Şəhid oğlundan SƏRT cavab: “Atamın üz qoyduğu torpağın zərrəsi də deyilsən”

Şəhid oğlundan sərt cavab: “Atamın üz qoyduğu torpağın zərrəsi də deyilsən”

Çingiz Abdullayev nə yazıb, özü bilər, bir də onu tərifləyib camaatın başına çıxaranlar bilər. Şəxsən mənim gözümdə zərrə qədər dəyəri yoxdur. İlk dəfə efirdən görəndən bəri bu adamdan xoşum gəlmir”.

“Yeni Sabah” xəbər verir ki, bunu şəhid övladı, Unikal.org saytının baş redaktoru Zaur Əhməd sosial şəbəkədə yazıb. O, Ç. Abdullayevin “Birinci Qarabağ müharibəsi olmayıb. Müharibə bir dəfə olub, o da indi 44 günlük müharibədir, vəssəlam” fikrinə sərt cavab verib:

“İndi yaşı ağsaqqal olan bu adama bir neçə sualım var. 

Birinci Qarabağ Müharibəsi olmayıbsa, o zaman 20 minə yaxın şəhidi harda vermişik? 5 mindən çox qazi necə, harda yaralanıb? 3 mindən çox itkinimiz harda itib, necə itib? 10 minlərlə uşaq necə, niyə yetim qalıb? Minlərlə qadın nəyin nəticəsində başsız, kimsəsiz qalıb? Bir milyon məcburi köçkün nəyin nəticəsində yaranıb?

Bəli. Bu adam üçün Birinci Qarabağ Müharibəsi olmayıb. Birinci Qarabağ müharibəsi zamanı ailəsini, uşağını Allahın ümidinə qoyub vətən uğrunda savaşa gedəndə Atamın 33-34 yaşı var idi. Həmin dövrdə Çingiz Abdullayevin də 34 yaşı var idi. Atamla belə bir adamı müqayisə eləməyim düz deyil, çünki o atamın üz qoyduğu torpağın zərrəsi ola bilməz. Bu adam Birinci Qarabağ savaşında Yazıçılar İttifaqında katiblik edirdi, kabinetindən çölə çıxmırdı, indi durub deyir ki, birinci Qarabağ müharibəsi olmayıb. 

Kimsə deyə bilər ki, fikrini düzgün ifadə edə bilməyib, nə bilim, filan şey belə oldu. Belə adamlara haqq qazandıranlar olacaqsa, cəhənnəm olsun, dostluğumdan. 

Adamı dindən, imandan çıxarmayın. Çox şeyə susuruq, danışmırıq, bu qədər ədalətsizlik, haqsızlıq, ayrı-seçkilik olunur, abrımıza qısılırıq, bir söz demirik. Day bu o demək deyil ki, müqəddəsimizə toxunmaq cəsarətini özünüzdə tapmalısınız. Çingiz və onun kimi kimlərsə müqqəddəsimizə toxunarsa, od olub özümüzü də, sizi də yandırarıq”.






Fikirlər