Nazir Anar Kərimov qabaq qapıdan girib, arxa qapıdan qaçdı - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə əlaqədar müvafiq addımlar atılır.

Şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Anar Kərimov iyunun 16-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli və Xocavənd rayonlarının sakinləri ilə görüşüb. Əlbəttə, əgər buna görüş demək olarsa!..
Nazirlik özü “görüş” haqda məlumatı KİV-ə belə təqdim edib:
“Qəbuldan əvvəl mədəniyyət naziri Anar Kərimov və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Nazir Anar Kərimov 2012-ci ildə rəsmi açılışı olan Beyləqan rayon Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, Ulu Öndərin həyatının və dövlətçilik fəaliyyətinin fərqli dövrlərini əks etdirən materiallar, şəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən müxtəlif illərdə Beyləqana səfərləri ilə bağlı fotolara baxış keçirib. Nazirə məlumat verilib ki, Ümummilli Liderin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan mərkəzdə rəsm studiyası, internet otağı, xarici dil kursu, həmçinin akt, konfrans və ekspozisiya zalları mövcuddur…”
Bura qədər hər şey Nazirliyin yaydığı məlumatda olduğu kimi baş verib. Amma sonra…
“Daha sonra rayondakı Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan sakinlərin müraciətləri əsasən işlə təmin olunma, kitabxana sahəsində fəaliyyətin təkmilləşdirilməsi, kitab nəşrinə köməklik göstərilməsi, iş yerinin dəyişdirilməsi və digər məsələləri əhatə edib. Anar Kərimov vətəndaşların ayrı-ayrı məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib”. Bura qədər nazirliyin yaydığı rəsmi məlumatlardı.Amma və lakin…
RealMedia.az xəbər verir ki, nazirin qəbuluda saytımızın baş redaktoru, jurnalist Ramin Məhəmmədoğlu da iştirak edib. “Qəbul” prosesini əvvəldən axıra qədər izləyən jurnalist deyir ki, əslində nazirin qəbul etdiyi şəxslər əsas etibarilə təşkilstçı qismində olan Kürdəmir Regional Mədəniyyət İdarəsinin bölgələrdəki nümayəndələri və öz vəziyyətlərindən razı mədəniyyət işçiləri idilər:

Ciddi problemi olan, dərdini söyləməyə gələn heç bir vətəndaşın nazirin qəbuluna düşməsinə şərait yaradılmadı, əksinə, bürokratik əngəl öz işini gördü. Hadisənin baş verdiyi məkanlardan hazırladığımız video-reportajdan da məlum olur ki, qəbula buraxılanlar yalnız nazirin yürütdüyü idarəçilik siyasətindən məmnun olan, ona şikayət deyil, minnətdarlıq ifadə edən şəxslərdir. Bununla belə, səhər saat 10-dan başlayan “qəbul”a günorta saat 2-yə qədər olsa-olsa, yalnız 10 nəfər düşə bilmişdi. Saat 2-də isə nazir demək olar ki, qəbulu yarımçıq qoyub Heydər Əliyev Mərkəzindən qaçır. Qeyd edək ki, jurnalist Ramin Məhəmmədoğlunun nazirlə görüşməkdə, mərhum sənətkar, Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü, sağlığında Azərbaycanın muğam və xalq mahnılarını özünün qeyri-adi səsi ilə dünyaya səs salan, təbliğ edən Qəndab Quliyevanın doğma yurdu, artıq işğaldan tam azad edilmiş Füzulidə yaradıcılıq gecəsinin keçirilməsi təklifini vermək arzusu olub. Lakin bu arzu onun ürəyində qalıb.

Bir neçə saatdan sonra isə “toqqasının altını bərkidən” Anar Kərimov Beyləqan Mədəniyyət Mərkəzində peyda oldu. Burada artıq naziri qanqaraldıcı şikayətçilər deyil, mədəniyyət işçilərinin, musiqi məktəblərinin uşaq səadətləri əlindən alınmış, əllərinə nazirə təqdim etmələri üçün qəbirstanlıq gülləri verilmiş şagirdlərinin iştirakı ilə düzənlənən şənlik gözləyirdi. Gerçək problemli vətəndaşların burada da nazirə yaxınlaşa biləcəyini nəzərə alan təşkilatçılar hər ehtimala qarşı Anar Kərimovu Mədəniyyət Mərkəzinin də ön deyil, arxa qapısından çıxardılar. İnanmağımız gəlmir ki, o qoçhaqovda Anar Kərimovun diqqətini əsl gerçəklik – Beyləqan Mədəniyyət Mərkəzinin arxa tərəfindəki uçuq-sökük divarlar, qırılmış pəncərələr çəkmiş olsun.

Çəkiliş aparmağımız təşkilatçıları, eləcə də nazirin yanında gələn köməkçisini çox narahat etmiş, hətta polisə göstəriş verilmişdi ki, peşə fəaliyyətimizə mane olsun. Buna baxmayaraq, bəzi vacib kadrları qeydə almağa müvəffəq olduq.
Xatırlatmağa dəyər ki, Anar Kərimov KİV əməkdaşları ilə ünsiyyətə meylli deyil, tədbirlərdə ona yaxınlaşan jurnalistlərin verdiyi sualları cavablamaq üçün hətta ayaq saxlamağa belə lüzum görmür, addımlaya-addımlaya ağızucu mücərrəd sözlər söyləməklə kifayətlənir. Görünür, o, qaçdıqovdu prinsipi ilə işləməkdən, qabaqdan girib arxadan çıxmaqdan indiyədək yalnız fayda görüb. Neylək, təki qoy mədəniyyətimiz də fayda görsün. Bu “görüşü” heçə sayaq, görək arxası necə olur. /RealMedia.az/






Fikirlər