Baş Prokurorluq Oqtay Gülalıyevə XƏBƏRDARLIQ etdi
Baş Prokurorluq Oqtay Gülalıyevə xəbərdarlıq edib. Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla özünü “hüquq müdafiəçisi” adlandıran Oqtay Gülalıyevin “Facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə həqiqəti əks etdirməyən məlumatları yaymaqla ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, eləcə də cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa xidmət edən hərəkətlərə yol verməsi müəyyən edilib. Qeyd edilənlərlə əlaqədar O.Gülalıyev Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Qanunun tələblərinə müvafiq olaraq aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirmə aparmadan, real faktlara əsaslanmayan və ictimai rəyi çaşdırmaq məqsədi güdən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.