XİN Liviyada saxlanılan azərbaycanlılarla bağlı məsələyə aydınlıq gətirdi (YENİLƏNDİ)

XİN Liviyada saxlanılan azərbaycanlılarla bağlı məsələyə aydınlıq gətirdi

Xarici İşlər Nazirliyi (XİN) Liviyada saxlanılan azərbaycanlılarla bağlı məsələyə aydınlıq gətirib.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya açıqlamasında bildirib ki, “Captan Xayyam” gəmisi Liviya ərazisində saxlanılıb: “Gəmi Syerra-Leone bayrağı altında hərəkət edib, Türkiyənin “Sayğı Dənizçilik və Elektrik San.” şirkətinə məxsusdur. Saxlanılan Azərbaycan vətəndaşlarından biri ürək çatışmazlığında vəfat edib. Dərhal Xarici İşlər Nazirliyi Liviya hökuməti ilə təmaslara girib. Azərbaycanın Liviyada diplomatik nümayəndəliyi olmadığı üçün Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyinə konsulluq dəstəyi göstərməsi üçün müraciət edilib. Qısa müddətdə Türkiyənin köməkliyi ilə vəkil tapılıb. Ailə üzvləri ora gedə bilmədiyi üçün Ədliyyə Nazirliyinin dəstəyi ilə vəkilə etibarnamə verilib. Vəkil XİN-də qeydiyyatdan keçirilib. Nəticə etibarı ilə müvafiq hüquqi sənədlər əsasında cənazənin Türkiyə ərazisinə gətirilməsi təmin olunub. Oradan isə Azərbaycanın İstanbuldakı baş konsulluğu "AzAL"-la birlikdə cənazənin Azərbaycana göndərilməsini təmin edib. Fürsətdən istifadə edib mərhumun ailə üzvlərinə başsağlığı veririk”.

H. Hacıyev bildirib ki “Captan Xayyam” gəmisinin digər azərbaycanlı ekipaj üzvləri istintaq altındadır, onların işi üzrə məhkəmə aprelin 11-də keçiriləcək: “Onlar Liviya ərazisindən qanunsuz şəkildə dizel yanacağının çıxarılması ilə büdcəyə külli miqdarda ziyan vurmaqda ittiham olunurlar. Azərbaycan tərəfi yenə də Liviya tərəfi ilə əlaqə saxlayır, vətəndaşlarımıza konsulluq yardımının göstərilməsi üçün işlər davam etdirilir”.

XİN rəsmisi daha 3 azərbaycanlının saxlandığı “Kalkanlar 1” gəmisi barədə də danışaraq bildirib ki, bu gəmi də Türkiyə şirkətinə məxsusdur, onlar da bir müddətdir, Liviya ərazisindədirlər: “Bundan əvvəl həmin şəxslər Liviyada terrorçuların nəzarətində olan ərazidə idilər. Azad edildikdən sonra vətəndaşlarımız dövlət orqanlarının nəzarətində olan əraziyə gətiriblər. Bu, qismən təhlükəsiz ərazidir. Hazırda onlar barəsində də istintaq işləri davam etdirilir. Onların ailə üzvləri ilə XİN-in Konsulluq İdarəsində dəfələrlə görüşlər keçirilib, ailələri onlarla telefon vasitəsi ilə əlaqə saxlaya biliblər. Məsələ ilə əlaqədar Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub, bu xüsusda müzakirələr aparılıb. Türkiyənin Liviyadakı diplomatik konsulluğu da bu məsələdə Azərbaycana konsulluq yardımı göstərir. Vətəndaşlarımıza lazımi konsulluq dəstəyinin göstərilməsi istiqamətində işlər davam etdirilir və onlar ailə üzvləri ilə mütəmadi təmasdadırlar”.

H. Hacıyev bildirib ki, təxminən 20 gün əvvəl Liviyanın sahil sularında içərisində azərbaycanlıların da olduğu “Anna” gəmisi qəzaya uğrayıb: “Bu gəminin göyərtəsində 2 Azərbaycan vətəndaşı olub. Həmin gəmi Çin şirkətinin yardımı ilə sahilə çıxarılıb. Onun göyərtəsindəki şəxslərin təhlükəsizliyi təmin olunub. Azərbaycan tərəfinin xahişi ilə Türkiyənin diplomatik nümayəndəliyi Azərbaycan vətəndaşları ilə görüşüb. Onların sənədləri qaydasında olub və tez zamanda onların Azərbaycana qaytarılması təmin olunub”.

***

Ötən il fevralın 13-də Liviyada saxlanılan üç azərbaycanlıdan biri, 48 yaşlı Elşad Hüseynov vəfat edib.

Bu barədə APA-ya onun həyat yoldaşı Səkinə Hüseynova məlumat verib.

S.Hüseynovanın sözlərinə görə, həyat yoldaşının bu il martın 5-də ürək çatışmazlığından öldüyünü bildiriblər.

Mərhumun meyiti ötən gün Azərbaycan Xarici İşlər Nazirliyinin və azərbaycanlıların çalışdığı Türkiyənin “Sayğı Dənizçilik və Elektrik San.” şirkətinin birgə səyi nəticəsində Türkiyəyə, oradan isə Azərbaycana gətirilib.

S. Hüseynovanın bildirdiyinə görə, saxlanılandan indiyədək həyat yoldaşı ilə bir neçə dəfə telefonla danışıb. Telefon danışıqları Türkiyə şirkətinin əməkdaşı Murad Karenin vasitəçiliyi ilə baş tutub.

“Captan Xayyam” gəmisinin 3 azərbaycanlı, 1 türk və 4 ukraynalı heyət üzvü olub.

Onlar dizel yanacağı qaçaqmalçılıq ittihamı ilə Liviyada həbs olunublar. Heyət üzvlərindən 41 yaşlı Əliağa Babayevin əmisi oğlu Əli Babayev APA-ya açıqlamasında onların təcridxanada pis şəraitdə saxlanıldıqlarını bildirib. Onun sözlərinə görə, qohumları ilə ötən il dekabrda Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə telefon əlaqəsi saxlayıblar: “Biz bir neçə dəfə Liviyanın Azərbaycandakı səfirliyinə də müraciət etmişik. Lakin səfirlik də bildirir ki, orada dövlət idarəçiliyi ilə bağlı vəziyyət yaxşı deyil. Biz şirkətdə Murad adlı əməkdaşla da daim əlaqədəyik. Şirkət bildirir ki, Liviya hökuməti gəmi üzvlərinin qaytarılmasının qarşılığında pul istəyir. Lakin şirkət pul verildikdən sonra onların qaytarılmayacağından ehtiyatlanır. Bu səbəbdən qəbz və ya bank hesabı tələb edirlər”.

Əli Babayevin sözlərinə görə, saxlanılan digər azərbaycanlının adı isə Elmixan Bağırovdur.

Qeyd edək ki, bununla yanaşı, ötən ilin fevralında Liviyada daha 3 azərbaycanlı saxlanılıb. Onlar isə işləmək üçün Türkiyəyə gedən kapitan Namiq Salamov, matros Fərid Əliyev və motorçu Möhlüd Rəşidbəylidir.

Onlar “Gebze Denizçilik” şirkətinə məxsus “Kalkanlar 1” gəmisində Liviya sahillərində olarkən ötən il fevralın 21-dən etibarən onlardan heç bir məlumat alınmayıb. Fərid Əliyevin qardaşı Zaur Əliyev APA-ya bildirib ki, qardaşı ilə yalnız ötən ilin oktyabrında əlaqə saxlaya biliblər: “Özü zəng edib. Dedi ki, azərbaycanlılar bir qrup şəxslə birlikdə Liviyada müxalif silahlı birləşmə olan “Dövləti İslamiyə” tərəfindən əsir götürülüb. Sonra Misurata şəhərin ordu həmin şəxsləri azad edəndə azərbaycanlılar da onlarla birlikdə azad olunub. Hazırda onlar Misurata həbsxanasında saxlanılır”.

O, sonuncu dəfə qardaşı ilə 5-6 gün əvvəl danışdığını bildirib: “Hər dəfə 5-10 gün sonra buraxılacaqları deyilsə də, məsələ aylarla uzadılır. Onlar orada pis şəraitdə saxlanılırlar. Biz və saxlanılan digər azərbaycanlıların ailələri çox narahatıq. Artıq onlardan birinin meyiti (Elşad Hüseynov-red.) gətirilib. Biz yaxınlarımızın da bu aqibəti yaşayacağından qorxuruq. Əgər ölənin meyiti gətirilirsə, deməli sağ qalanlar da gətirilə bilər”.

AzerTaym.az






Fikirlər