"TREND" 23 yaşına çatdı
Bu gün "Trend" Informasiya Agentliyinin 23 yaşı tamam olur. AzerTaym.az xəbər verir ki, bu illər ərzində agentlik lokal mediastrukturdan dünyanın nüfuzlu KİV-ləri tərəfindən tanınan regional informasiya agentliyinə çevrilib. "Trend" oxuculara Azərbaycan, rus, ingilis, fars və türk dillərində xəbərlər, eləcə də Azərbaycanın və ümumilikdə regionun siyasi-ictimai həyatının bütün sahələrini əhatə edən informasiya monitorinqini təqdim edir. Xəbərlərin təqdimatında və yayılmasında aparıcı transmilli KİV-lərin fəaliyyəti ilə bağlı tələblərə tam cavab verən ən müasir texnologiyalardan tətbiq sayəsində "Trend" dünya informasiya məkanında ən çox istinad və iqtibas olunan regional informasiya agentliklərindən birinə çevrilib. "Trend"in informasiya məhsullarının dünyanın ən nüfuzlu, aparıcı KİV-lərin informasiyasının aqreqasiya olunduğu beynəlxalq məlumat bazalarında əlçatan olması da, bəhs olunan amilə dəlalət edən faktdır. Eyni zamanda onu da vurğulamaq gərəkdir ki, "Trend"in məhsullarının abunəçiləri arasında Azərbaycan və dünyanın iri enerji şirkətləri, banklar, kommersiya strukturları, dövlət və ictimai təşkilatlar yer alır. Agentlik əməkdaşlarının fəaliyyəti dəfələrlə jurnalistika sahəsində milli və beynəlxalq mükafatlara layiq görülüb. "Trend" İA Asiya-Sakit Okean ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının (QANA), Ümumdünya Qəzet və İnformasiya-Nəşriyyat Assosiasiyasının (WAN-IFRA) və Beynəlxalq İnformasiya Agentlikləri Konqresinin (NAWC) üzvüdür.