Yüksək vəzifəli məmurların danışmaq xofu…

Yüksək vəzifəli məmurların danışmaq xofu…

“Mətbuatda yayılan xəbərlərə rəsmi qurumların münasibət bildirmələrinə böyük ehtiyac var” 

 

Azərbaycanda idarəçilik sistemində təmsil olunan iri ranqlı dövlət məmurlarının diqqətçəkən qəribə xüsusiyyətləri var. Belə ki, barələrində səslənən ittihamlara, hər hansı bir hadisədə adlarının hallanmasına baxmayaraq, nazirlər səviyyəsində bir dövlət məmuru məsələyə münasibət bildirmir. 
Sanki onların mətbuat və ictimaiyyətə açıqlama vermələrinə qadağa qoyulub. Təkcə bir faktı qeyd edək. Həbsdə olan Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev aylarla davam edən məhkəmə proseslərində, eləcə də günlər öncə həbsxanadan göndərdiyi sensasion müraciətdə maliyyə naziri Samir Şərifovu sərt şəkildə ittiham etdi, ölkəmizdə baş verən devalvasiyalarda birbaşa onu suçlu bildi. Bütün bunlara baxmayaraq, nazir bir dəfə olsun ittihamlara cavab vermədi və susmaq yolunu seçdi. Xatırlayanlar yaxşı bilir ki, maliyyə naziri ötən il iki ölkənin agenti adlandırıldığı zaman da bu cür susqun mövqe sərgiləmişdi. Bu tipli misalları digər nazirlərə də aid etmək olar. Açıqlamalarına “stop” qoyulanlar təkcə nazirlər deyil. 
Ümumiyyətlə, hökumət idarəçiliyinin yüksək vəzifələrində təmsil olunanları ən çox birləşdirən “dəyər” susmalarıdır. İki ay öncə günlərlə davam edən leysan yağış Bakını sel, su altında qoydu, sosial şəbəkələr və mətbuatda paytaxt meri Hacıbala Abutalıbov gülüş obyekti və tənqid hədəfi oldu. Amma bir dəfə də olsun BŞİH rəhbəri məsələyə münasibət bildirmədi.
Image result for Vüqar Bayramov
 İqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, dövlət qurumları ictimaiyyətə məlumat verməkdə maraqlı görünmürlər: “İstisna hallar var. Məsələn, Maliyyə Nazirliyi Beynəlxalq Bankın ittihamlarına cavab verdi. Bununla bağlı nazirlik açıqlama yaydı. Amma əksər hallarda dövlət qurumlarının, nazirliklər və komitələrin bu tipli ittihamlara mövqeləri müşahidə olunmur. Adətən ittihamlara daha çox çevik reaksiya verən Dövlət Neft Fondudur. 
Amma digər qurumlardan bu tipli reaksiyaları almaq mümkün deyil. Düşünürəm ki, dövlət qurumlarının ictimaiyyətə məlumat vermələri olduqca vacibdir. Manat devalvasiya olursa, Mərkəzi Bank birmənalı şəkildə ictimaiyyəti səbəblərlə bağlı məlumatlandırmalı, doğru məlumat verməlidir. Əmlakla bağlı, əmlakın özəlləşdirilməsi ilə bağlı hər hansı bir problem varsa, aidiyyəti qurum reaksiya verməlidir. 
Çox vacibdir ki, dövlət qurumları məsələlərə tez reaksiya versinlər. Təəssüf ki, bizlər çevik reaksiyaları müşahidə etmirik. Postsovet dövrünün tələblərindən biri o idi ki, dövlət qurumları vətəndaşlar və ictimaiyyətdən asılı olmalıdır. Dövlət qurumu nə qədər ictimaiyyətə açıq olursa, bir o qədər problemin həlli asanlaşır, problemlərin həlli istiqamətində addımların atılması mümkün olur. 
Təəssüf ki, reallıqda əksər qurumlar üçün bunu söyləmək mümkün deyil. Mətbuatda yayılan xəbərlərə rəsmi qurumların münasibət bildirmələrinə böyük ehtiyac var. Dövlət qurumu şəffaf olmalıdır. Mətbuatın rəsmi qurumlara çıxış imkanları olmalıdır ki, həmin məsələləri və problemləri işıqlandıra bilsin. Hər halda, bu vacib məqam olsa da, dövlət qurumları axsayır. Əksər qurumların mətbuata qapalı olması hazırda diqqətçəkən məqamdır. İttihamlar cavablandırılmırsa, həm cəmiyyətə, həm də problemin həllinə maneələr yaradır. Onların şəffaflığı mətbuat vasitəsilə daha çox mümkündür. Çünki ictimaiyyəti mətbuat məlumatlandırır. Bunları nəzərə alıb, dövlət qurumları mətbuata açıq olub, fikirlərini, hər hansı məsələyə mövqelərini ictimaiyyətə çatdırmalıdırlar”.
Image result for Natiq Miri
Politoloq Natiq Miri bildirdi ki, hökumətdə heç bir məmurun xüsusi təşəbbüskarlığı yoxdur: “Təşəbbüskarlıq olmadığı üçün bütövlükdə cəmiyyətdə, iqtisadi proseslərdə hər hansı bir dinamika müşahidə olunmur. Hər şey yuxarıdan gəlir. Bu baxımdan, cəmiyyətin dövlət qurumlarının qarşısında hesabatlıqları olmur. Onu da nəzərə almaq lazımdır ki, bu hakimiyyətdə əvəz olunmayacaq kadr yoxdur. Amma iqtidarda əsas dəyərləndirilən məsələ sədaqətlilikdir. Əgər sədaqətlisənsə, sənin üçün cızılan qırmızı xətdən kənara çıxmamısansa, sənin üçün bütün məsələlərə ”yaşıl işıq"dır. Bütün bunlar təkcə Samir Şərifova aid deyil, baş nazirə, onun müavinlərinə, digər nazirliklərə və ümumilikdə bütün dövlət qurumlarının rəhbərlərinə aiddir. Yeni təşəbbüs ortaya qoymaq həmin şəxslərin taleyini müəyyənləşdirə bilər. Çünki hakimiyyətdə təşəbbüskarlıq yoxdur. Yuxarı dairələrlə məsələlər razılaşdırılmalıdır. Siyasi iradə ortaya qoyularsa, bu onların siyasi talelərində böyük faciələrə gətirib çıxara bilər".

 






Fikirlər