MTN generalları “QIRMIZI ZON”da
Onlar 9 saylı cəzaçəkmə müəssisəsinin xüsusi korpusunda saxlanılır Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov Binə qəsəbəsindəki 9 saylı cəzaçəkmə müəssisəsində, xüsusi korpusda saxlanılırlar. Onlar bu müəssisəyə iyunun əvvəlində köçürülüblər. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Məhkəmə Akif Çovdarov və digərlərinin rütbəsinin alınması barədə xüsusi qərardad çıxarıb. Həmçinin Akif Çovdarov və digərlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunması barədə qərar qəbul edilib. 2015-ci il oktyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş tutan əməliyyat Eldar Mahmudovun nazir kreslosunu itirməsi, mərkəz, idarə və şöbələrinin bir sıra əməkdaşlarının istintaqa cəlb edilərək həbs olunmaları ilə nəticələndi. 4-ü general olmaqla, ümumilikdə 19 MTN-çi həbs edildi. Elə həmin günlərdə xəbər yayılmışdı ki, Eldar Mahmudovun generalları və digər işçiləri üçün zonun içində ayrıca korpus tikilir. Gələn son məlumatlara görə, korpus 1 ilin içində tikilərək təhvil verilib. Həmin korpusa köçürülən və köçürüləcək “MTN işi” üzrə həbsdə olan MTN-çilərin siyahısını bir daha təqdim edirik:
MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov; MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev; MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev; MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov; Monitorinq Mərkəzinin əməkdaşları: Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov; Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev; İstintaq Baş İdarəsinin rəis müavini, şöbə rəisi, polkovnik-leytenant Vüsal Ələkbərov; MTN-in Baş Əks Kəşfiyyat İdarəsinin şöbə rəisi polkovnik Mirəziz Əsgərov; MTN polkovniki Mehman Abdullayev; MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi Akif Əliyev; MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin baş əməliyyat müvəkkili Anar Hüseynov; MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsindəki idarələrdən birinin rəisi Səlim Məmmədov; Həmin idarənin işçisi Orxan Osmanov; Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Natiq Alıyev; Əməliyyat-texniki idarənin şöbə rəisi Zaur Məmmədov; MTN-in şöbələrindən birinin sabiq rəis müavini Azər Mehdiyev.
Qeyd edək ki, “MTN işi” üzrə həbs olunanlar 2015-ci ildə Bakı İstintaq Təcridxanasına (BİT) köçürüləndən sonra da digər dustaqlardan təcrid edilmiş şəkildə saxlanılırdılar. Onlara münasibət də digər dustaqlardan bir qədər fərqli idi - pulla hüquqlarını gerçəkləşdirmək imkanları minimuma endirilmişdi. Bu münasibətin MTN-çilərin şəxsi əlaqələrindən istifadə edərək istintaqa, zərərçəkənlərə təzyiq etmək imkanlarının qarşısını almağa yönəldiyi bildirilirdi. Həmin günlərdə bilinirdi ki, MTN-çiləri barələrindəki ittihamedici hökmdən sonra da eyni rejimdə saxlayacaqlar. Bunun üçün 9 saylı cəzaçəkmə müəssisəsində həbsdəki MTN-çilər üçün xüsusi korpus tikilmişdi. Kriminal aləmdə “qırmızı zon” adlanan həmin cəzaçəkmə müəssisəsində xüsusi nəzarət altında, digər məhkumlardan təcrid olunmuş vəziyyətdə saxlayacaqlar. Bunun özəl səbəbləri var. Əsas səbəb budur ki, “dəmir barmaqlıq” arxasına salınan MTN-çilərin xidmətlə əlaqəli əldə etdikləri informasiyalar azı 50 il aktuallığını saxlayır. Həmin informasiyaları onlardan digər məhkumların ala bilməsi ehtimalı var. “MTN işi” ilə bağlı 130 epizod araşdırılıb və məhkəmədə müvafiq qiymət verilib. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınmışdı. Bu gün zərərçəkənlərin əksəriyyəti MTN-çilər barəsində çıxarılan hökmlə razı deyillər.