Səfər Əbiyevin OĞLU Azərbaycanı TƏRK EDİR

Səfər Əbiyevin oğlu Azərbaycanı tərk edir

Sabiq müdafiə naziri Səfər Əbiyevin işdən çıxarılan oğlu Roman Əbiyev Azərbaycanı tərk edir.
Bu barədə musavat.com saytı məlumat yayıb. Saytın yazdığına görə, keçmiş nazirin oğlu Çexiyaya köçəcək. Vəzifəsindən öz xahişi ilə çıxması da xaricə köçməsi ilə əlaqədardır. 
Qeyd edək ki, Səfər Əbiyev vəzifəsindən çıxarılandan 2 il sonra onun Çexiya vətəndaşlığı alması xəbəri yayılmışdı. Bildirilirdi ki, sabiq nazirin ikili vətəndaşlığı var, o, Azərbaycanla bərabər Çexiya vətəndaşlığı da alıb. Həmin günlərdə Çexiyada yaşayan azərbaycanlı Zamiq Məmmədli də feysbuk səhifəsində bu məlumatı paylaşıb və sabiq nazirlə bir ölkənin vətəndaşı olduqlarını qeyd edib. S.Əbiyevin istefaya göndərildiyi ilk günlərdə ölkəni birdəfəlik tərk etməsi haqda xəbərlər də yayılmışdı. Ancaq məlumatların heç biri təsdiqlənmədi və S.Əbiyev tərəfindən birmənalı təkzib olundu. Bununla belə, keçmiş nazir Çexiyada olması xəbərini də təkzib etməmişdi, sadəcə ölkədən həmişəlik getmədiyini açıqlamışdı.  
Xatırladaq ki, 1995-ci ildən Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində çalışan Səfər Əbiyev 22 oktyabr 2013-cü ildə prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.
Roman Əbiyevu isə 2011-ci ildə baş prokuror Zakir Qaralov Xəzər rayon prokuroru Fəxri Ələsgərovun köməkçisi vəzifəsinə təyin edib. Bundan əvvəl isə Roman Əbiyev Xəzər Rayon Prokurorluğunda müfəttiş olub. O, bir neçə gün əvvəl öz xahişi ilə tutduğu vəzifədən azad edilib.






Fikirlər