“QARABAĞ PARTİZAN”nın həbsindən 14 il ÖTÜR
Ömürlük məhbusun anası: “Ümidim qırılıb...”
Ömürlük həbs cəzası alan və daha çox “Qarabağ partizanı” adı ilə məşhur olan Məmməd Məmmədovun həbsindən bu günlərdə 14 il ötür. Kiçik yaşlarından atasını itirən, ailənin yeganə övladı olan M.Məmmədov hazırda Qobustan həbsxanasında cəzasını çəkir.
Ömürlük məhbusun anası Təranə Məmmədova hazırda ağır xəstəlikdən əziyyət çəkir və oğlunun azad olunması üçün aidiyyəti qurumlardan, hər kəsdən imdad diləyir.
“Qarabağ partizanı”nın özünün də səhhətində ciddi problemlər var. Təranə xanım övladının həbsinin 14-ci ilində “Yeni Müsavat”a müraciət edərək, onun azad olunması üçün kömək istədi: “Artıq oğlumun həbs müddəti 15-ci ilə keçir. Bu qədər haqsızlıq olmaz. Məmmədin gəncliyi məhv oldu getdi. Tək anayam, yeganə ümid yerim oğlumdur. Mən indi kimin üçün yaşayım? Həmin dəstənin üzvlərinin hamısı dəstə başçısı da daxil, azadlığa buraxılıb. Amma oğlum ömürlükdə yatır. Sonuncu dəfə Məmmədi iyun ayının 3-də görmüşəm. Artıq dözə bilmir. Deyir ki, ana bu qədər haqsızlıq olmaz, dözə bilmirəm. Prezidentimizə, Mehriban xanıma müraciət edib yalvarıram, oğlum azad olunsun. Bu dəstənin ən kiçik yaşlısı Məmməd olub. Təsəvvür edin ki, həbs edilən 22 nəfərin 21-nin üzərindən qanunsuz silahlı birləşmə yaratma ittihamı götürülüb, yalnız oğlumun üzərində saxlanılıb. Bu necə ola bilər axı? Bir nəfərdən ibarət necə dəstə ola bilər? Məmmədin üzərinə olmayan ağır cəzalar qoyublar. Hadisə baş verən vaxt qaçaqaçda Məmməd necə kimisə xüsusi amansızlıqla öldürə bilər? Xahiş edirəm bu işə yenidən baxılsın. Heç olmasa, Məmmədin cəzasını ilə çevirsinlər. 20 yaşından Məmməd həbsdədir, artıq evlənmək vaxtı da keçib, heç olmasa indi azadlığa çıxsın. Oğlumu yenidən həyata qaytarsınlar, onu mənə bağışlasınlar. Bütün aidiyyəti qurumlardan kömək istəyirəm.
Onlara yalvarıram. Özüm ağır xəstəyəm, ayaqlarım tutulub. Ömrümü yalnız o uşağa bağışlamışam. Ondan başqa kimsəm yoxdur. Azad etsələr, mən də heç olmasa kimin üçün yaşadığımı bilərəm. Daha ümidim qırılıb, hər şeyim tükənib. Bundan sonra azad olunsa, Məmməd kimin üçün təhlükəli ola bilər ki? Qapımı kimsə açmır. Bu gün yaşayıram, sabah yaşacağıma inanmıram. Məmməd 20 yaşında ola bilər ki, səhvə yol versin. Heç o ölüm hadisəsində oğlumun günahı yoxdur. Digər şəxslərə aşağı cəzalar verildi, amma ən ağır cəzanı Məmmədə kəsdilər. Bu cəzanı verəndə heç fikirləşdilər ki, bu insan ömrüdür?”
Qeyd edək ki, Məmməd Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.10-cu (qəsdən adam öldürmə), 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.10-cu (qəsdən adam öldürməyə cəhd) maddələri üzrə ittiham irəli sürülüb. “Qarabağ partizanları” kimi adı hallanan qrup Qarabağda ermənilərə qarşı “Partizan müharibəsi” aparmaq məqsədilə yaradılıb. Qrupun 22 nəfər üzvü olub. Dəstəyə Rövşən Bədəlov adlı gənc rəhbərlik edib. “Qarabağ partizanları”nın işini Milli Təhlükəsizlik Nazirliyi (indiki DTX) araşdırıb.
İstintaq materiallarına görə, “Qarabağ partizanları” xüsusi dəstə yaradıblar, silah əldə ediblər və döyüşmək üçün Qarabağa getmək istəyiblər. Qrupun necə yaradılması məlum olmasa da, 2000-ci illərdən sonraya təsadüf etdiyi ehtimal edilir. Dəstə üzvləri 2001-ci ildə Gürcüstan ərazisində təlim keçiblər.
2003-cü ilin 13-14 avqustunda Qarabağa yollanmaq üçün sonuncu dəfə Xətai parkında toplaşıblar. Lakin bu zaman MTN əməkdaşları tərəfindən həbs ediliblər. Bu əməliyyat zamanı baş verən atışmada bir əməliyyatçı həlak olub, bir nəfər isə ağır yaralanıb. M.Məmmədovun işinə ayrıca baxılıb. Çünki həmin qətldə onu günahlandırıblar. Sonradan dəstənin digər üzvlərinin üzərindən mütəşəkkil dəstə yaratmaq ittihamı götürülüb. Yalnız M.Məmmədovun işində bu ittiham saxlanıb.