Döyüşçülər Primakovun Bakıda keçirilən anım tədbirlərinə etiraz etdi - BƏYANAT

Döyüşçülər Primakovun Bakıda keçirilən anım tədbirlərinə etiraz etdi- BƏYANAT

20 Yanvar“ İctimai Birliyi, “Qarabağ Qaziləri“ İctimai Birliyi, Azərbaycan Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları Birliyi, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondu, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Təxris Olunmuş Hərbçilər İctimai Birliyi, Çernobıl Əlillər İttifaqı Bakı Slavyan Universitetində əli Azərbaycan xalqının qanına batmış Yevgeni Primakovun 90 illik yubileyinə həsr olunan tədbirlərin keçirilməsinə etiraz olaraq birgə bəyanat verib.
 "AzerTaym.az" bildirir ki,bəyanatda deyilir:

  "Bakı Slavyan Universiteti Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi ilə birlikdə 1990-cı ilin 20 yanvar hadisələrinin təşkilatçılarından və icraçılarından biri olan Yevgeni Primakovun anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq esse müsabiqə keçirib. Oktyabrın 15-də esse müsabiqənin qaliblərinə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində diplomlar təqdim olunub. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi tərəfindən əlləri xalqımızın qanına bulaşmış qatilin - Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgi də keçirilib. 20 Yanvar hadisələri zamanı və ondan sonrakı günlərdə 150 nəfərin şəhid olmasının, 744 nəfərin yaralanaraq əlil olmasının, 2 mindən çox vətəndaşımızın həbs olunaraq təzyiqlərə məruz qalmasının, əsas təşkilatçılarından biri olan bu cəlladın - Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi Azərbaycan xalqının heysiyyatına və şəhidlərimizin ruhuna qarşı təhqirdir. 20 Yanvar, Qarabağ şəhid ailələri və əlilləri adından müvafiq dövlət qurumlarından tələb edirik:

1.Yevgeni Primakov adlı caninin şərəfinə təşkil olunmuş sərgi dərhal dayandırılsın.

2.Bakı Slavyan Universitetinin rəhbərləri xalqımıza qarşı törətdikləri ağır cinayətə bərabər olan hərəkətlərinə görə təxirə salınmadan tutduqları vəzifədən azad edilsin.

3.Baş verən rəzalətə görə təşkilatçılar vətənin ayrılmaz hissəsi olan Qarabağ uğrunda 20 min şəhid verən Azərbaycan xalqından, o cümlədən 20 Yanvar şəhid ailələrindən və əlillərindən üzr istəsinlər“.






Fikirlər