İKİ GENERALIN Qohumları Nabranda QAN TÖKDÜLƏR
Hadisə yerinə gələn polis əməkdaşları və əməliyyatçılar söyüş və təhqirə məruz qaldılar. İyul ayın 26-dan 27-nə keçən gecə Nabranda böyük bir biyabırçılıq yaşanıb. Belə ki, çılpaq formada öz dəstələri ilə “SunSet” İstirahət Mərkəzinin diskotekasına girmək istəyən Toğrul Məmişov və Murad Talıbov mühafizəçilər tərəfindən içəri buraxılmayıb. Qapıçılar onları ictimai qaydalara riayət etməyə çağıraraq, meydançaya yalnız paltarlı vəziyyətdə girə biləcəklərini deyiblər.
Bundan əsəbləşən gənclər yaxınlıqdakı “Palermo” adlı obyektə gedərək, orda yeyib-içiblər. Hələlik təsdiqlənməyən məlumata görə, narkotik vasitələr də qəbul edən gənclər məclisdən qayıdanda, “SunSet” İstirahət Mərkəzinin mühafizəçilərinin işdən sonra şam yeməyi yediklərini görürlər. Çılpaq olduqlar üçün meydançaya buraxılmayan Toğrul Məmişov və Murad Talıbov, hərəsi öz dəstəsi ilə, müxtəlif istiqamətlərdən, oturub sakitcə şam edən mühafizəçilərə hücum edirlər. Nəticədə, qəfil hücumdan özlərini itirən mühafizəçilər ölümcül döyülürlər.
Bildirilir ki, Toğrul Məmişov Respublika Prokurorluğunun Baş Təhcizat və Təminat İdarəsinin rəisi general Niyaz Məmişovun qardaşı oğludur.
Hadisədəki digər dəstə başçısı Murad Talıbov isə Dövlət Miqrasiya Xidmətinin rəisi, general Firidun Nəbiyevin bacısı oğludur.
Vaxtilə narkotik qəbul etdiyinə görə polisdən işdən çıxarılan Murad Talıbov hazırda FHN-nin Akademiyasında təhsil alır.
Hal-hazırda mühafizəçilər rayon xəstəxanasına yerləşdirilsə də, onların yaxınları və qohumları böyük bir təhdid altında olduqlarını bildirirlər. Çünki başlarında 10-a yaxın idmançı və tüfeyli adamların toplaşdığı bu iki general qohumunun nələrə qadir olduqlarını hamısı yaxşı bilir.
Qeyd edək ki, hadisə yerinə gələn polislərin söyüş və təhqirə məruz qalmaları və bunun müqabilində, adıçəkilən şəxslərə heç bir şey edə bilməmələri də, hər iki şəxsin və onların dəstələrinin hansı gücə sahib olduqlarından xəbər verir.
Onu da qeyd edək ki, bu, hər 2 dəstənin törətdiyi ilk belə hadisəsi deyil.
Dəfələrlə belə olaylar törətdiyi iddia olunan general qohumlarının himayəsində olan dəstə nədənsə çox rahat şəkildə məsuliyyətdən kənarda qala bilir.
Hadisənin şahidləri bildirir ki, hər iki gənc açıq-aydın şəkildə, bu ölkədə heç kimin onlara bata bilməyəcəyini, lazım gələrsə, pul gücünə rayon rəisini belə dəyişdirə biləcəklərini elan ediblər.
Hazırda bütün region bu hadisənin nə ilə nəticələnə biləcəyini gözləyir./24saat.org/