Nizami rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib
Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək söyləyib ki, ulu öndərin 1993-cü ildə siyasi hakimiyyətə gəlməsi ilə ölkədə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində uğurlu addımlar atıldı. Yeni Konstitusiya layihəsi hazırlanaraq referendum yolu ilə qəbul edildi, bazar münasibətlərinə keçidlə bağlı möhkəm qanunvericilik bazası yaradıldı, “Əsrin müqaviləsi” imzalandı. Bundan başqa, milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı, Azərbaycan informasiya blokadasından çıxarıldı. Azərbaycana xarici sərmayənin yatırılması üçün əlverişli biznes mühitinin yaradılması istiqamətində əhəmiyyətli işlər görüldü, qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti yaxşılaşdırıldı. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vurğulayıb ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli lider Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin, demokratiyanın inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb. Sonda partiyaya yeni üzv qəbul edilənlərə vəsiqələr, partiyanın işində xüsusi fəallığı ilə seçilən bir qrup şəxsə fəxri fərmanlar və diplomlar təqdim edilib.