“Şərur” tikinti şirkətinin prezidenti, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun evlərini ondan xəbərsiz satan şəxslərdən birinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Pirəliyev Asif Vaqif oğlu təkcə Axundova məxsus evləri satmaqda deyil, digər dələduzluq əmələrində də təqsirli bilinir.
Musavat.com xəbər verir ki, A.Pirəliyevin cinayət işi üzrə məhkəmə prosesi hakim Azad Məcidovun sədrliyi ilə keçirilib. Məhkəmədə iş üzrə zərərçəkmiş və şahidlər ifadə verib.
“Şərurlu İsfəndiyar”ın 1, 9 milyonluq tələbi
Əvvəlcə qeyd edək ki, Asif Pirəliyevə qarşı irəli sürülən ittihamlardan biri İsfəndiyar Axundova məxsus evlərin ondan xəbərsiz satılması ilə bağlıdır. İttihama görə, Pirəliyev bu addımı İsfəndiyar Axundovun yaxın adamı olmuş Heydər Əliyevlə birlikdə atıb. Pirəliyev və Əliyev birgə Axundovun ümumi dəyəri 1 milyon 900 min manatlıq bir neçə evini ondan xəbərsiz sataraq pulu mənimsəyiblər.
Həmin evlər Xətai rayonu, Xudu Məmmədov keçəsində “Şərur” inşaat tərəfindən inşa edilmiş binada olub. Axundovun şikayəti əsasında hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub. Heydər Əliyev dəymiş zərəri ödədikdən sonra bu işdən yaxa qurtara bilib. Amma Pirəliyevə qarşı digər ittihamlar da olduğundan və o, ölkədən qaçdığından ona qarşı irəli sürülən ittihamlar indi araşdırılır. Asif Pirəliyev axtarışda olub. Ancaq o, 4-5 il ölkədən kənarda olub. Bakıya qayıdandan sonra hüquq-mühafizə orqanlarının əməkdaşalrı tərəfindən saxlanılıb.
Sonuncu məhkəmə prosesində Asif Pirəliyevin İsfəndiyar Axundovun evləri epizodundan başqa digər dələduzluq əməlləri ilə də bağlı şahidlər ifadə verib.
İlk şahid “Etalon İnşaat” MTK-nın rəhbəri Faiq Həşimov olub.
O, deyib ki, Asif Pirəliyev Faiq Həsənov adlı şəxslə onun yanına gələrək bir neçə fərdi yaşayış evini yeni inşa edilən bina evi ilə dəyişmək istədiklərini deyiblər. Aralarında razılıq əldə olunduğunu deyən MTK rəhbəri bildirib ki, Asif Pirəliyevi yaxından tanımır, evləri isə Faiq Həsənovla dəyişib.
Hakim Azad Məcidov bildirib ki, təqsirləndirilən şəxs Asif Pirəliyevin əməli klassik dələduzluqdur: “Maliyyə arayışları, “peçat”lar əldə edib, sənədlər hazırlamısan. Başqasının evini, başqasına satmısan”.
Asif Pirəliyevin vəkili qeyd edib ki, ifadə verən şahid Faiq Həşimov evləri Asif Pirəliyevlə yox, Faiq Həsənovla dəyişdiyini deyib.
Hakim A.Məcidov: “Amma istintaqda Faiq Həsənov Pirəliyevə qarşı ifadə verib”.
Vəkil: “Məhkəmədə isə həmin ifadəsini təsdiq etmədi”.
“İstintaqda bülbül kimi ötürlər, amma…”
Hakim: “Hörmətli vəkil, zaldakılar bilməsə də siz yaxşı bilirsiniz ki, istintaqda bülbül kimi ötürlər, amma məhkəməyə gələndə başqa cür olur. Elə indi davam edən “Rabitə işi”ndə də bunu müşahidə edirik. İstintaqda nə olubsa, danışırlar. Amma məhkəməyə gələndə müxtəlif bəhanələrlə dediklərini inkar edirlər”.
Digər şahid isə Cəmil Fətullayev olub. O, İsfəndiyar Axundovun mənzillərinin satılması ilə bağlı ifadə verib.
“İsfəndiyarın oğlu dedi ki, müstəntiq özü həll edəcək”
C.Fətullayev Axundovdan xəbərsiz satılan evlərdən birini alan olub. “Şərur” inşaatın Xətaidəki binasından 2008-ci ildə ev alan C.Fətullayev problemlər yaranandan sonra İ.Axundovun oğlu ilə görüşdüyünü də bildirib.
“Evi 40 min dollar aldıq. Problem çıxandan sonra İsfəndiyarın oğlu məni ofisinə çağırdı. Heydər Əliyevlə üzləşdirildim. Evi ondan almışdım. Sonra İsfəndiyarın oğlu dedi ki, müstəntiq özü işi həll edəcək. Bildiyim bu qədərdir”- deyə şahid bildirib.
Növbəti şahid isə təqsirləndirilən Asif Pirəliyevin şəriki olmuş Anar Abbasov olub. Onun ifadəsi zamanı məlum olub ki, Pirəliyev və Abbasovun nəhəng tikinti layihəsi iflasa uğradıqdan sonra şəriklikləri pozulub.
Anar Abbasov deyib ki, tikinti sektorunda türkiyəli bir şəxslə şərikliyi olub. Onlar Xətai rayonu ərazisində bina tikirmişlər. “Kompas prestij” MTK adlı tikinti şirkətinə sonradan Asif Pirəliyev də şərik olub:
“Həmin şirkətdə 20 faiz paya sahib idim. Masazırda olan 20 hektar torpaq sahəsini bankda girov qoyaraq 2 milyon götürüb, tikintiyə yönəltmişdim. MTK-da Asiflə tanışlığımız oldu, sonra bir neçə iş gördük. Bir gün Asif təklif etdi ki, Masazırdakı torpaqda fərdi yaşayış evləri tikək. Razılığımız 50-50-yə şəriklik idi. Torpaq məndən, sərmayə isə Asifdən olacaqdı. Planda 500-dən çox ev tikmək var idi”.
Hakim Anar Abbasovdan bu şəriklik üçün müqavilə imzalayıb-imzalamadıqlarını soruşub. Səhv edərək müqavilə bağlamadığını deyən A.Abbasov şərikliyin sonradan pozulduğunu deyib.
“Milyonları ölkədən çıxarıb”
Hakim Azad Məcidov: “Şəriklik etdiyiniz insan 4-5 il ökədən çıxıb gedib. Milyonları ölkədən çıxarıb. Müqaviləsiz iş olar?”.
İttihamda qeyd edilir ki, Abbasovla Pirəliyev arasında razılıqdan sonra Masazırda 30 ev tikilib. Onlardan 15-i Asif Pirəliyevə aid olub.
Hakim Anar Abbasovdan həmin evlərin taleyini soruşub.
Anar Abbasov deyib ki, evlərin heç biri tam tikilməyib: “Razılaşma yarı-yarıya idi. Ancaq plan baş tutmadı. Sonradan podratçı şirkətlər gəlib, gördükləri işə görə pulu məndən istədilər. Tikintini biz özümüz davam etdirdik. Asif isə getdi. Bəzi evləri satıb podratçların pulunu verdim”.
“Məndən MTN şikayət etmişdilər”
Bu haqda Asif Pirəliyev də danışıb. O, da 30 evin hazır olduğunu, ancaq onları kimin satdığını bilmədiyini deyib: “Açığı bunlar elə biliblər ki, məni Dubayda öldürüblər. Bundan sonra arxamca iş görüblər. Evləri satıblar. Evləri satanlardan biri də Faiq Həsənovdur. Bunlar da məndən MTN şikayət etmişdilər. Anar deyir ki, podratçı şirkətlərə pul verib. Podratçı şirkətlərə 400 min manat da mən vermişəm. Məndən xəbər çıxmayanda da evləri satıblar”.
Bundan sonra hakim Asif Pirəliyevə istintaq ifadəsində dediklərini xatırladıb: “İstintaqa demisən ki, Anarın külli miqdarda borcu olub”.
Asif Pirəliyev cavabında bildirib ki, şərik olduqları ərəfədə Anar Abbasovun borcu olub və ona kömək edib: “Anarın borcu çox idi. “Kompas Prestij”ə 4 milyon 800 min pul qoydum. Çətin günlərində ona kömək elədim. Heç nə demirəm. Ona necə yaxşılıqlar etdiyimi bilir. Öz işimi atıb, onu çətin vəziyyətdən çıxardım”.
Hakim bildirib ki, Asif Pirəliyevə məxsus Masazırda tikildiyi deyilən 15 evin kim və ya kimlər tərəfindən satılması ilə bağlı ayrıca cinayət işi açılaraq Baş Prokurorluğa göndəriləcək. Hakim bununla bağlı qərar qəbul edildiyini açıqlayıb.
Növbəti məhkəmə prosesində zərərçəkmişlər dindiriləcək.