Gülən qalmaqalı”ndan maksimum dərəcədə uzaq tutulmasına nail olmaqdır: “Türkiyədəki 15 iyul olaylarından sonra Azərbaycan hökumətinin Qafqaz Universitetiylə bağlı atdığı addımlar, həqiqətən, gözlənilməz oldu. Çünki bu universitet, əvvəla, Azərbaycan ali təhsil ocaqları sırasında ciddi nüfuzu, yüksək reytinqi ilə seçilirdi, ikincisi də, orada 5 min nəfərə yaxın azərbaycanlı tələbə təhsil alırdı. Birdən-birə bu qədər insanı – tələbələri, onların valideynlərini, qohum-əqrabalarını dövlətdən narazı salmaq olmazdı. Odur ki, Azərbaycan hökuməti incə bir siyasət işlətdi: əvvəlcə, Qafqaz Universitetinin idarəçiliyini özünün etibarlı kadrlarından birinə – BANM rektoru Elmar Qasımova həvalə etdi. Onun qarşısına belə bir mühüm vəzifə qoyuldu ki, ən qısa müddətdə Qafqaz Universitetindəki mühiti tam şəkildə öyrənsin və xüsusən azərbaycanlı tələbələr arasında narazılıqlar yaratmadan, “Gülən camaatı”na yaxın heyəti təmizləsin. Etiraf olunmalıdır ki, Elmar Qasımov da ona həvalə edilən missiyanı uğurla başa vurdu: qısa müddət ərzində universitetin idarəçiliyini həyata keçirən Gülənçi fiqurları müəyyənləşdirdilər, sonra da 50-dən yuxarı Türkiyə vətəndaşını ikicə günün içərisində rəsmi əmrlə vəzifələrindən azad etdilər və ölkədən çıxardılar. Ancaq problem bununla bitmədi. Çünki ortada 5 minə yaxın azərbaycanlı tələbə-müəllim heyətinin taleyi vardı və bu hal yeni dərs ili öncəsi ölkədə gərginlik yaradardı. Ona görə də indi Azərbaycan hökuməti qərar gəlib ki, həm yeni tədris ili başlayanadək unversitet tələbələrinin, onların valideynlərinin intizarlarına son qoyulsun, həm də SOCAR-ın adı birdəfəlik bu qalmaqaldan qurtarsın”. Mənbənin dediyinə görə, Qafqaz Universitetinin SOCAR-ın himayəsinə verilməsi əslində son illər ərzində ortaya çıxmış və zorən atılmış addım olub: “Bu universitet 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Sadəcə, bir neçə ilə əvvəl Gülən-Ərdoğan ziddiyyətləri ortaya çıxan vaxt Türkiyənin təzyiqi ilə Azərbaycandakı “Çağ Öyrətim” məktəblərinin də bağlanması zərurəti ortaya çıxdı. Ancaq bu məktəblərdə, o cümlədən Qafqaz Universitetində oxuyan azərbaycanlıların təhsilalma prosesində axsama olmasın, təhsilin səviyyəsi aşağı düşməsin deyə, həmin məktəblər Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində yaradılan Beynəlxalq Təhsil Mərkəzinə verildi. Beləcə, SOCAR-a da ittihamların bünövrəsi qoyuldu. İndi Azərbaycan hökuməti bu problemdən birdəfəlik yaxa qurtarmaq qərarına gəlib və çox yaxın günlərdə gərəkli addımlar atılacaq”.