17.06.2014.- Laçının işğalından 22 il ötdü

17.06.2014.- Laçının işğalından 22 il ötdüƏli Həsənov: “Laçına mütləq qayıdacağıq”
Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 22 il ötür. Ermənistan ordusu 1992-ci il mayın 17-də Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək Laçını işğal edib. İşğal 18 mayda tam başa çatıb.


Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Şuşa, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəddir. Ərazisi 1835 kvadrat kilometr, əhalisi işğala qədər 64 min nəfər olub. Hazırda Laçının 73 min 330 nəfər əhalisi Azərbaycanın 58 rayon və şəhərində məskunlaşıb. İşğal nəticəsində 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır. 22 ildir ki, laçınlılar respublikanın müxtəlif şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkün həyatı yaşayır. Rayonun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir. Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 238 nəfər şəhid olub, 66 adam girov götürülüb, 105 nəfər əlilə çevrilib. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dünən Laçının işğalının 22-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirin keçirildiyi Gənc Tamaşaçılar Teatrının foyesində Laçın rayonu ilə bağlı stend və rayonun Tarix-Diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilib. Sonra tədbirin açılışı zamanı çıxış edən Laçın rayon İcra hakimiyyətinin baçşısı Akif Səlimov bildirdi ki, sovetlər dağıldıqdan sonra ermənilər birləşərək Dağlıq Qarabağ münaqişəsinin alovlanmasına nail oldular.
Onun sözlərinə görə, 1992-ci il mayın 8-də Şuşanın işğalı Laçını çətin vəziyyətə saldı: “Təkcə həmin dövrdə 3 dəfə hakimiyyət dəyişikliyi olub və belə bir vaxtda hərbi döyüşlərdə qələbə qazanmaq olmazdı. 1992-ci ildə vəziyyət o yerə çatdı ki, Laçın rayonu ermənilər tərəfindən işğal olundu. Dağlıq Qarabağ Laçın dəhlizi vasitəsilə Ermənistana birləşdirildi. O dövrdə hakimiyyətdə təmsil olunanlar laçınlıların düşdüyü çətin durumu başa düşmürdülər. Doğma yurd-yuvasını tərk etmiş insanların məşəqqəti həyatına 1993-cü ilin iyununda son qoyuldu. Ulu öndərin qayıdışı ilə qaçqın və məcburi köçkünlərə münasibət kökündən dəyişdi. Ümummilli lider Heydər Əliyevin və eləcə də, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində məcburi köçkünlərin həyat şəraiti yaxşılaşdırıldı. Laçınlılar hər zaman Vətən həsrətini dilə gətiriblər. Əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənimizə qovuşacağımız gün çox yaxındadır". Tədbirdə Laçın rayonundan bəhs edən “Əsirlikdə qala bilməz” adlı film nümayiş etdirilib.
Daha sonra Heydər Əliyev adına Azrbaycan Ali Hərbi məktəbinə qəbul olunmaq üçün sənəd vermiş Laçın rayon Quşçu kənd tam orta məktəbinin XI sinif şagirdi Əlibəy İbrahimov çıxış edərək, işğal olunmuş torpaqların azad edilməsi yolunda gənclərin önəmli rola malik olduğunu vurğulayıb. Baş nazirin müavini, Qaçqınların və Məcburi Küçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxışdan öncə Türkiyədə Soma mədənində dünyasını dəyişmiş insanların ruhlarını yad etməyi təklif edib. Daha sonra Əli Həsənov belə tədbirlər keçirilərkən əvvəllər Laçın rayonuna rəhbərlik etmiş şəxslərin də dəvət olunmasının vacibliyini qeyd edib: :"Mən tədbir başlayanda Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovdan soruşdum ki, rayonun əvvəlki icra başçısı tədbirə dəvət olunubmu? Dedi ki, yox. Mən bunu qüsur sayıram". Ə.Həsənov deyib ki, insan vəzifədən çıxanda yaddan da çıxır: “Belə olmaz. Vəzifə müvəqqəti, insanlıq daimidir. Bu insanlar müəyyən dövrdə çalışıblar, fəaliyyət göstəriblər, heç kəsi yaddan çıxarmaq olmaz. Onlar diqqətdən kənarda qalanda özlərini cəmiyyətdən təcrid olunmuş hiss edirlər. Belə tədbirlərə əvvəllər çalışmış insanları dəvət etmək lazımdır ki, onlar özlərini pis hesab etməsinlər. Bizim üçün vəzifə məgər daimidir? Bu elementi daim nəzərə almalıyıq. Hesab edirəm ki, bu, ölkədəki qüsurdur, aradan qaldırmalıyıq”.
Ə. Həsənov əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri 6 element açıqlayıb: “Əslində biz görürük ki, ATƏT-in Minsk Qrupu fəaliyyətsiz bir qurumdur, 20 ildə gördükləri işlərin heç bir nəticəsi yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədrləri problemi araşdırıblar, bu barədə bilirlər. Ancaq həmsədrlərin nə səlahiyyəti var? Vəzifələri səfər etmək, faktı müəyyənləşdirmək, gəlib öz ölkələrinin rəhbərlərinə məruzə etməkdir, bunu da edirlər. Artıq onlar problemin içərisindədirlər. Bu format dəyişilsə, yeni bir format ortaya çıxsa, gərək bir neçə il də gözləyək, onlar gəlib hələ problemlə tanış olsunlar, öyrənsinlər. Digər tərəfdən, ATƏT-in Minsk Qrupunun Əsasnaməsi elə hazırlanıb ki, həmsədrləri dəyişmək mümkün olmasın. Çünki Əsasnaməni dəyişmək üçün konsensusun əsas olduğu qeyd edilib. Ermənistan da heç vaxt konsensusa gəlmir. Ona görə də hesab edirik ki, ATƏT-in həmsədrlərini dəyişmək əhəmiyyətsizdir. Əksinə, çalışmalıyıq ki, mövcud ATƏT-in Minsk Qrupunun həmsədrlərinin əli, səlahiyyəti ilə Dağlıq Qarabağ probleminin həllinə nail olaq. Fransa prezidenti də səfər zamanı qarşılıqlı etimaddan danışdı. Məgər ermənilərlə aramızda etimad olmayıb? İllərlə ən gözəl torpaqlarımızda yaşamayıb, bütün vəzifələrdə təmsil olunmayıblar? Qarşılıqlı etimad necə olur? Ancaq ermənilər bizim bu addımımıza silahla cavab verdilər. Bundan sonra nə etməliyik?” Ə.Həsənov Fransa prezidentinin Azərbaycana və bölgəyə səfərinin müsbət hal olduğunu bildirib. O deyib ki, Fransa prezidentinin Azərbaycana səfəri zamanı çıxışları, bəyanatları, Azərbaycan və Fransa arasında imzalanan sazişlər müsbət haldır: “Fransua Olland Azərbaycanda səfərdə olarkən mən televiziyada onun çıxışlarına, bəyanatlarına da diqqətlə qulaq asdım və məndə müsbət təəssürat yarandı. Amma çox təəssüflər olsun ki, Fransa prezidenti Ermənistana gedəndə orada mövqeyində bəzi dəyişikliklər etdi”. Komitə sədrinin sözlərinə görə, hər dəfə bir məsələ ortaya atılır, 5 il onun ətrafında müzakirə gedir: “Ermənilərin milli azlıq kimi öz müqəddəratını təyin etmə məsələsini ortaya atırlar. Azərbaycanın daxilində öz müqəddəratlarını təyin etsinlər. Azərbaycan buna etiraz edir? Yox. Ancaq söhbət nədən gedir? Ermənilər Rusiyada da, İranda da Gürcüstanda da, ABŞ və Avropada da yaşayırlar. Ermənilər Laçını işğal etdilər, dedilər, dəhliz yaradırlar, Kəlbəcəri işğal etdilər, dedilər, bufer zona yaradırlar. Ermənilər Rusiyanın Stavropol və Krasnodar vilayətlərində kompakt yaşayırlar, deməli, oradan da Ermənistana dəhliz açmalı, koridor yaratmalıdırlar? ABŞ və Avropada ermənilərin kompakt yaşadığı yerlərdə də dəhliz açılmalıdır? Yaxud hansısa ölkədə milyonlarla azərbaycanlı yaşayır, biz də humanitar koridor istəyək? Biz İranda yaşayan azərbaycanlılarla bağlı nə vaxt koridor istəmişik? Bəs niyə dünyanın heç bir ölkəsi ermənilərə demir ki, düzgün yola gəlin. Sözümün canı odur ki, bu gün qondarma təkliflərin mahiyyəti münaqişənin həllinin uzadılmasıdır. Hər həmsədr 3-4 il çalışır, bölgəyə turist səfərləri edir, böyük maaşlar alırlar. Azərbaycan prezidenti beynəlxalq iyrənc siyasəti görərək iqtisadiyyatımızı və ordumuzu gücləndirir. Bu torpağı azad etsə, Azərbaycan Prezidenti, ordumuz azad edəcək”. Ə. Həsənov heç bir dövlətin bu kimi məsələlərdən sığortalanmadığını vurğulayıb: “Ona görə də xalqımızın həmrəyliyi vacibdir. Azərbaycan prezidenti xalqımıza arxalanaraq bu işi görür. Biz işğal altındakı rayonlara, Laçına mütləq qayıdacağıq”. Laçın haqqında öz fikirlərini bölüşən baş nazirin müavini deyib ki, Laçın deyəndə göz önünə ilk növbədə mərdlik gəlir: “Təsadüfi deyil ki, Andranik Gorus, Laçın, Şuşa, Xankəndi yolunu açmaq istəyərkən Xosrov bəy Sultanov onun qoşunlarını məhv edib. İndi də döyüş baş verən o dərə Qanlı dərə adlanır”. Ə. Həsənov bildirib ki, ermənilər Qarabağa yol açmaq, Laçını işğal etmək üçün 200 il çalışıblar: “Təəssüf ki, ermənilər SSRİ dağılandan, Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan sonra Laçını dünyadakı erməni diasporunun köməyi ilə müvəqqəti də olsa, işğal etdilər. İşğal dövründə laçınlıların nə mərdlikləri, nə cəsurluqları zəifləyib”. Tədbirin sonunda Laçın rayonu Şəlvə kənd uşaq musiqi məktəbinin xor kollektivi “Laçın harayı” ədəbi-bədii kompozosiyası ilə çıxış edib.


BƏXTİYAR






Fikirlər