Düşməni vahiməyə salan KARGU haqda maraqlı məlumatlar – Dron SÜRÜSÜ...

Düşməni vahiməyə salan KARGU haqda maraqlı məlumatlar – Dron sürüsü 

 

Son günlərdə KİV-də Azərbaycanın Türkiyədən KARGU zərbə tipli PUA-lar əldə etdiyi barədə məlumatlar tirajlanır. Hərbi ekspert Ədalət Verdiyev bununla bağlı geniş təhlillər aparıb."AzerTaym.az" “Yeni Sabah”-a istinadən onun məqaləsini təqdim edir:

- Əslində, Qarabağda hərbi əməliyyatlar həyata keçirən, işğal altındakı torpaqlarını azad edən Azərbaycanın Türkiyənin yerli və milli istehsalı olan hansısa vasitəni əldə etməsi təəccüblü olmamalıdır. Əksinə, Azərbaycanın ehtiyac duyduğu və qardaş ölkənin istehsal etdiyi müasir avadanlıq ordumuzun istifadəsində olmasaydı, təəcüblü ola bilərdi.

Türkiyə yalnız öz məqsədləri üçün deyil, həm də tərəfdaş ölkələrə ixrac edilməsi mümkün olan müxtəlif təyinatlı PUA-ları, o cümlədən zərbə tipli “dron sürüləri”ni hazırlayır və istehsal edir. Azərbaycan da təbii olaraq bu PUA-ları ala, istifadə edə bilər.

Mövzuya bir az geniş aspektdən nəzər salaraq, KARGU-nun istehsalçısı, təyinatı, imkanları, modifikasiyaları, taktiki texniki xüsusiyyətləri barədə oxuculara məlumat verəcəyik.

İstehsalçı

Kvadrokopter tipli KARGU PUA-sı Türkiyənin STM Müdafiə Texnologiyaları Mühəndisliyi və Ticarət A.Ş tərəfindən hazırlanıb. Bu şirkət 1991-ci ildə Müdafiə Sənayesi İcra Komitəsinin qərarı ilə Türkiyə Silahlı Qüvvələri (TSQ) və Müdafiə Sənayesi Nazirliyinə (SSB) sistem mühəndisliyi, texniki dəstək, layihə idarəetməsi, texnologiya transferi, logistik dəstək xidmətləri göstərmək məqsədilə təsis edilib.

STM Milli və Beynəlxalq Dəniz Layihələrində sualtı və suüstü gəmilər, pilotsuz vasitələr, hərbi obyektlər, tərsanələr, gəmiqayırma, modernləşdirmə və təmir-servis fəaliyyətləri üçün mühəndislik xidmətlərini təmin edir. STM kibertəhlükəsizlik və müdafiə layihələri də həyata keçirir.

Şirkət həyata keçirdiyi Ar-Ge fəaliyyətləri ilə maneə arxasındakı hədəfləri aşkar edən RLS-lər, PUA-lar, avionika, SAR (sintetik radarlar), kosmik və stimulyasiya texnologiyası sahəsində də uğur qazanmaqdadır.

STM 15 ildən çoxdur ki, reallaşdırdığı hərbi və mülki aviasiya layihələrindən əldə etdiyi təcrübə ilə hər cür hava platforması üçün xüsusi aviasiya proqramları, idarəetmə və dəstək sistem həllərinə aid geniş məhsul çeşidlərini təklif edir.

Hərbi aviasiya sahəsində şirkət müxtəlif təyinatlı helikopterlər üçün Rəqəmsal Xəritə və Vəzifə Planlaşdırma Sistemini, C-130 ERCİYES təyyarəsi üçün Yerüstü Vəzifə Planlaşdırma Sistemini, PUA-lar üçün Vəzifə Planlaşdırma Proqramını, təyyarələrin Yerüstü İzləmə Sistemini, Meteoroloji Analiz Sistemini hazırlayıb. Bundan başqa, STM həm idarəetmə və informasiya texnologiyaları sahəsində, həmcinin Raketdən və Hava Hücumundan Müdafiənin İnformasiya Sistemlərinin hazırlanması ilə məşğuldur. ALTAY əsas tankının idarəetmə, nəzarət və döyüş informasiya sistemi ilə bərabər "Leopard-1T" tanklarının, təkmilləşdirilən zirehli personal daşıyıcılarının və bir çox suüstü döyüş vasitələrinin idarəetmə, nəzarət və döyüş informasiya sisteminin hazırlanması da STM-ə məxsusdur.

Şirkətin digər bir istehsalı isə sürü şəklində və ya avtonom hərəkət edərək vəzifələrini yerinə yetirə bilən zərbə tipli KARGU PUA-larıdır.

Təyinatı

Şirkət daxili imkanları sayəsində bu PUA-ları dərin müşahidə bazasına malik optik elementlərlə təmin edir. Asimmetrik müharibə vasitəsi hesab olunan KARGU kompüter vasitəsilə real zamanda obyektlərin aşkarlanmasını, izlənməsini, tanınmasını, təsnifatlandırılmasını və onlara zərbə endirilməsini həyata keçirmək üçün hazırlanıb. PUA əldə etdiyi görüntüləri real zamandan operatora ötürə bilir.

STM şirkətinin istehsal etdiyi PUA-lar Azərbaycan üçün daim maraq kəsb edib. Azərbaycanın müdafiə naziri IDEF-2019 sərgisində iştirak edərkən şirkətin KARGU və ALPAGU PUA-ları ilə xüsusilə maraqlanıb. KARGU asimmetrik müharibə və ya terrorla mübarizə sahələrində istifadə üçün tək əllə daşınan, avtonom və ya uzaqdan idarə olunan, 4 ədəd dönən qanadlı, kvadrokopter tipli zərbə PUA-sıdır. Bu aparat yerüstü idarəetmə qurğusundan və PUA batareya yükləmə modulundan ibarətdir.

Modifikasıyaları və taktiki texniki xüsusiyyətləri

KARGU ən azı iki versiyada hazırlanıb. İlk versiya "Block I" adlanır, onlar elektrik mühərrikləri litium-polimer batareyalarla təchiz edilir, 15 kq kütləyə malikdir və havada 30 dəqiqə qala bilir. Maksimum uçuş yüksəkliyi 2800 metr, optimal yüksəkliyi 500 metr, fəaliyət radiusu 5 km, maksimal sürəti 72 km/saatdır. Hücum zamanı şığıma sürəti isə 120 km/saata çatır. Ölçüləri 600 mm x 600 mm x 430 mm olan aparatın qalxma kütləsi 7060 qramdır. KARGU kvadrokopteri -20 dərəcədən + 50 dərəcəyədək temperaturda çalışa bilir. Onun əməliyyata buraxılması üçün 1 dəqiqədən də az zaman tələb olunur.

KARGU "Block II" adlanan digər variantda uçuş müddəti qorunub, lakin üçüş kütləsi 5 kq-a qədər endirilib.

Şirkətin məlumatına görə, PUA 20-dən çox aparatla birgə "sürü" tərkibində fəaliyyət göstərə və uçuş proqramına uyğun olaraq hədəfə müstəqil hücum edə bilir. TSQ bu il Suriyada keçirdiyi hərbi əməliyyatlarda 29 ədəd KARGU "Block II" PUA-larını eyni zamanda sürü şəkilində tətbiq etməklə onların real imkanlarının şirkətin göstəricilərindən daha yüksək olduğunu sübut edib. TSQ-nin hazırda "Block II" versiyasının ən azı 500 ədədindən aktiv istifadə etdiyi ehtimal olunur.

Dron yerüstü idarəetmə stansiyasının operatoru tərəfindən idarə olunur. Operator dronları istənilən obyektlərə, o cümlədən hərəkətli obyektlərə yönəldə bilər. Bu PUA hədəfi məhv etməyibsə, sonradan təkrar istifadə üçün operatorun yanına qaytarıla bilir. Şirkət "sürü əməliyyatları” yolundakı uğurlarını inkişaf etdirir, operatorun yükünü azaltmaq üçün süni zəkanın inteqrasiya imkanlarını artırır, GPS siqnalı və rabitə kanalı olmadan aparatın idarə olunması istiqamətində ciddi addımlar atır.

STM şirkəti KARGU üçün kütləsi 1.3 kq olan piyada əleyhinə qəlpəli döyüş başlığı hazırlayıb. Eyni kütləyə malik termobarik və zirehdələn sursatlar isə bir neçə ay əvvəl təsnifatlandırmanın son mərhələsində olub. Bu baxımdan Azərbaycanın da bu sursatlara malik KARGU-ları əldə etməsi mümkündür.

STM şirkətinin Türkiyə ordusunun əməliyyat zamanı logistika ehtiyaclarının qarşılanmasında istifadə olunacaq və 1 saat havada qalma imkanına sahib olacaq yeni versiyalı KARGU PUA-sının hazırladığı barədə də məlumatlar mövcuddur. PUA-nın təyinatı ilə bərabər adının dəyişməsi də istisna edilmir. 50 kiloqram yük daşıma imkanına sahib olacaq PUA-ları silah, döyüş sursatı, tibbi avadanlıq kimi ehtiyacları çox qısa müddətdə təhlükəsizlik qüvvələrinə çatdıra biləcək.

İmkanları

Kvadrokopter tipli (VTOL konstruksiyalı) KARGU PUA-larının ilk versiyası 2017-ci ildən, ikinci versiyası isə bu ilin əvvəlindən etibarən Türkiyə Silahlı Qüvvələrinə ixrac edilir. Digər ixracatçılar haqqında rəsmi məlumat yoxdur. KARGU dünyada az sayda mövcud olan “zərbə tipli sürü PUA-ları” sinifinə aiddir. Onun texniki imkanları aşağıdakılardan ibarətdir:

- Gündüz və gecə aktiv əməliyyat;

- Minimal ziyanla müstəqil dəqiq zərbə;

- Koordinat və ya görüntü üzərində seçilən hədəfi izləmə və məhvetmə;

- Müxtəlif sursatlardan istifadə;

- Hərəkətdə olan hədəfə kilidlənmə;

- Yüksək naviqasiya və nəzarət alqoritmləri;

- Bir nəfər əsgər tərəfindən istifadə;

- Vəzifəni ləğvetmə və ya özünü məhvetmə;

- Təhlükəsiz geri qayıtmaq;

- Təkmilləşdirilən və orijinal radioelektron mühafizə;

- Tənzimlənən məsafədən hədəfi məhvetmə;

- Xüsusi milli proqram təminatı;

- Görüntü emalı əsaslı nəzarət tətbiqləri;

- Real zamanda obyektlərin aşkarlanması, tanınması, izlənməsi və təsnifatı;

- İstifadədən əvvvəl sursat yükləmə imkanı;

- 10 qat optik yaxınlaşdırma;

- İstifadəçi “dostu” olan yerüstü idarəetmə proqramına malikdir.

İstifadəsi və tətbiqi

Bu pilotsuz uçuş aparatları düşmənin şəxsi heyətini məhv etmək üçün qəlpəli, yüngül zirehli təhdidlərə qarşı kumulyativ, məhdud məkanda yerləşən hədəflərə qarşı isə termobarik döyüş başlıqları ilə təchiz edilə bilir. PUA həm sabit, həm də hərəkətli hədəfləri məhv etmək üçün istifadə edilir. Pilotsuz vasitənin yarımavtonom rejimdə fəaliyyət göstərməsi KARGU-nun hədəfləri müstəqil aşkar edərək məhv edə biləcəyini ehtimal etməyə əsas verir. Operator dron hücumunu ləğv edə və ya onu başqa bir hədəfə yönləndirə bilər.

PUA-ların sürü şəklində tətbiqi texnologiyası əvvəllər yalnız ABŞ və İsraildə mövcud idi, indi isə onun Türkiyədə və təbii ki, Azərbaycanda mövcudluğu şübhəsiz ki, qardaş ölkənin əldə etdiyi texnoloji səviyyənin göstəricisidir. Türkiyə PUA-larının Suriya, Liviya və Qarabağ ərazisində tətbiqi, Ankaranın bu sahədə dünyanın ən ciddi istehsalçısına çevrildiyini təsdiqləyir.

Azərbaycan Silahlı Qüvvələrinin onlarla zərbə tipli pilotsuz vasitəni eyni vaxtda tətbiq etməsi, qoşunların hücum effektivliyini xeyli artıracaq. Ordumuz KARGU tətbiqi ilə yüngül zirehli texnika karvanlarını, adi yük və ərazi maşınlarını, silah-sursat anbarlarını, RLS-lərin anten qurğularını, onların zirehsiz, yüngül zirehli şassilərini və bu kimi digər hədəfləri rahatlıqla məhv edə biləcək. Dron sürüsü ilə düşmənin hava hücumundan müdafiə sisteminin “basdırılmasına” və eyni anda çox sayda düşmən hədəflərinin daha təsirli məhv edilməsinə nail olmaq mümkündür.






Fikirlər