Ermənilər Qazaxda traktorçunu vurdu - Həlak oldu
Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir. Dövlət Sərhəd Xidmətindən "Yeni Sabah"a daxil olan məlumata görə, bu gün saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatorumuz düşmən tərəfindən atəşə tutulmuşdur. Nəticədə ekskavatorun sürücüsü mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb. Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyyəsi təmin olunmuş, lakin görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.