Yeni dərs ili ilə əlaqədar dəmir yolunda gücləndirilmiş iş rejimi TƏTBİQ OLUNUB
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Yeni dərs ilinin başlanması ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. Qurumdan “AzerTaym.az”-a daxil olan xəbərə görə, bu günlərdə dəmir yolunun xidmətlərindən istafadə etmək istəyənlərin sayı artdığından, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir. Eyni zamanda 16 sentyabr 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edilir. Yeni hərəkət cədvəlinə əsasən Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının dövriyyəsi artırılır. Gün ərzində bu marşrutla 15 cüt elektrik qatarı hərəkətdə olacaq. Eləcə də, sosial sifarişlər nəzərə alınaraq, birinci növbədə oxuyan tələbələrin dərsdən sonra daşınması üçün saat 15:00-a da qatar təyin edilir. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.