"Qala Sığorta" vətəndaşın pulunu ödəmir - NARAZILIQ!
Uzun müddətdir ki, avtomobilini sığorta etdirən vətəndaşların müxtəlif bədbəxt hadisələrdən sonra şəxsi əmlakını etibar edib sığortaladığı şirkətlərin yarıtmaz fəaliyyəti səbəbindən yaranan narazılığı artmaqdadır. İstər qiymətləndirmənin aparılması, nəticənin təqdim olunma müddəti, hətta bunlar bir yana, qanunları bir kənara qoyub, öz istəklərinə uyğun həyata keçirdikləri qiymətləndirmədən sonra təyin olunan kompensasiyanın miqdarı da müştəriləri narazı salan səbəblərdəndir. İş o yerə çatır ki, onsuz da həm maddi, həm də mənəvi zərər görən vətəndaşlar sığorta şirkətləri ilə məhkəmə arasında get-gəldə qalırlar.
Sığorta bazarında apardığımız müşahidələrə görə, bu sahədə etirazlar o qədər çoxdur ki, hər keçən gün daha da artır, vətəndaşlar problemlərinə çözüm yolu axtarır, etiraz edir. Ancaq nə fayda… Bir şirkət haqqında ictimaiyyətə təqdim olunan neqativ rəy onlar üçün bunu aradan qaldırmağa dəstək olmalı olduğu halda, əksinə, vətəndaş daha da sıxışdırılır, problem gördükləri iş kimi də ortada qalır. Elə bu sadalanan hadisələrlə rastalaşan vətəndaşlardan birinin haqlı və yerində etirazını təqdim edirik:
“Avtomobilimlə düşdüyüm qəzanın üzərindən 12 gün keçməsinə baxmayaraq, “Qala” sığorta (Kasko) hələ də ziyanı hesablayıb bir tərəfə çıxa bilməyib. Bu gün, sabah deyə-deyə günü yola verirlər. Axı bu nə çətin işdir, hər şey göz önündədir, niyə insanları bu qədər incidirsiniz ki? Vətəndaş sığortadan ona görə istifadə edir ki, işi asan olsun, əksinə, bunlar insanlara sözün əsl mənasında zülm edirlər. Ki, öz istəklərini, maddi maraqlarını yeritsinlər. Sığorta etdirmədiyi üçün sürücünü necə ki, cərimələyirsiniz, elə bu sığortaçılarla da ciddi davranın. Hələ bundan sonrakı həngamələri, insana deyən mənəvi ziyanı, vaxt itkisini, saatlarla telefon danışığını, rastlaşdığım digər biabırçılıqları demirəm. Vətəndaşlara qəzadan sonra nələr yaşadırlar bir bilsəniz, vay o günə ki, sadə vətəndaş olasan… Sözün əsl mənasında bu sistem biabırçılıqdır”.
Şikayətçinin də qeyd etdiyi kimi, avtomobilini bir gün gec sığorta etdirən vətəndaş cərimə olunur. Olunmalıdırmı? Bəli, qanunvericilik bunu tələb edir. Amma nədənsə qanunları əlində rəhbər tutan şirkətlər pullarını alıb ciblərinə qoyduqdan sonra heç bir qanun onlar üçün maraqlı olmur. “Pulumu ver, bundan sonra nə baş versə, özümüz bilərik” prinsipi ilə hərəkət edən sığorta şirkətlərinin fəaliyyətsizliyi ucbatından vətəndaşlar əziyyət çəkir. Hansı ki, o şəxslər arasında ailəsinin gündəlik ehtiyaclarını taksi sürücüsü kimi çalışaraq qazanan insanlar da var. Çörəyi avtomobilindən çıxanların qanunla müəyyən olunan hüquqlarına sığorta şirkətlərinin məhəl qoymaması və onların sahiblərinin öz “çörəyini onlardan çıxarması” özbaşınalıqdan başqa bir şey deyil. Prosesdə əziyyət çəkən zərərlə üzləşən vətəndaşdır. Zərər vuran şəxs də bu məsələdə maraqlı deyil və öz istədiyi kimi davranır.
Sığorta şirkətlərinin illərlə sərgilədiyi yarıtmaz və keyfiyyəti gördüyü işə bərabər fəaliyyətləri səbəbindən yaranan və yuxarıda da vətəndaşın qeyd etdiyi problemlər, mövcud narazılıqlar nə ilkdir, nə də yəqin ki, son olacaq. Buna son qoymaq sığorta bazarında təmsil olunan şirkətlərin öhdəliyindədir. Ancaq müştəriyə xidmətə hesablanan bu şirkətlər onu məmnun etməsi bir yana, narazılıq o həddə çatır ki, vətəndaş məcbur olub məhkəmələrə üz tutur. Nəticəsi isə qeyri-müəyyəndir.
Bəs nə edək ki, iş məhkəməyə qədər getməsin. Hazırda mövcud problem niyə və nə üçün həllini tapmır? Ümumiyyətlə, narazılıqlar fonunda həll yolları nələrdir?
Sığorta eksperti Pərviz Quliyev deyib ki, icbari sığortada ziyan dəyən tərəf sığorta şirkətinin dəymiş ziyana görə ona ödədiyi vəsaitin miqdarından şikayət edə bilər: “Həm icbari, həm də könüllü (Kasko) avtomobil sığortasının hər ikisində qəza baş verən zaman zərər var və qiymətləndirmə hər iki növdə aparılır. İcbari sığorta məsuliyyət sığortasıdır və qarşı tərəfə dəyən ziyanı ödəyir, könüllüdə şəxsin öz avtomobilinə dəyən ziyanın ödənilməsidir. İcbari sığortada məhduddur, qarşı tərəfə dəyən ziyanın miqdarı 5 min manata qədərdir. Zərərin dəyəri 5 min manatdan artıq olarsa, məsuliyyət kimindirsə, onun tərəfindən ödəniləcək. Ancaq könüllü sığortada siz günahkar olsanız da, avtomobilinizin dövlət sığortası olur və hadisə baş verən zaman qiymətləndirmə aparılır, ödəniş də ziyan olan qədər sığorta şirkəti tərəfindən ödənilməlidir. Burada hər iki sığorta növündə qiymətləndirmədə şikayət ola bilər. Yəni birinci halda icbari sığorta növünü götürsək, ziyan dəyən tərəf şirkətin dəymiş ziyana görə ona ödədiyi vəsaitin miqdarından şikayət edə bilər”.
Ekspert hesab edir ki, sığorta müştəri yönümlü bir fəaliyyət olduğu üçün sığorta bazarında olan şirkətlərin qiymətləndirməni qeyri-obyektiv aparmaq, dəymiş ziyana görə az miqdar təyin etmək, o vəsaiti özləri mənimsəmək kimi bir maraqları olmamalıdır: “Əgər müştəri incidiləcəksə, o, şirkətdən şikayət edəcək. Düzdür, neqativ hallar var. 10-15 il əvvəl problemlər daha çox idi. Hazırda mövcud şirkətlərin hamısı lisenziyalı hüquqi şirkətlərdir, buna görə də onlar rəqabət mühitində işləyirlər və bu kimi neqativ hallara yol verilməsinin tərəfdarı deyillər. Amma bu hal baş verirsə, ilk növbədə müştəri öz hüququnu bilməlidir”.
Pərviz Quliyev sığorta hadisələri zamanı müştərin şikayət etməli olduğu mərhələləri sadalayıb: “Əgər müştəri hesab edirsə ki, qiymətləndirmə zamanı sığorta şirkəti ona qarşı ədalətsizlik edib və az məbləğ təyin edib, əslində isə zərər çoxdur, bu zaman şikayət etməlidir. Bu, ilk növbədə sığorta şirkətinin özünə olmalıdır. Əgər şirkət və onun rəhbərliyi buna baxmayacaqsa, bu zaman sığorta bazarının fəaliyyətinə nəzarət edən orqanlara, Mərkəzi Banka məktub ünvanlamalıdır. Müştəri bilməlidir ki, bu, onun hüququdur. Mərkəzi Bank bu müraciətə baxacaq və həqiqətən də əgər sığorta şirkəti ədalətsiz mövqedən çıxış edibsə, ilkin baxışda onların ədalətsiz qiymətləndirmə apardığı müəyyənləşəcəksə, Mərkəzi Bank bunu özü tənzimləyəcək. Əgər Mərkəzi Bank araşdırmadan sonra hesab etsə ki, sığorta şirkəti düzgün mövqedən çıxış edir və qiymətləndirmə də ədalətlidir, ancaq yenə də müştəri narazıdırsa, o zaman müstəqil ekspertlər məsələyə baxmalıdır. Mərkəzi Bankda qeydə alınmış lisenziyalı müstəqil ekspertlərin reyestri var, onların çıxartdığı rəy də məhkəmədə keçərlidir. Yəni siz artıq həmin müstəqil ekspertin rəyi əsasında sığorta şirkətindən şikayət etsəniz, məhkəmə sizin lehinizə həmin rəyi əsas götürəcək. Bu, həm icbari, həm də könüllü sığortada keçərlidir. Hər ikisində qiymətləndirmədən narazılıq olarsa, bunun həlli prosesi bundan ibarətdir”.
Ekspert qeyd edib ki, avtomobil sığortasında qiymətləndirmə müddəti 21 iş günü nəzərdə tutulub. Bu müddət ərzində heç bir problem yoxdursa, 21 gün ərzində proses tənzimlənməlidir və qiymətləndirmə başa çatdırılmalıdır: “Müxtəlif səbəblərdən ödəniş gecikdirilə bilər. Məsələn, avtomobil servisə gedə bilər və təmir hansısa səbəblərdən gecikə bilər. Ancaq dəymiş ziyanla bağlı qiymətləndirmə qərarı 21 iş günü ərzində verilməlidir və proses bunun əsasında tənzimlənməlidir. Lakin ağır xəsarət, ölüm halları olan zaman məhkəmənin qərarı olacaq ki, yalnız bu halda proses uzana bilər. Qərar uzandıqca isə vəsaitin ödənişi də uzanır. Ancaq standart haldırsa, ciddi xəsarət və ölüm halı yoxdursa və yalnız avtomobilə zərər dəyibsə, onun qiymətləndirilib başa çatdırılması 21 gün ərzində başa çatdırılmalıdır”.
Dünya təcrübəsi necədir?
Pərviz Quliyevin sözlərinə görə, ABŞ-da, Avropada, inkişaf etmiş dövlətlərdə sığorta bazarının həcmi daha böyükdür və orada da bəzi proseslər avtomatlaşdırılıb: “Məsələn, Türkiyədə avtomobillə bağlı sığorta hadisəsi baş veribsə, sığorta şirkətinə müraciət etdiyiniz gündən etibarən sizin avtomobilinizlə bağlı qiymətləndirmə, təmir və digər proseslər nəzarətə götürülür, avtomatlaşdırılmış şəkildə adınıza kabinet açılır, oraya daxil olub avtomobilinizin təmirinin hansı mərhələdə olması, qiymətləndirmə prosesi, hansı iş bitib, ehtiyat hissələrinin alınması və s. baxa bilərsiniz. İnkişaf etmiş sığorta bazarının tələbi maksimum tez bir zamanda müştərini razı salmaq, işi bitirməkdir. Bütün bu işlər inkişaf etmiş ölkələrdə avtomatlaşdırılıb, xüsusi servis şirkətləri də çox çevik işləyirlər, prosesdə iştirak edən mütəxəssislər də öz işlərini kifayət qədər peşəkar görürlər. Onlara da maraqlıdır ki, proses tez bir zamanda çatsın. Çünki müştəri yönümlü şirkət olmaq işin əsas fəlsəfəsidir.
Sığorta üzrə mütəxəssis İlkin İbrahimov bildirib ki, icbari sığortalar haqqında qanuna görə, əgər avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortasıdırsa, o zaman sığorta şirkəti 3 iş günü müddətinə avtomobili qiymətləndirməlidir. Bu müddət ərzində avtomobil qiymətləndirilmirsə, vətəndaşın haqqı var ki, o, hər hansı zərər aktını qiymətləndirsin və sığorta şirkətinə təqdim etsin: “Bu məqamdan sonra şirkət təqdim olunan məbləğlə razı deyilsə, hər iki tərəf arasında mübahisə yaranır. “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” qanunda qeyd olunur ki, belə mübahisələrin həll olunması ilə bağlı müstəqil ekspertlər fəaliyyət həyata keçirir. Burada əgər hər iki tərəfin arasında mübahisə predmeti varsa, o zaman Mərkəzi Bankın saytında yaradılan sığorta vasitələrinin müstəqil ekspertləri reyestrindən bir nəfər seçilə bilər. Adətən sığorta şirkətləri 3 nəfəri seçir və bildirir ki, biz siyahıda olan bu şəxsləri qəbul edirik. Əgər onların arasında ortaq razılıq varsa, o zaman bildirilir ki, bu şəxs qiymətləndirsin. Qiymətləndirdikdən sonra hər iki tərəfə və yaxud da bir tərəfə nəticə təqdim olunur. Bununla da hər iki tərəf prinsipcə razılaşır və proses yekunlaşır. Əgər burada tərəflərdən biri və ya hər ikisi başqa-başqa ekspert seçirsə, o zaman müstəqil ekspertə müraciət baş tutmamış sayılır və proses növbəti mərhələ olan məhkəmə mərhələsinə keçə bilir. Məhkəmə də uzun müddət çəkdiyi üçün adətən bu məsələlərdə müstəqil ekspertlər daha yaxşıdır. Vətəndaş məhkəmədən öncə müstəqil ekspertlərə müraciət etməlidir. Bunun nəticəsini mütləq görəcəklər. Özlərinə inanırlarsa ki, burada ödənilməli olan məbləğ daha çoxdur, o zaman müstəqil ekspertlərə müraciət etsinlər”.
Mütəxəssisin sözlərinə görə, qiymətləndirmədən sonra ödəniş könüllü şəkildə olur: “Qanunvericilikdə yoxdur ki, hansı tərəf verəcək. Adətən sığorta şirkəti də ödəyir və ya bildirir ki, bununla bağlı siz narazısınız və qarşı tərəf, yəni avtomobilini təqdim edən şəxs ödəsin”.
İlkin İbrahimov qeyd edib ki, qanunvericilikdə sənədlərin toplanıb yekunlaşdıqdan sonra 7 iş günü müddətinə sığorta şirkəti vətəndaşa və ya hüquqi şəxsə ya imtina verməlidir, yəni bununla bağlı hansısa sənəd təqdim olunmalıdır ki, imtina edirik və ya araşdırma gedir, ya da sığorta ödənişini təqdim edəcəkləri bildirilir: “Bu proses o zaman baş verir ki, bütün sənədləri toplanır, məsələn DYP-dən alınan forma-4 təqdim olunur və orada hər şey əks olunur. Bundan sonra proses yekunlaşır və sığorta şirkətinin qeyd etdiyi 7 gün məsələsi gündəmə gəlir”.
Sığorta hadisəsi ilə üzləşən avtomobil idarə etmək üçün yararsız olarsa, onu servisə aparmaq xərcləri gündəmə gəlir ki, bu da mübahisəli məsələlərdəndir. Bəs bu zaman avtomobilin daşınma haqqını hansı tərəf ödəməlidir?
İ.İbrahimovun sözlərinə görə, bu zaman evakuatorun avtomobili servisə aparmaq xərci sığorta şirkəti tərəfindən ödənilir. Ancaq servisdən çıxarmaq xərcləri vətəndaşın özü tərəfindən qarşılanmalıdır: “Sığorta şirkəti 3 gün ərzində bildirir ki, ya bizim servis məntəqəmizə yerləşdirin, ya da əgər avtomobil idarə olunan vəziyyətdədirsə, servis məntəqəsinə sürücü aparır. Əgər avtomobil hərəkət edə bilmirsə, servis xidməti haradadırsa, birbaşa sığorta şirkətinin vəzifəsidir ki, evakuatorun pulunu onlar ödəsin.
Çünki qiymətləndirmək üçün sığorta şirkəti ya nümayəndəsini ora göndərməlidir, ya da özünün servisi varsa, avtomobili evakuatorla özü gətirməlidir. Amma qaytarmaq məsələsi qanunvericilikdə yoxdur və sığorta şirkəti vətəndaşa deyir ki, özünüz gətirin. Şirkət evakuatora ödəniş edib avtomobili servisə gətirir və qiymət çıxarır, əgər qiymətləndirmənin nəticəsi ilə razıdırsa, servisdə təmir olunacaq, əgər qiymətlə razı deyilsə, vətəndaş o zaman evakuator xərcini özü qarşılayıb avtomobilini servisdən çıxarmalıdır. Amma bu, qanunla təmizlənməyib və hər bir halda mübahisə predmetidir. Əgər həmin servisdə təmir olunmayacaqsa və vətəndaş pulunu götürməkdə israrlıdırsa, bu zaman vətəndaş avtomobilin kənarlaşdırılması xərcini özü qarşılamalıdır”.
Sığorta haqları artırılsa, kompensasiyaların miqdarı da artar – Təklif
Ekspert sığorta hadisələri ilə bağlı dünya təcrübəsindən də danışıb. O bildirib ki, Azərbaycanda sığorta haqları çox aşağıdır və uzun illərdir ki, bu məbləğ dəyişməz olaraq qalır.
İlkin İbrahimov hesab edir ki, əgər sığorta haqları artırılarsa, kompensasiyaların miqdarı da artar və bu kimi problemlər yaranmaz: “İnkişaf etmiş ölkələrdə sığorta hadisəsi baş verən zaman şirkət nümayəndələri hadisə yerinə gəlir, fotoları çəkir və qiymətləndirmə aparır. Ölkəmizdə olan praktika odur ki, vətəndaşlar adətən avtomobillərinin sığorta şirkəti tərəfindən təmir olunmasının tərəfdarı deyillər və qarşılığında pul tələb edirlər. Azərbaycan təcrübəsi bundan ibarətdir. Xarici ölkələrdəki təcrübə göstərir ki, avtomobili servisə gətirmək və təmir etmək daha uyğundur və sığorta şirkəti avtomobili əvvəlki vəziyyətinə gətirməyi öhdəsinə götürür. Burdan da aydın olur ki, avtomobilin təkcə təmiri nəzərdə tutulur. Azərbaycanda isə reallıq ondan ibarətdir ki, sığorta şirkətlərinin təklif etdiyi servislər mübahisəli olur. Vətəndaş ora maşınını aparan zaman aylarla qalır, detallar daha gec gəlir, bir sıra qüsurlar olur və usta seçimində mübahisələr yaranır. Ona görə də sığorta şirkətinin dediyi yerdə təmir etdirmək məsələsində mübahisə ortaya çıxır.
Ölkəmizdəki sığorta ənənəsi xarici ölkələrdən tamamilə fərqlidir. Bizdə pul almağa üstünlük verirlər, xaricdə isə təmirə. Təklifim ondan ibarətdir ki, sığorta şirkətləri ilk növbədə servisləri yaxşı etməlidirlər ki, vətəndaşlar ora gedən zaman keyfiyyəti görsünlər və avtomobillərini orada təmir etdirsinlər. Reallıq da ondan ibarətdir ki, hazırda sığorta haqları və sığorta kompensasiyaları adekvat deyil ki, sığorta şirkətləri avtomobili götürüb onların istədiyi kimi təmir etsin. Bu da ondan ibarətdir ki, 2011-ci ildən bəri ölkədə sığorta haqları dəyişmir. Məbləğ dəyişmədiyi üçün sığorta kompensasiyalarının miqdarı da dəyişmir. Buna görə də hər iki tərəf həmin məbləğə uyğun addım atmağa çalışır. Düşünürəm ki, sığorta haqları qalxmalıdır. Eyni zamanda sığorta kompensasiyaları da artmalıdır. Tək burada sığorta haqları qalxmır, həmçinin kompensasiyalar da artır. Məsələn, indi avtomobilin sığortalanması 50 manatdırsa, bu, 100 manata qalxa bilər ki, təminat da 5 min manatdan 10 min manata qədər artacaq. Bu, hər iki tərəf üçün daha sərfəlidir”.
Hüquqları pozulan vətəndaşlar hansı addımı atmalıdır? Hüquqşünas Əkrəm Həsənov hesab edir ki,bu məsələdə vətəndaşın iki yolu var: ya Mərkəzi Banka şikayət etməlidir, ya da məhkəməyə müraciət etməlidir: “Sığorta şirkətinin öhdəliyindən yayınması ilə bağlı əvvəlcə Mərkəzi Banka müraciət edilsə, daha yaxşı olar. Çünki məhkəmə çox uzun və xərcli prosesdir. Problem ondadır ki, Azərbaycanda çox təəssüf ki, yalnız kommersiya sığorta şirkətləri və sığorta növü mövcuddur. Təəssüf edirəm ki, ölkəmizdə müştərək sığorta növü yoxdur. İnkişaf etmiş ölkələrdə sığortanın təkcə bir növü deyil, həmçinin müştərək sığorta da var”.
Müştərək sığorta modeli nədir və digərlərindən nə ilə fərqlənir?
Əkrəm Həsənov təklif edir ki, Azərbaycanda müştərək sığorta modeli tətbiq olunsun və bu, kommersiya sığortasından bir çox xüsusiyyətinə görə fərqlənir: “Kommersiyada siz avtomobilinizi sığorta şirkətinə illik müəyyən haqq verməklə sığortalayırsınız. İl ərzində hər hansısa sığorta hadisəsi baş verməsə, sizin pulunuz sığorta şirkətinin sahibinin cibinə gedir. Bu da ona səbəb olur ki, sığorta şirkətləri sığorta hadisəsini tanıyıb vəsaiti ödəməkdən yayınır. Çünki gəlirindən olur. Ona görə də bütün bu cür neqativ hallar yaranır. Mərkəzi Bank bu proseslərə düzgün nəzarət etsəydi, bu cür olmazdı”.
Hüquqşünas müştərək sığorta növünün müsbət və mənfi xüsusiyyətlərinə diqqət çəkib:
Üstün tərəfi: Müştərək sığorta isə odur ki, hansısa sığorta şirkəti elan edir ki, biz müştərək sığorta şirkətiyik, bir neçə sığorta növlərinin məhsullarının təklif edirik, o cümlədən də avtomobil sığortası. Vətəndaşlar da müəyyən haqq ödəməklə avtomobillərini müştərək sığorta şirkətində sığortalayırlar. Orada müəyyən fond yaradılır, ödədiyimiz vəsait ora yerləşdirilir və əvvəlcədən də sığorta şirkəti elan edir ki, məsələn, qoyulan pulun 10-15 faizi şirkətindir, qalanı isə sığorta hadisələrinə xərclənəcək. Əgər bir il ərzində 1000 vətəndaşın hər biri 100 manat ödəniş etsə, fondda 100 000 manat toplanır. Sığorta şirkəti isə həmin məbləğin 15 faizini, yəni 15 min manatını xidmət haqqı kimi özünə götürür. Fondda isə 85 min manat pul alır. Əgər həmin 1000 vətəndaşın avtomobilində hansısa sığorta hadisə baş verərsə, şirkət fondda qalan həmin məbləği onlara xərcləməlidir. Ancaq sonda qalan vəsait il ərzində sığorta hadisəsi baş verməyən vətəndaşlar arasında bölüşdürülür. Yəni ödədiyimiz məbləğ bizə qaytarılır. Belə olan halda şirkətin sığorta hadisəsini tanımayıb vəsaiti ödəməmək kimi marağı yoxdur. Çünki fondda pul qalsa belə, bu, şirkətə çatmayacaq, vətəndaşa geri qaytarılacaq. Üstün cəhəti bundan ibarətdir.
Neqativ tərəfi, əgər sığorta hadisələrinin sayı çox olarsa, şirkət bildirə bilər ki, burada risk var. Ancaq bu riksin həyatda baş vermə ehtimalı çox aşağıdır. Yəni böyük ehtimalla belə bir şey olmayacaq və fondda da pul qalacaq. Təəssüf ki, Azərbaycan qanunvericiliyində sığortanın bu növü yoxdur. Bu sığorta növü olarsa, problemlər də öz həllini tapar”.
Bəs taksi sürücülərinin idarə etdiyi şəxsi avtomobilləri qəzaya uğrayarsa və bu proses uzanarsa, o zaman məsələ necə tənzimlənməlidir?
Beynəlxalq hüquq üzrə mütəxəssis Fərhad Mehdiyevin sözlərinə görə, icbari sığorta qazancdan məhrum qalmanı əhatə etmir. Lakin zərər çəkən qarşı tərəfi məhkəməyə verərək haqqını tələb edə bilər: “Bu cür prosesdə taksi sürücüsü zərər vuran şəxsə qarşı məhkəmədə iddia qaldırmalıdır. Bildirməlidir ki, sənin səbəb olduğun qəzaya görə bu qədər gün avtomobil idarə edə və qazanc əldə edə bilməmişəm. Buna görə də vətəndaş məhkəmədə zərər vuran şəxslə bağlı maddi tələb irəli sürə bilər.
Bir məsələ də var ki, əgər vətəndaş yeni avtomobil alırsa və onda cızıq və ya digər hər hansısa qüsur varsa, o zaman şəxsin hüququ var ki, avtomobili dəyişdirsin. Ancaq sığorta şirkətləri onu təmir etdirirlər. Yeni ilə ehtiyat hissəsi dəyişdirilmiş avtomobil arasında böyük fərq var. Mən bu cür hadisə ilə qarşılaşmışam, məhkəməyə vermişəm və udmuşam, pulumu almışam”.
Xatırlatmaq yerinə düşər ki, 2014-cü ildə təsdiq olunan “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası qanununun “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 19.6-cı bəndində qeyd olunur ki, sığortaçı sığorta hadisəsinin baş verməsi barədə bu Qaydalarda nəzərdə tutulmuş şəkildə məlumatlandırıldıqdan 5 iş günü müddətində onun nümayəndəsi sığortalanmış avtomobilə və ya zərərçəkən üçüncü şəxsin əmlakına dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş real zərərin məbləğinin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına başlaya bilər.
Sözügedən qanunun 22-ci maddəsinə əsasən – Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti bu Qaydaların 20.1-ci bəndində göstərilən sənədlərdən sonuncunun sığortaçıya təqdim edildiyi tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini faydalanan şəxsə onun istəyinə uyğun olaraq nağd və ya bank hesabına köçürmə yolu ilə ödəməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün görülən tədbir barədə sığortalıya yazılı məlumat verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
Sığorta ödənişinin gecikdirilməsinin nəticəsi isə qanunun 24-cü bəndində öz əksini tapıb. Sığortaçı sığorta ödənişini bu Qaydalarla müəyyən olunmuş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
Qanuna görə, sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll olunur. 26.2-ci bəndə əsasən, sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda mübahisələr məhkəmə qaydasında həll edilir. 26.3-cü bənddə vurğulanır ki, sığorta müqaviləsi üzrə hüquqlarının sığortaçı tərəfindən pozulduğunu hesab edən sığortalı, sığorta olunan və ya faydalanan şəxs sığorta nəzarəti orqanına (Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə) şikayət ərizəsi ilə müraciət edə bilər. //publika.az//