Ölkədə 25 sement zavodu bağlandı- SƏBƏB?
Gürcüstanda sement istehsalı ilə məşğul olan 25 zavod fəaliyyətini dayandırıb. AzerTaym.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, buna səbəb xammal çatışmazlığıdır. "Rustavi 2” televiziya kanalı bildirir ki, dövlət sərhəd keçid məntəqəsində sənədlərin qeydiyyatının gecikməsi səbəbindən 3 min tondan çox sement üçün xammal – klinger qalıb. Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Departamenti bir neçə müddətdir ki, məhsulun keyfiyyətini yoxlayıb başa çatdırmır. Klinger materialı Gürcüstana əsasən Azərbaycandan və İrandan gətirilir. Sement istehsalçıları bildirirlər ki, artıq bir aydan çoxdur ki, məhsul sərhəd keçid məntəqəsindədir. Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Departamenti isə bu vaxt ərzində heç məhsuldan nümunə də götürməyib. İş adamlarının fikrincə məhsulunun keyfiyyətinin analizi təqribən 1-2 saat çəkir. Amma bir aydan çoxdur ki, məhsuldan analiz üçün nümunələr götürülmür. Sement istehsalçılarının fikrincə, bu, onlar üçün süni yaradılmış maneədir və kimlərsə sement-beton istehsalında monopoliya yaratmaq istəyir. Gürcüstanın biznes – ombudsmanı İrakli Lekvinadze isə deyilənləri təkzib edib və gecikmənin ölkədə monopoliya ilə bağlı olmasını cəfəngiyat adlandırıb.(modern)