Tahir Kərimli: “Bakıda Primakovla bağlı tədbir keçirilməməli idi” - Foto

Tahir Kərimli: “Bakıda Primakovla bağlı tədbir keçirilməməli idi”

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin Bakıda Yevgeni Primakova həsr olunmuş “Yevgeni Primakov: İnsan və siyasətçi” adlı sərgisi mənə qəribə gəldi. Doğrudur, Primakov zamanında xarici işlər naziri olub və xaricdə yaşayan ruslar da onunla bağlı tədbirlər təşkil edə bilərlər. Amma Primakovun Azərbaycanla bağlı siyasəti bəraətverici olmayıb”.

Bu sözləri Reyting.az-a millət vəkili Tahir Kərimli Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru, Xarici işlər naziri, Baş naziri vəzifələrində işləmiş və adı Azərbaycana qarşı ağır cinayətlərdə hallanan Yevgeni Primakovla bağlı Bakıda keçirilən təbirə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu tədbiri təşkil edənlər Primakovun Azərbaycan xalqına, Azərbaycan xalqının isə Primakova münasibətini nəzərə almalı idi:

Bəzən deyirlər ki, Primakov 20 yanvar faciəsində digərləri ilə müqayisədə qatil rolunu oynayıb. Mən hüquqşünas olduğum üçün bir söz deyə bilmərəm, çünki əlimdə məhkəmə qərarı yoxdur. Amma mən siyasi və mənəvi cəhətdən onu deyə bilərəm ki, Yevgeni Primakov 1990-cı ilin 20 yanvarında soydaşlarımıza qarşı həyata keçirilən aktın təşkilatçılarından biridir. Əlbəttə, Primakov bunu Rıjkov kimi etiraf etməyib. SSRİ Nazirlər Komitəsinin sədri Nikolay Rıjkov açıq deyirdi ki, Bakıda vəziyyətin gərgin olması ilə bağlı Qorbaçova məruzə etdim və bildirdim ki, başqa çarə yoxdur, qoşun yeridirb hərəkətə keçmək lazımdır. Qorbaçov da dedi ki, necə istəyirsinizsə, elə də edin və biz də qoşun yeridib bildiyimizi etdik”.

Tahir Kərimli: “Bakıda Primakovla bağlı tədbir keçirilməməli idi”
Y. Primakov

T. Kərimli bildirib ki, Azərbaycana nifrətini gizlətməyən Rıjkov Ermənistanın milli qəhramanı hesab olunur: “Düzdür, Primakovda belə etiraflar olmayıb. Amma bu tədbiri keçirənlər fikrimcə, bir qədər ehtiyatlı olmalı idilər. Mənim şəxsi qənaətim belədir ki, bu tədbir keçirilməməli idi. Yox, əgər tədbir keçirilirsə, o zaman həqiqətlər də deyilməlidir”.

T. Kərimli qeyd edib ki, bizim üçün Azərbaycan hər şeydən üstün olmalıdır:

“Azərbaycanın başına gələn faciədə Primakovun rolunu inkar etmək mümkün deyil”.

Xatırladaq ki, Tahir Kərimli vaxtilə SSRİ-nin rəhbəri olmuş Mixail Qorbaçov barəsində (qiyabi) ölüm hökmü çıxarmış hakim kimi tarixə düşüb.






Fikirlər