Kanadada son 100 ilin ən şiddətli yağışları QEYDƏ ALINIB
Kanadanın Ontario, Kvebek, Nyu-Brunsviç və Britaniya Kolumbiyası vilayətlərində son 100 ilin ən şiddətli yağışları yağır. Xezerxeber.az Anadolu informasiya agentliyinə istinadən məlumat verir ki, Kvebekin əhali təhlükəsizliyi naziri Martin Coiteux vilayətdə 146 yaşayış məntəqəsinin daşqınlara məruz qaldığını bildirib. Monreal və Gatineau şəhərlərində isə 20 il aradan sonra ilk dəfə fövqəladə vəziyyət elan edilib. Daşqınlardan zərər çəkənlərə yardım üçün bölgəyə 1650 əsgər göndərilib. Monrealda evləri yararsız hala düşən 1520 nəfər təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib. Kvebekdə bütün rəsmi idarələr və məktəblər bağlanıb. Xəstəxanalarda yalnız təcili əməliyyatlar aparılır. Bölgədə bir çox əsas yollarda nəqliyyatın hərəkəti dayandırılıb. Yerli hakimiyyət orqanları zərurət olmadığı təqdirdə sakinlərə yola çıxmamağı tövsiyə edir. Britaniya Kolumbiyası vilayətində aramsız yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində iki nəfərin itkin düşdüyü bildirilir.