Nizami rayonunda müşavirə keçirilib
Bu gün-03 sentyabr 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib. Müşavirədə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər İcra Hakimiyyətinin Əsaslı tikinti və təmir idarəsinin rəisi Abid Əliyev, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun xidmət sahələrinin, təlim-tərbiyə və səhiyyə müəssisələrinin rəhbərləri iştirak ediblər. Müşavirədə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov hər il olduğu kimi, bu il də payız-qış mövsümünə hazırlığın diqqət mərkəzində saxlanıldığını, qarşıya qoyulan vəzifələrin icrası məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini, xidmət sahələrinin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirdiyi monitorinqlər nəticəsində ortaya çıxan problemlərin həlli istiqamətində görüləcək işlərin təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq həyata keçiriləcəyini diqqətə çatdırıb. Sonra, payız-qış mövsümünə hazırlıqla əlaqədar Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri Tariyel Tahirov Nizami Rayon Sukanal və “Azərişıq” ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satışı idarələri, “Azəriqaz” İstehsalat Birliyinin Nizami Rayon Qaz İstismar Xidməti, “Azəristiliktəchizat” ASC-nin 4 və 16 saylı İstilik Sistemləri, “Bakı şəhər işığı” Elektrik Şəbəkə müəssisəsinin Nizami rayon Texniki İstismarı sahələri və “Lifttəmir” İstehsalat Birliyi “Temp” Dövlət Müəssisəsi tərəfindən görülmüş işlər, eyni zamanda Mənzil Kommunal Fondunun istismar keyfiyyətinin yaxşılaşdırılması, onun qorunub saxlanılması məqsədilə həyata keçirilən tədbirlər və görüləcək işlər barədə ətraflı məlumat verib. T.Tahirov payız-qış mövsümünə hazırlıqla bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Mənzil kommunal təsərrüfatı birliklərində tələb olunan materiallar və ləvazimatların toplandığını, maşın və mexanizmlərin təmir olunaraq saz vəziyyətə gətirildiyini, qarlı hava şəraitində rayon ərazisində olan yolların, riskli maili yolların və səkilərin qardan təmizlənməsi üçün məsul şəxslərin təyin edildiyini, yolların təmizlənməsi üçün qrafikə uyğun bölgü aparılaraq işçi qüvvələrinin müəyyənləşdirildiyini və bu payız-qış mövsümündə rayon ərazisində yerləşən yaşayış və qeyri-yaşayış binalarının daimi elektrik, qaz, istilik və su ilə təmin olunması və yaranacaq hər hansı bir problemlərin qısa vaxt ərzində aidiyyəti qurumların, rayon xidmət və təsərrüfat sahələrinin səyi və köməkliyi sayəsində aradan qaldırılması üçün bütün imkanların səfərbər ediləcəyini bildirib. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev və Bakı Şəhər İcra Hakimiyyətinin Əsaslı tikinti və təmir idarəsinin rəisi Abid Əliyev payız-qış mövsümündə, xüsusilə qeyri-sabit hava şəraitində rayonun təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışmasının, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatların müəyyənləşdirilməsinin, yollarda yağıntı sularını axıdan drenaj sistemlərinin işlək, kommunal qurumların, digər idarə və təşkilatların sərəncamında olan xüsusi texnikaların saz vəziyyətdə olmasının, kifayət qədər inventar, qum və duz tədarüklərinin görülməsinin və işçilər arasında xüsusi iş qrafikinin təsdiq olunmasının, sakinlərin elektrik enerjisi, təbii qaz, su, istilik təchizatı və digər problemlərlə üzləşməməsi üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar. Müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov aidiyyəti təşkilatlara 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı müvafiq tapşırıqlarını verib və bir daha nəzərə çatdırıb ki, hazırlıq işləri müəyyən olunmuş qrafik üzrə aparılmalı, rayonun bütün təsərrüfat obyektlərində çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülməli, mövcud vəziyyət təhlil edilməli və sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlər yüksək səviyyədə həyata keçirilməlidir.