15.03.2014. - Rusiya gəmisi Azərbaycan sularında qəzaya uğrad

15.03.2014. -  Rusiya gəmisi Azərbaycan sularında qəzaya uğradMartın 15-nə keçən gecə Xəzərin Azərbaycan sektorunda Rusiya bayrağı altında üzən gəminin əsas mühərriki sıradan çıxıb.

“Vatan-1” adlı gəmi əsas mühərrikin sıradan çıxması nəticəsində idarəetməni itirib.

Qəza barədə gəminin heyəti “VKontakte” sosial şəbəkəsi vasitəsilə məlumat yayıblar və Rusiya hakimiyyətindən kömək xahiş ediblər.

Gəminin heyət üzvləri Rusiya və Ukrayna vətəndaşlarından ibarətdir. Quru yük gəmisində nə su, nə yemək var, gəmi açıq sularda idarəetməni itirmiş vəziyyətdə üzür. Bu gün səhər tezdən “Vkontakte” şəbəkəsində gəmi heyətinin qəza ilə bağlı mesajı silinib.

Lakin daha sonra İTAR-TASS agentliyi hadisənin baş verdiyini təsdiqləyən xəbər yayıb. Xəbərdə deyilir ki, Azərbaycan Dövlət Dəniz Administrasiyasının qəza-xilasetmə xidmətinə hadisə barədə məlumat daxil olduqdan sonra köməyə gəmi göndərilib. “Vatan-1” Azərbaycan gəmisi tərəfindən yedəyə alınıb və hazırda Bakı limanına doğru hərəkət edir. Hazırda gəminin Bakıya çatmaqda olduğu bildirilir. Sosial şəbəkələrdə isə gəminin heyət üzvlərindən biri yazıb ki, əsas mühərrikin təmiri üçün ehtiyat hissələri yoxdur.






Fikirlər