“BİZİM YOL” 15 yaşına çatdı - Baş REDAKTOR: “Yolumuz çox keşməkeşli olub”
Bu gün "Bizim yol" qəzetinin ad günüdür. “Bizim yol” gündəlik ictimai-siyasi qəzetdir və 2003-cü ildən çap olunur. Modern.az saytı 15 yaşı tamam olan qəzetin təsisçisi və baş redaktoru Bahəddin Həziyevdən ad günü təəsüratlarını öyrənib. O bildirib ki, "Bizim Yol"un yolu çox keşməkeşli olub: “Bu illər ərzində həm uğurlar, həm də uğursuzluqlar bir-birini əvəz edib. Çətinliklərimiz də, sevinclərimiz də var. Ümumiyyətlə, hesab edirəm ki, "Bizim yol" media mühitində özünə xas olan yerini tuta bilib. Ölkəmizdə əfsus ki, normal qəzet bazarı yoxdur və təbii ki, normal rəqabət də yoxdur. Rəqabət müəyyən anlamda elektron media seqmentini əhatə edir. O da yetərli deyil. Ümumiyyətlə, normal media yaradıcılıq azadlığı və iqtisadi müstəqillik prinsipləri üzərində mümkün olur. Bunlar da yoxdursa və ya zəifdirsə, media (istər çap, istər elektron) çox çətinliklər yaşayır. Bizim təbii ki, uğurlarımız həm qəzeti qoruyub saxlamaq, həm də elektron media bazarında öz rolumuzu oynaya bilmək baxımından var. Bu anlamda 15 ili dəyərləndirmək olar”. Baş redaktor qeyd edib ki, qəzetin bundan sonrakı əsas hədəfi - çalışıb salamat qalmaqdır.