İŞ adamının oğlu HƏBSDƏ QALDI
Qarabağ müharibəsində şəhid olan Elton Əkbərovun qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən iş adamının oğlu Rəhim Rəhimovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. AzerTaym.az verdiyi xəbərə görə, R.Rəhimov və müdafiəçiləri hökmdən şikayət edərək cəzanın yüngülləşdirilməsini istəyiblər. Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramov şikayəti təmin etməyib və hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Qeyd edək ki, hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. Sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə şəhid qızını vuran 17 yaşlı gənc R.Rəhimov iş adamı Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Rəhimov 5 il müddətinə azadlıqdan məhrum edilib. O yalnız sürücülük vəsiqəsi olmadan idarə etdiyi maşınla 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinib.