İcra başçılarına SƏRT XƏBƏRDARLIQ
Zəlimxan Məmmədli: “Onların fəalliyyəti dövlətin imicini sarsıdır” İcra hakimiyyəti başçılarının fəaliyyətindən ciddi narazılıq var. Heç kimə sirr deyil ki, bu gün icra başçıları yerli qurumların fəaliyyətinə müdaxilə edir və öz maraqlarının təmin olunması üçün çalışır. Ölkədə belə bir tendensiya var ki, icra başçıları məhkəmə proseslərinə təsir edir və istədiyi qərarı da çıxartdırır. İcra başçılarının bu “fəallığı” ölkə rəhbərliyinin də diqqətindən qaçmır. Məlumatlara görə, ölkə rəhbərliyi səviyyəsində icra başçılarına ciddi xəbərdarlıq olunub və onlara məhkəmələrin işinə qarışmamaq tapşırılıb. Tapşırıqlardan nəticə çıxarmayan icra başçıları cəzalandırlacaqmı?
Elçibəy hakimiyyəti dövründə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Zəlimxan Məmmədli “Cümhuriyət” qəzetinə şərhində deyib ki, İcra hakimiyyətlərinin hüquq-mühafizə sisteminə və məhkəmələrə müdaxilə etmək hüququ yoxdur: “Məhkəmələr azad, tərəfsiz və vətəndaşların hüquqlarının qorunmasının təminatçısı olmalıdır. Amma Azərbaycanın hüquq sistemində ciddi problemlər var. Ədliyyə Nazirliyi zaman-zaman sübut etdi ki, İcra hakimiyyətləri və onlara uzanan əllərin hesabına qatığa qara deyə bilirlər. Qanunun işləmədiyi cəmiyyət “ölü” cəmiyyətlərdir. Yuxarıdan aşağı İcra hakimiyyətləri yırtıcılıqla, rayonları dağıtmaqla məşğul olurlar. Gözümüz önündə yaşıllıqları, xiyabanları dağıdır və yerində camaşırxana, avtoyuma məntəqələri, aptek, qəssabxana tikirlər. İcra hakimiyyətlərində siyasi, hüquqi, idarəetmə islahatları aparılmasa, bu məsələlər bu cür də davam edəcək”. Z.Məmmədli deyib ki, İcra hakimiyyətlərinin bugünkü fəaliyyəti dövlətin imicini, təhlükəsizliyini sarsıdır: “Bu cür fəaliyyətə görə, vətəndaşlar məhkəmələrə, bank sisteminə, nə də maliyyə sektoruna etibar etmir. Yerli İcra hakimiyyətli hazırda bələdiyyələri məhv etməklə məşğuldur. Onlar bütün proseslərdə vətəndaşın iştirakını minimuma endirməyə çalışır. Bu gün bələdiyyələr formal fəaliyyət göstərir. İcra hakimiyyətləri bütün sahələrdə hegemonluq edir. Bunu hər kəs görür, jurnalistlər yazır. Bəs prokurorluq orqanları bunları görmür? Sadəcə, İcra hakimiyyətlərinin bu cür fəaliyyətində kimlərsə maraqlıdır və ona görə də buna müəyyən qədər göz yumurlar. Bu vaxta qədər İcra hakimiyyətlərindən tutmuş onları “qoruyan əllər”ə qədər heç kim korrupsiya faktına görə cəzalandırılmayıb”. Zəlimxan Məmmədli əlavə edib ki, hədələməklə bu sistemdə qayda yaratmaq mümkün deyil: “Onlara barmaq sirkələməklə məsələni həll etmək olmaz. İcra hakimiyyətlərinin normal fəaliyyəti üçün ciddi islahatların aparılmasına ehtiyac var. Bununla da icra orqanları vətəndaşa yaxınlaşa və onların inamını qazana bilər. Biz bunu Gürcüstan və Türkiyə nümunəsində görürük. Görürük ki, islahatlarda hakimiyyət vətəndaşın yanına gəlir. Digər variantlarda isə vətəndaş hakimiyyətin həndəvərinə belə düşə bilmir. Ona görə də İcra hakimiyyətlərinin hegemonluğunun qarşısını almağın yeganə yolu islahatlardır. Bunun ən ağrısız yolu hakimiyyətin siyasi iradə göstərərək ciddi islahatlara getməsi və cəmiyyəti öz ətrafında toplamasıdır”. Cebhe.info