AKP rəsmisi “Fox TV”-nin cəzalandırılmasını tələb etdi — EKSKLÜZİV
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) komissiya sədri, keçmiş deputat Mustafa Kabaqçı “Fox” televiziya kanalında Azərbaycan haqqında yayımlanan qərəzli reportajla bağlı məsələyə münasibət bildirib M.Kabaqçı “Ölkə.Az”-a eksklüziv açıqlamasında deyib ki, bu cür addımlarla Türkiyə-Azərbaycan dostluğunu və qardaşlığını heç kəs poza bilməyəcək: “Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi qardaş Azərbaycanın qanunlarına tamamilə uyğun addımdır. Bu təyinatın spekulyasiya edilərək, qərəzli şəkildə ictimaiyyətə təqdim edilməsi tamamilə nəzakətsiz davranışdır. Başqa ölkənin daxili işləri barədə ədəbsiz fikirlər səsləndirmək yolverilməzdir. Mehriban Əliyeva zəngin dövlət idarəetmə təcrübəsinə malik olan və Azərbaycan xalqı tərəfindən sevilən xanımdır. Onun soyadının Əliyeva və ya Paşayeva olması əhəmiyyət kəsb etmir. Mehriban xanım bu vəzifəyə tam layiq olan şəxsdir. Ona görə də bəzi xarici media orqanlarının bu təyinatı qərəzli şəkildə qaralamaq cəhdləri doğru deyil”.
AKP rəsmisi qeyd edib ki, “Fox TV”-nin əməkdaşının bu hərəkəti bütövlükdə Türkiyə-Azərbaycan qardaşlığına qarşıdır: “Ancaq onlar əmin olsunlar ki, bizim dostluq və qardaşlığımız bu cür hərəkətlərə görə pozulmayacaq. Əksinə, daha da güclənəcək”. AKP-dən olan millət vəkili Burhan Kuzunun sözügedən məsələ ilə bağlı səsləndirdiyi fikirlərə də toxunan M.Kabaqçı Burhan Kuzunun fikirlərindən məlumatsız olduğunu söyləyib: “Onun fikirləri ilə tanış deyiləm. Ancaq onun söylədiyi fikirlər AKP-nin mövqeyi ola bilməz. O nə söyləyibsə, şəxsi fikirləridir. Heç bir şəxsin və ya televiziya kanalının hər hansı şəxs barəsində aşağılayıcı fikirlər söyləməyə, xalqın iradəsinə qarşı olan fikirlər səsləndirməyə haqqı yoxdur. Əgər kimsə buna əməl etmirsə, onlar qanun qarşısında cavab verməlidir”.