Dövlət qulluğuna yeni qəbul qaydaları AÇIQLANDI
Azərbaycanda dövlət qulluğuna yeni qəbul qaydaları açıqlanıb. Nazirlər Kabinetindən AzerTaym.az -a verilən məlumata görə, "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası"na görə, Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, dövlət qulluğu vəzifələri üzrə test imtahanı keçirir. Qaydalara görə, test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. Test tapşırıqları qapalı tipli (verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları), açıq tipli (cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları), sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar olacaq. Mərkəz inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə müxtəlif qruplara uyğun keçiriləcək. Test imtahanının keçirilmə yeri və vaxtı Mərkəz tərəfindən müəyyən edilir və bu barədə imtahana azı 5 gün qalmış portalda məlumat yerləşdiriləcək. Mərkəz namizədin test imtahanında iştirakı ilə bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini portalda yerləşdirir və namizəd onu çap edərək əldə edəcək. Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. Namizəd test imtahanında iştirak edərkən, yaddaş kitabçasında əks olunan tələblərə və namizədlər barədə müəyyən edilmiş qadağalara əməl etməlidir. Namizədin bu tələblərə və qadağalara əməl etməməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun imtahan nəticələrinin ləğv olunması barədə qərar qəbul edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. İmtahan Mərkəzin qərarı əsasında kompüter və (və ya) kağız daşıyıcılar vasitəsilə keçirilir. Texniki səbəblərdən imtahanın aparılması mümkün olmadıqda, DİM-in qərarı əsasında imtahan davam etdirilə və ya yenidən aparıla bilər. Test imtahanının nəticələri haqqında məlumat portalda yerləşdirilir. Namizədin müraciəti əsasında Mərkəz tərəfindən ona imtahanın nəticəsinə dair arayış verilir. Namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apelyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər.