“Reket jurnalistlər”i qoruyan GİZLİ ƏLLƏR var
Mediada “reket jurnalist”lərin sayı artmaqda davam edir. Bu hal xüsusi ilə də bölgələrdə daha geniş vüsət alıb. İnsanlar bu “jurnalist”lərdən cana gəldiklərini deyirlər. Vəziyyət o həddə çatıb ki, artıq cəmiyyət ciddi jurnalistləri də “reket” kimi görür. Necə deyərlər, qurunun oduna yaş da yanır. Həmin “jurnalistlər”in çoxalması, cəmiyyət tərəfindən həqiqi jurnalistlərin də “reket” kimi tanınması azmış kimi, bir də onların Mətbuat Şurasına qarşı çıxmaları vəziyyəti daha da çətinləşdirib. Problemin nə dərəcə ciddi olduğunu başa düşən jurnalistlər həyəcan təbili çalır. Hüquq-mühafizə orqanlarının bu hallara qarşı mübarizəsi ən mühüm işlərindən biri olmalıdır. Ötən illərdə Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirdi və “reket jurnalistika” şəbəkəsinə daxil olanları həbs etdilər. Müqavimət olmayanda, onlara qarşı tədbir görülməyəndə onlar şəbəkələşir və ciddi mətbuat orqanlarından sui-istifadə edirlər. Jurnalist peşəsi şərəfli peşədir. Elə məclislərdə elə qəzetlərin adını eşidirəm ki, heç məndə o qəzetlər haqqında təsəvvür olmur. Baxırsan ki, həmin orqan “reket”dir və onu tərifləyən də “reket”dir. Bax budur problem. A.Aşırlı “reket”lərin Mətbuat Şurasına qarşı çıxmalarının heç bir əhəmiyyəti olmadığını vurğulayıb: “Bir neçə ildir ki, Mətbuat Şurasının “reket”lərə qarşı komissiyasl yaradılıb. Müəyyən qəzetlərin, saytların monitorinqi aparılır. Peşə dəyərlərinə hömətsizlik varsa, qeyri-etik normalar varsa və bu hallar təkrar olunursa, həmin KİV-lər “qara siyahı”ya salınır. Bu bir növ qınaq obyektinə çevirmək üçün edilir. Çünki Mətbuat Şurasının bundan başqa təsir mexanizmi yoxdur. Effekti müəyyən dərəcədə var. Ancaq ümumi götürəndə ciddi təsiri görə bilmirik. O siyahılar nazirliklərə, komitələrə göndərilir. Yenə baxırsan ki, komitələr, yerli strukturlar adı “qara siyahı”da olan şəxslərlə bu və ya digər tərəfdən əlaqəlidir. “Reket jurnalistika”sının kökünün kəsilməsi zamanın işidir. Hesab edirəm ki, Azərbaycan mətbuatının indiki vəziyyətini təhlil eləsək, “reket jurnalistika” orda həlledici amil deyil. Biz bunun kökünü kəsmək istəyiriksə, ciddi jurnalistika ayaqda durmalı, peşəkarlığını, cəmiyyətə təsir imkanını artırmalıdır. Peşəkar jurnalist cəmiyyətdə yaxşı yaşamalıdır ki, reket jurnalist görünməz olsun”. Bunun qarşısının alınmasıyla bağı Mətbuat Şurasında “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası var və ciddi işlər görür. Çox sevindirici haldır ki, hüquq-mühafizə orqanlarının nümayəndələri də həmin komissiyanın üzvləridir. “Reket jurnalistlər”in fəaliyyətində qanundankənar nələrsə aşkar ediləndə bu problemlər hüquq-mühafizə orqanları müstəvisində həll olunacaq. Düşünürəm ki, bu, məsələnin həlli yolunda atılmış əsas addımlardan biridir. Ancaq bununla da məsələnin tam şəkildə aradan qaldırılması mümkün deyil. Mütləq şəkildə ictimai qınağı gücləndirmək lazımdır. Mətbuat Şurasılnın “qara siyahısı”nı genişləndirmək lazımdır və o “qara siyahı”nı bütün dövlət qurumlarına, bütün bölgələrə və kəndlərə paylamaq lazımdır.
Bir neçə gün öncə “reket jurnalistlər”in atdığı addım isə təhlükənin ciddiliyindən xəbər verir. Azərbaycan Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasının 8 noyabr 2017-ci il tarixli iclasından sonra adları “qara siyahı”ya salınmış saytların bir qrupu tərəfindən Şuranın İdarə Heyətinin üzvlərinə qarşı xoşagəlməz kampaniyaya start verilib.
“Ayna-zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı Modern.az-a açıqlamasında “reket jurnalistika” deyilən məhfumu qəbul etmədiyini bildirib:
““Reket jurnalistika” deyilən bir sahə deyəsən yalnız Azərbaycanda var. O adı biz çıxarmışıq. Biz ümumiyyətlə, bu gedişlə hamını “reket” çıxardacağıq. Hər şey artıq qarışıb. “Reket jurnalistika”sı deyilən bir şey heç bir professional terminologiyada yoxdur. Var jurnalistika, birdə var qeyri-jurnalistika. Mətbuat Şurasını tənqid edənlərin hamısını bu qurumu izləyir. Onlardan birinin prezidentə yazdığı açıq məktubu oxudum. Çox dəhşətli məktub idi. Həmin saytı Mətbuat Şurası “qara siyahı”ya salıb və sayta girişi bloklayıblar. Ancaq onlar prezidentə bunun nə üçün baş verdiyini yazırdı. Onda belə çıxır ki, reket onlar deyil, Mətbuat Şurasıdır. Ona görə reket jurnalistikası məhfumunu qəbul etmirəm” .
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə bu problemin həllini yalnız jurnalistlərdə deyil, eyni zamanda cəmiyyətdə gördüyünü qeyd edib:
“Bu vəziyyət bir neçə ildir ki, davam edir. “Reket jurnalistika”sı bir cinayət hadisəsidir. Bunun mətbuatla, jurnalistikayla heç bir əlaqəsi yoxdur. Jurnalistikadan çox-çox uzaq olan adamlar öz dolanışıqlarını yaxşılaşdırmaq üçün bu yoldan bir vasitə kimi istifadə edirlər. Ciddi mətbuat orqanlarının, saytların adından istifadə edərək “siyasətlərini” qurmağa çalışırlar. Müəyyən mənada aldadıcılıq bunla bağlıdır. İkinci bir tərəfdən, cəmiyyətin özündə də problemlər var. “Reket jurnalistika”sına qarşı mübarizə təkcə jurnalistlərin işi deyil. Cəmiyyətdə hamı məlumatlı olmalıdır. Ciddi mətbuatla qeyri-ciddi mətbuatı ayıra bilmirlər. Bu baxımdan cəmiyyət hazırlıqlı olanda, bu cür qanunsuz əməllərə müqavimət göstərəndə, bizim ümumi işimizin xeyrinə olur. Biz cəmiyyətdən kömək istəyirik, çox təəssüf ki, ala bilmirik.
Parlament Jurnalistlər Birliyinin sədri, Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komisiyasının üzvü Elşad Eyvazlı problemin ciddiliyindən danışıb və həlli üçün həqiqi jurnalistləri bir olmağa səsləyib:
“Bölgələrdə reket jurnalistika geniş vüsət alıb. Rayonlarda kəndlərə gedib qəssablardan, şorsatanlardan pul alırlar. Buna görə rayona gedəndə adam özünə jurnalist deməyə utanır. Çünki o zaman sənə də qəssabın yanına gələn jurnalist kimi baxacaqlar. Təsəvvür edirsiniz kəndlərdə qəssablar nə deyir: “Jurnalist gəlmişdi, pul istədi, əvəzində 1 kilo ət verdim. Bu, biabırçı məsələdir. Bu hal aradan qaldırmasa, “reket jurnalistika” həqiqi jurnaklistikanı yox edəcək.
Müşahidələr onu deyir ki, “reket jurnalistləri” qoruyan gizli əllər var”.