Tanınmış jurnalist uşaq qətlləriylə bağlı: “Böyük cinayətin çıxmışdıq, amma…”

Tanınmış jurnalist uşaq qətlləriylə bağlı: “Böyük cinayətin üstünə çıxmışdıq, amma…”

"Nərminin anasının məlum müraciəti mənə bir neçə il əvvələ apardı. Yadınızdadırmı, Dəvəçidən olan iki bacının - Nailə və Reyhanənin müammalı şəkildə itməyi...” 
Qaynarinfo xəbər verir ki, bu sözləri tanınmış reportyor Səbuhi Məmmədli sosial şəbəkədəki statusunda qeyd edib. O, çox vaxt jurnalistlərin araşdırdığı işlərdə cinayətin üstünü açmaq üzrə olduqları bir vaxtda valideynlərin jurnalistlərə qarşı çıxmasından, şübhəliləri müdafiəyə qalxmalarından söz açıb. 
Jurnalist keçmiş zamanların məşhur bir cinayət hadisəsini xatırlatmaqla fikirlərinə davam edib: 
"Həmin vaxt "Yeni Müsavat”da işləyirdim. Onların yaşadığı Dağ Bilici kəndinə, hadisə baş verən əraziyə azı 6-7 dəfə getmişdim. Onlardan başqa yoxa çıxmış Diləfruz adlı bir qızın da izinə düşmüşdüm.
Skandal dolu araşdırmalar idi. Bütün izlər o vaxtkı rəis müavini Məmmədmusa adlı birinin üstünə aparıb çıxarırdı. Sonradan bu hadisəylə bağlı həbs edilən İsmayılov qardaşları da uşqaları oğurlayıb Məmmədmusaya vermələri barədə məhkəmədə ifadə vermişdilər.
Məmmədmusa məni xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Vəkilim Elçin Sadıqovla bərabər – sabiq iş yoldaşım Elşad Məmmədli xatırlayar – onun arqumentlərini darmadağın etmişdik. Məhkəmə onun iddiasını rədd etmişdi.
Təvazökarlıqdan uzaq da olsa, böyük bir cinayətin üstünə çıxmışdıq. Amma…
Amma bu zaman nə baş verdi?
Qızların Zamir adlı ataları nə oldusa - əslində bilirəm nə oldu – "Reytinq” qəzetində mənim əleyhimə müsahibə verib, Məmmədmusanın müdafiəsinə qalxdı. Məni şərdə, böhtanda suçladı. Az qala baş verənlərdə məni günahkar çıxardı.
Düzü, araşdırmanı davam etdirəcəkdim. Amma sındım… Çox pis sındım. Həmin vaxt Nailənin meyitinin Samur kanalından tapıldığı iddia edildi. Reyhanədən isə indiydək xəbər yoxdur.
Mən bir də bu araşdırmaya bir yazıdan sonra yenə davam etmək istəyirdim. Elə öz qəzetimizdə - "Yeni Müsavat”da çıxmışdı bu yazı: "Qara-qara qarışqalar, Reyhanəyə neylədiniz”. Famil Cəfərli yazmışdı səhv etmirəmsə. Mənim kimi soyuqqanlı birisi, Rey Kərimoğlunun redaksiyadakı otağına keçib zar-zar ağlamışdım. Amma bacarrmadım. O müdhiş cinayətin sonuna çıxa bilmədim.
Mən Zamirlə Nərminin anasının hərəkətlərini eyniləşdirmək istəməzdim. Amma lənətə gəlsin Aristotelin əsasını qoyduğu məntiq elmini. Hə, bir də qatillərə allah lənət eləsin…
Qızlar isə necə də bir-birinə oxşayırlar...”
Səbuhi Məmmədli Qaynarinfo-ya açıqlamasında bunun səbəbini Azərbaycanda araşdırmaçı-jurnalistika, repartyorun olmamasında görür: "Demək olar ki, yoxdur.  Ölkədə araşdırmaçı-jurnalist qıtlığı var və bu birmənalıdır. İkincisi, niyə belə məsələlərdə jurnalistlər müdafiəsiz qalır. Çünki jurnaıistlər müdafiəsizdir. Jurnalistlərin müəyyən bir hadisənin araşdırması üçün maddi imkanları yoxdur, texniki vəsaitləri zəngin deyil. Müəyyən mənbələr axtarmaq üçün onlara bələdçilər lazımdı. Bu da puldu, hamısı maddi vəsaitə bağlıdır. Onların heç biri yoxdur. Azəbbaycanda jurnalist cüzi qonorar və yaxud da maaşla  işləyir. Jurnalist təşkilatları yoxdur ki, bizlərin arxasında dursun”
Səbuhi Məmmədli təəssüf hissi ilə hazırda jurnalistlərin yetişmədiyini vurğulayıb:
"Bunu xüsusu vurğulamaq lazımdı. İstər Bakı Dövlət Universiteti, istər Bakı Slavyan Universiteti, istərsə də Azərbaycan Dillər Universitetinin hər birində junalistika fakültəsi var. Son illərdə cəmiyyətdə imzası ilə tanınan bir jurnalistin adını deyin. Yoxdur. Çünki Azərbaycan jurnalistikası 1990-cı illərin üstündədir. Biz də qocalıb gedirik. Hamı şou arxasnca düşüb, hamı kabinet jurnalistikası ilə məşğuldur”.






Fikirlər