Sabiq rektorun "Bura lap Kəlbəcərin kolxoz klubuna oxşayır" atmacasına SƏRT REAKSİYA...

nurlana əliyeva rektor yeni maşın slavyan universiteti

Respublikamızda bütün sahələrdə olduğu kimi, təhsildə də islahatlar davam edir. Yüksək səviyyəli kadr hazırlığında Ali məktəblərin üzərinə böyük məsuliyyət və yük düşür. Təhsil ailədən, məktəbəqədər təhsil müəssisələrindən, orta məktəblərdən başlasa da etiraf edək ki, gənc nəslin formalaşmasında və uğurlu vətəndaş kimi yetişməsində əsas ağırlıq məhz ali təhsil ocaqlarının üzərinə düşür. Amma gəlin razılaşaq ki, bir çox universitetlərimiz bu müqəddəs yükü daşıya bilmir və sonda uduzan həm təhsil ictimaiyyəti olur, həm bütövlükdə məmləkət. Ona görə də mövzunun aktuallığını nəzərə alaraq bu ümummilli problemlə bağlı bir neçə tanınmış ziyalının fikrini öyrənmək qərarına gəlmişik.
 
İlk olaraq sabiq millət vəkili, əməkdar jurnalist Əlövsət Ağalarovun fikirlərini öyrənmişik:
"Araşdırmanızı və ziyalıların təhsildəki islahatlarla bağlı münasibətini öyrənməyi məqbul sayıram. Çünki təhsil elə bir sahədir ki, cəmiyyətin bütün üzvlərini əhatə edir. Hamımız bu sahədən keçmişik və övladlarımız, nəvə-nəticələrimiz də bu yoldan keçib gələcək həyatlarını quracaqlar. Ona görə də, heç kəs bu məsələyə biganə qalmamalıdır. Təbii ki, müstəqilliyini yaxın illərdə əldə etmiş, deyərdim ki, gənc müstəqil Azərbaycandan cıçrayışlı inkişaf gözləmək sadəlövhlük olardı. Bu yol uzun təkamül yoludur. Şükürlər olsun ki, ölkəmiz bütün sahələrdə bu yolla inamla addımlayır. Yeni Təhsil naziri düşünürəm ki, bu istiqsmətdə düzgün yol tutub və qısa müddətdə bir çox uğurlar əldə edib. Onun sadə, təmiz, prinsipial rəhbər olduğu barədə dostlarımız kifayət qədər danışıblar. Əlbəttə, təhsil sistemində qüsurlar hələ də var və bunların aradan qaldırılmasına  bir neçə aya nail olmaq barədə düşünmək diletantların işidir. Baxın, Ali məktəblərin rəhbərləri dəyişdirilir. Prezidentimizin bu seçimləri cəmiyyət və ən əsası da o universitetlərin müəllim-tələbə kollektivi tərəfindən rəğbətlə qarşılanır. Mənim şəxsən tanıdığım bir neçə universitet rektorları məhz demək olar ki, Ali məktəb rəhbəri kriteriyalarına tam cavab verir. Məsələn, Ali məktəbin flaqmanı sayılan Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Univetsitetinin, Azərbaycan Tibb Universitetinin rektorları həqiqətən də, həm cəmiyyətdə, həm də rəhbərlik etdikləri təhsil müəssisələrində böyük hörmət qazanıblar. 
     
Əlbəttə, yuxarıda qeyd etdiyim kimi, bu müsbət fikirləri, təəssüf ki, hamı haqqında demək olmaz. Amma ümidsizliyə də qapılmamalıyıq. Dünənə qədər Bakı Slavyan Universitetinin rektoru ictimaiyyət arasında nüfuzunu itirmişdi. Ölkə başçısı belə hallara çox həssas yanaşır və haqlı olaraq o şəxsi bu yaxınlarda vəzifəsindən azad etdi. Təsəvvür edin, 20 Yanvarın ideoloq və icraçılarından olan Primakovun yubileyinimi, nəyinimi keçirir, rektor gələn kimi Universitetin fasadındakı milli ornamentli mozaikanı sökdürür. Bu günlərdə fikirlərinə etimad etdiyim və həmin olayın şahidi olan dostlar danışırlar ki, Nurlana Əliyeva vaxtilə rektor kimi ilk iclasını keçirdiyi zalda tribunadan dediyi sözlər bu olub: bu nə zaldı belə, bura lap Kəlbəcərin kolxoz klubuna oxşayır. Həqarətə baxın, rektor olan kəs ərazisi 30 il erməni işğalında olan rayonun kənd klubuna və Universitetin iclas zalına lağ edir! Halbuki ondan əvvəlki rektorun dövründə mən o zalda iki dəfə tədbirdə olmuşam. Müasir tələblərə cavab verən gözəl zal idi.  Belə adam gənc nəslə hansı bilik, hansı mədəniyyət aşılaya bilərdi?! Ümumiyyətlə, Moskvada Azərbaycan və yaxud Türk Dilləri Universiteti varmı? Dəqiq bilirəm ki, yoxdur. Onda bizdə niyə olmalıdır? Düşünürəm ki, 10 milyonluq Respublikamızda bir Dillər Universiteti olmalıdır, təklif edərdim ki, Slavyan Universiteti mövcud olan, təkcə respublikamızda yox, onun hüdudlarından da kənarda hörmət qazanmış, sayılıb-seçilən Azərbaycan Dillər Universitetinə birləşdirilsin. Çünki orada onsuz da əcnəbi dillər tədris olunur, təbii ki, slavyan dilləri də əcnəbi dillər ailəsinə aiddir. Ümidvar olduğumu bildirirəm ki, təhsilimizdən çox da bədgüman olmayaq. İnşallah, Ali Baş Komandanımız, Böyük Qələbənin memarı cənab Prezidentimizin qayğısı və göstərişi ilə azad olunmuş Şuşamızda Mədəniyyət və İncəsənət Universiteti, Kəlbəcərdə Dağ-Mədən Universiteti, Ağdamda Qarabağ Universiteti və s. yaradılacaq və bu da təsilimizin daha da inkişaf etməsinə öz töhfəsini verəcək". 






Fikirlər