Səfər Əbiyevin oğlu iş adamını məhkəməyə verdi - 200 minlik İDDİA...
Keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlu Ruslan Əbiyevə məxsus "Erebus" şirkəti tikinti sektorunda fəaliyyət göstərən "Royal Holding"ə qarşı məhkəmə iddiası qaldırıb. "Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, Əbiyevin şirkəti "Royal Companies Corporation"u aralarında bağlanmış müqavilənin tələblərinə riayət etməməkdə günahlandırır. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılır. Əbiyevin şirkəti qarşı tərəflə bağlanmış icarə müqaviləsinin ləğvini tələb edir. İddiada bildirilib ki, "Royal Companies"ə icarəyə verilmiş qeyri-yaşayış sahəsi boşaldılıb təhvil verilməlidir. Bundan başqa, "Erebus" şirkəti 2019-2022-ci illər üzrə yığılmış 198 min 240 manat icarə haqqını da tələb edir. Xatırladaq ki, 1995-2013-cü illərdə müdafiə naziri olmuş Səfər Əbiyevin böyük oğlu Ruslan Əbiyev "Erebus” MMC-ni 2004-cü ildə təsis edib. Şirkət yarananda onun 22 yaşı olub və şirkətin nizamnamə kapitalı 20 manatdır. Bundan başqa R.Əbiyev bir müddət öncə Türkiyədə də hotel və turizm sahəsində böyük biznesə sahib olması ilə gündəmə gəlib. Əbiyevin məhkəməyə verdiyi "Royal Companies Corporation" isə Azərbaycanda bir sıra hotel, istirahət mərkəzləri və aqrar komplekslərin tikinti layihələrinin icraçısıdır. Şirkətin baş direktoru hüquq elmləri namizədi, iş adamı Ramil Kərimlidir. O, 2020-ci ildə 32 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizəd olub.