Generalın oğlu ŞİKAYƏT ETDİ

Generalın oğlu şikayət etdi

İşdən çıxarılan general Novruzəli Orucovun oğlu, xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov həbsə göndərilməsi ilə razılaşmayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, general oğlu barəsindəki qərardan kassasiya şikayəti verib. 

O, Ali Məhkəməyə müraciətində günahsız olduğunu bildirib və ona bəraət verilməsinə istəyib. İşə yaxın günlərdə baxılacaq. 

Xatırladaq ki, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu təqib edərək sürücünü döyüb. 

Binəqədi rayon məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər – K.Vəliyev və P.Abbasov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs edilib. Hər üç şəxs apellyasiya şikayətində barələrində bəraət hökmü çıxarılmasını istəyiblər. 

Lakin Bakı Apellyasiya Məhkəməsi də onlara “yox” deyib və hökmü qüvvədə saxlayıb. Qeyd edək ki, R.Orucovun atası general-mayor Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olub, bu hadisədən sonra prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad edilib. 






Fikirlər